Prezident İlham Əliyev Rusiyanın Baş nazirinin müavinini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında ticari-iqtisadi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyədə olduğunu qeyd edərək daha əvvəl əldə edilmiş razılıqların yerinə yetirilməsindən məmnunluğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinə toxunub və komissiyanın iclasında görülmüş işlərin nəzərdən keçiriləcəyinə, həmçinin ənənəvi əməkdaşlıq sahələrindən başqa potensial istiqamətlərin, o cümlədən ticarət və xidmətlərin həcminin daha da genişləndirilməsi məsələlərinin müzakirə ediləcəyinə, əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu bildirib.

Dövlət başçısı Aleksey Overçukun ölkəmizə səfəri zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyətinin və ilk növbədə, nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələlərinin müzakirə ediləcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev bununla əlaqədar dəmir yolunun Azərbaycan ərazisində artıq 60 kilometrlik hissəsinin tikildiyini və gələn il tikintinin tamamlanacağını bildirib. Avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlər qrafikə tam uyğun şəkildə aparılır. Əfsuslar olsun ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib. Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, Ermənistan tərəfindən bununla bağlı heç bir cavab gəlməyib.

Aleksey Overçuk Rusiya ilə Azərbaycan arasında bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini məmnunluqla xatırladıb. Qonaq Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin önəmini vurğulayıb.

Görüşdə ticari-iqtisadi, nəqliyyat, tranzit, logistika, maliyyə, bank, energetika, neft-qaz sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

2022-04-26 / 12:19
Facebook