Prezident: Özünümüdafiə etmə haqqı bütün dövlətlərə şamil edilməlidir, o cümlədən Azərbaycana
“Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Bəzi hallarda bir neçə saat ərzində icra edilir. Amma bizim məsələmizə gəldikdə, biz 27 il bu qərarların icrasını gözləyirdik və buna nail ola bilmədik”.
Bunu Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatlarla çıxışında deyib.
“Ona görə beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı dünya ictimaiyyəti öz təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür. Biz nəticə etibarı ilə görəndə ki, bütün bu səylər, o cümlədən aparılan danışıqlar səmərə vermir, biz güc amilindən istifadə etdik. Beynəlxalq hüquq bu imkanı bizə verirdi. BMT-nin Nizamnaməsi bu imkanı bizə verirdi. Özünümüdafiə etmə haqqı bütün dövlətlərə şamil edilməlidir, o cümlədən Azərbaycana. Və biz güc yolu ilə öz ərazi bütövlüyümüzü bərpa etdik, ədaləti bərpa etdik. Və artıq 2 ildir ki, Azərbaycan xalqı azad edilmiş torpaqlarda qurub yaradır, binaları bərpa edir, bütün o böyük ərazini – 10 min kvadrat kilometrdən böyük olan ərazini yenidən qurur”, - Azərbaycan dövlət başçısı qeyd edib.