Ermənistan baş naziri Nikol Paşinyanın 10 noyabr 2022-ci il tarixində hökumət iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidentinin Şuşada 8 noyabr tarixli çıxışını təhrif etmək və sanki Azərbaycanın öz öhdəliklərini yerinə yetirmədiyi təəssüratını yaratmaq cəhdi tamamilə əsassızdır və qəbuledilməzdir. Ermənistan rəhbərliyinin bu yanaşması iki dövlət arasında münasibətlərin normallaşması və bölgədə sülhün bərqərar edilməsi prosesinə növbəti zərbədir.
Bu barədə Xarici İşlər Nazirliyinin N.Paşinyanın 10 noyabr 2022-ci il tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində bildirilib.
Ermənistanın son 30 il ərzində Azərbaycana qarşı həyata keçirdiyi təcavüzünə, işğal siyasəti çərçivəsində yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının kobudcasına pozulmasına, insanlığa qarşı törədilmiş çoxsaylı cinayətlərə göz yuman baş nazir N.Paşinyanın Azərbaycanı beynəlxalq hüququ pozmaqda təqsirləndirməsi riyakarlığın son həddidir. Ermənistan baş nazirinin ölkəsinin bu illər ərzində törətdiyi beynəlxalq hüquq pozuntularını etiraf etmək əvəzinə bu cür əsassız ittihamlarla çıxış etməsi, hətta 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərin pozuntusunu müəyyən mənada etiraf etməsi Ermənistanın sülh prosesində səmimiliyini ciddi şübhə altına alır.
Baş nazir N.Paşinyana xatırladırıq ki, Azərbaycan 2020-ci il 44 günlük müharibədə BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə beynəlxalq tanınmış ərazilərini işğalçı qüvvələrdən azad edib və ərazi bütövlüyünü bərpa edib. Ermənistan isə, şəxsən baş nazir N.Paşinyan tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı, o cümlədən bəyanatın 4-cü, 6-cı və 9-cu bəndlərini hələ də yerinə yetirməkdən boyun qaçırır, beləliklə də beynəlxalq öhdəliklərini pozur.
Üçtərəfli bəyanata zidd olaraq hələ də Azərbaycan ərazilərindən tam çıxarılmayan və bölgə üçün təhdid törətməkdə davam edən erməni silahlı birləşmələrinin müxtəlif hərbi təxribatlarına Azərbaycanın verdiyi adekvat cavablar qanunidir.
Məhz Ermənistan tərəfi üçtərəfli bəyanatın 9-cu bəndi ilə üzərinə götürdüyü öhdəliyi pozaraq, Azərbaycanın qərb bölgələrinin Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalarının açılması prosesini yubadır; Azərbaycan isə öz növbəsində, yeni Laçın yolunu çəkməklə öz öhdəliyini dürüst şəkildə yerinə yetirir. Belə olduğu halda, Ermənistan baş nazirinin Azərbaycanın Laçın yolunu bağlamaq niyyətində olduğunu iddia etməsi bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsindən başqa bir şey deyildir.
Vurğulayırıq ki, üçtərəfli bəyanatla Azərbaycan Respublikası yalnız Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir, yolun hərbi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir. Ermənistan rəsmiləri tərəfindən də etiraf edildiyi kimi, erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən tam çıxarılmayıb, həmçinin 2021-ci ildə Ermənistanda istehsal edilən minalar Azərbaycan ərazisinə ötürülür. Bu isə o deməkdir ki, üçtərəfli bəyanatın 6-cı bəndinə zidd olaraq Ermənistan tərəfindən Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətlər üçün sui-istifadə halları davam edir.
Zəngəzur dəhlizi ilə bağlı Ermənistan baş nazirinin üçtərəfli bəyanatın məlum müddəasının tamamilə yalnış təfsirinə və əsassız iddialarına gəldikdə qeyd edirik ki, Zəngəzur dəhlizi dedikdə Azərbaycan və ölkəmizin Naxçıvan Muxtar Respubkikası arasında məhz tarixi əlaqənin bərpasından söhbət gedir və bu, sözügedən dəhlizin sülh və humanitar məqsədlər üçün istifadəsini nəzərdə tutur. Üçtərəfli bəyanata görə Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıcan arasında maneəsiz əlaqəni açmaq öhdəliyi var. Burada söhbət eynilə Laçın dəhlizində olduğu kimi yolun hərbi deyil, yalnız insanlar, yük və nəqliyyat üçün istifadəsindən gedir. Bu əlaqənin təmin olunmasının iqtisadi və kommunikasiya baxımından əhəmiyyəti ilə yanaşı, onun humanitar əhəmiyyəti, bölgədə ənənəvi coğrafi əlaqənin bərpa olunması, beləliklə də bölgədə dayanıqlı sülhün təmin olunması üçün əhəmiyyəti danılmazdır.
