2021-ci ildə 3 min, 44 günlük Vətən müharibəsindən sonra isə 3500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin edilib.
Bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib və keçən il 3 min mənzilin bu kateqoriyalardan olan şəxslərə verilməsi proqramı icra olunub:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə ümumilikdə 12500-dən çox şəhid ailəsi və müharibə əlilinə mənzil və ya fərdi ev verilib. Dövlət başçısının 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir. Bu il artıq sosial cəhətdən həssas qruplardan olan ailələrə 500-dən çox mənzil verilib. Cari il ərzində ümumilikdə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub”.