Prezident: “Sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi tarixi faktdır”

 

“XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bu da tarixi faktdır”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır: “1921-ci ildə sovet hakimiyyəti tərəfindən bizə qarşı növbəti təxribat hazırlanırdı. Zəngəzur 1920-ci ilin noyabrında bizdən qoparıldı, bir il sonra Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəyirdi. Ancaq alınmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, il yarım keçəndən sonra –1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti. Bunun yaradılmasının heç bir əsası yox idi. O vaxt indiki Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə bəlkə də iki dəfə çox idi. Ancaq nədənsə bu muxtar vilayəti orada yox, burada yaradıblar. Bunu yaradıblar və eyni zamanda, qədim Azərbaycan şəhərini – Şuşanı da onun tərkibinə salıblar, bir məqsədlə ki, Şuşa erməniləşsin. Çünki Şuşa tək bir qala kimi qalmışdı və yaxşı bilirsiniz ki, Şuşaya bütün yollar ermənilərin məskunlaşdığı yerlərdən keçirdi, ərazilərdən keçirdi. Yəni, Şuşaya gəlmək üçün mütləq ermənilərin yaşadıqları kəndlərdən keçmək lazım idi. İndi biz Zəfər yolunu çəkmişik. Zəfər yolunu bizim əsgər, zabitlər ayaqla açdılar, o dağın, dərənin, meşənin içi ilə. Yəni, bu da təxribat idi. Yəni, Şuşanı bizdən qoparmaq üçün, erməniləşdirmək üçün Şuşanı da saldılar bu süni qurumun tərkibinə. Amma alınmadı, nə qədər çalışsalar da, alınmadı. Şuşa öz milli ruhunu o vaxt həmişə qoruyurdu və işğal dövründə ermənilər Şuşanı erməniləşdirə bilmədilər.
Ondan sonra 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, - bu da xalqımız üçün böyük faciə və böyük ədalətsizlik idi. Azərbaycanlılar öz tarixi torpaqlarından Azərbaycanın Mil-Muğan zonasına zorla köçürülmüşdür. O Azərbaycana qarşı bu edildi ki, İkinci Dünya müharibəsində 300 min Azərbaycan övladı müharibəyə getdi, qayıtmadı. O Azərbaycan ki, İkinci Dünya müharibəsində Sovet Ordusunun yanacağının 90 faizini verirdi. Əgər Azərbaycan olmasaydı, Azərbaycan nefti olmasaydı, Sovet İttifaqı müharibədə qələbə qazana bilməzdi və 3-4 il bundan sonra xalqımıza qarşı bu ədalətsizlik hansı mənəviyyata sığır?
Bu, tarixdir. Bu tarixi biz bilməliyik. Bu tarixi bilmədən 1980-1990-cı illərin tarixi yarımçıq qalacaq. Ondan sonra 1980-ci illərin sonlarında başlamış separatizm meyilləri faktiki olaraq Qarabağın böyük hissəsini Azərbaycandan qopardı. Hələ Sovet İttifaqı dövründə bunu etdilər. Xüsusi idarəetmə komitəsi yaradıldı və Moskvadan bir ermənipərəst adam təyin olundu. Ondan sonrakı tarix də bəllidir. Bax, bizim xalqımız iki əsr ərzində bütün bu iztirablardan keçib və nəhayət, öz sözünü deyib. Nəhayət, “dəmir yumruq”la düşmənin başını əzib, tarixi ədaləti və milli ləyaqəti bərpa edibdir. Ona görə, çox vacibdir ki, bu tarixi məqamlar daim diaspor təşkilatlarının gündəliyində olsun”, - dövlət başçısı vurğulayıb.
2022-04-22 / 14:27
Facebook