Azərbaycanı terror təşkilatlarının üsullarından istifadə etməkdə ittiham edən baş nazirin diqqətinə çatdırırıq ki, Ermənistan tərəfinin 30 illik işğal dövründə və sonrasında Azərbaycan xalqına qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər, o cümlədən misli görünməmiş etnik təmizləmə, urbisid və kultursid aktları indiyədək heç bir terror təşkilatının törətdiyi cinayətlərlə müqayisə oluna bilməz. Ermənistanın Azərbaycan əhalisinə, tarixi-mədəni irsinə, şəhər və kəndlərinə, infrastruktur və təbii ehtiyatlarına qarşı törətdiyi vəhşiliklər və dağıntılar barədə dəlillər sənədləşdirilib və beynəlxalq ictimaiyyətə və məhkəmələrə təqdim edilib.
Ermənistan silahlı qüvvələri tərəfindən hələ birinci Qarabağ müharibəsindən etibarən nəinki azərbaycanlı hərbçilərə, eləcə də mülki şəxslərə qarşı misli görünməmiş qırğınlar törədilib, bu günədək 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verilməyib. 2020-ci oktyabrında Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutaraq insanlıq əleyhinə cinayətlər törədilib.
Ermənistanın səbəbkarı olduğu mina təhlükəsi bu gün bölgədə insanların həyatına ciddi hədədir. 2020-ci ilin noyabrından bu günədək əksəriyyəti mülki şəxs olmaqla 268 nəfər mina qurbanı olub. Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması faktı isə Ermənistanın bir tərəfdən mina xəritələrini hələ də tam olaraq Azərbaycana verməyərək, digər tərəfdən yeni minalar basdırmaqla Azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirdiyinin sübutudur.
Ermənistan hökuməti törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bugünədək heç bir əməli tədbir görməyib.
Üçtərəfli bəyanatın müddəalarını yalnış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən, razılaşdırılmış bəyanatlarda hər hansı şəkildə qeyd olunmayan “Qarabağın statusu” məsələsini gündəmə gətirməyə çalışan Ermənistan baş nazirinə xatırladırıq ki, bununla bağlı mövqeyimiz Azərbaycan Prezidenti tərəfindən bir neçə dəfə, o cümlədən beynəlxalq platformalarda səsləndirilib: Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.
Özünü “demokratiya keşikçisi” kimi təqdim etməyə çalışan N.Paşinyana xatırladırıq ki, məhz Ermənistanda bu gün siyasi opponentlərə qarşı geniş repressiya həyata keçirilir və onların əksəriyyəti məhkum olunublar, tənqidi fikirlə çıxış edən 3-cü ölkə vətəndaşlarına isə ölkəyə giriş qadağası qoyulub.
Digər tərəfdən, Ermənistan baş nazirinin bu günədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırması sadəcə Azərbaycana deyil, beynəlxalq vasitəçilərə də yaxşı bəllidir.
Qeyd edilənlərlə yanaşı, Müstəqillik Bəyannaməsində və Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddialarının əks olunduğu Ermənistanın, qonşularının sərhədlərini tanımayan bir ölkənin baş nazirinin Azərbaycanı Türkiyə-Ermənistan normallaşma prosesinə maneçilik törətməkdə təqsirləndirməsi heç bir məntiqə sığmır.
Bir daha bəyan edirik ki, Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi niyyəti və sülh quruculuğu təşəbbüsləri qarşılığında Ermənistanın öz öhdəliklərinə zidd olaraq destruktiv fəaliyyəti davam etdirməsi bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə Ermənistanın əleyhinədir.
Azərbaycan öz növbəsində, bölgədə sülh və sabitliyin qurulmasına sadiqdir və beynəlxalq hüququn ona verdiyi əsasla bu istiqamətdə tədbirlərini davam etdirəcək.
2022-11-11 / 10:21