Prezident Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə tanış olub

 

Prezident İlham Əliyev Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə tanış oldu.

İşğal dövründə on minlərlə hektar əkinəyararlı torpaq sahələrinin suvarılmaması faktiki olaraq bu sahələrin təsərrüfat dövriyyəsindən çıxarılmasına səbəb olub.

Mövcud su anbarlarının qəsdən məhv edilməsi isə Ermənistanın Qarabağda aqrar sahədə dağıdıcı fəaliyyətinin nəticəsidir. Köndələnçay su anbarı buna bariz misaldır.

Ümumi sistemə daxil olan “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 9 su anbarı tikilir və ya təmir olunur. Qarabağın zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması bütövlükdə regionun iqtisadi inkişafını sürətləndirəcək.

İşğaldan azad olunan ərazilərin kənd təsərrüfatı sahəsində potensialı ölkə iqtisadiyyatı üçün mühüm drayverlərdən birinə çevriləcək. Su ehtiyatlarının düzgün idarə edilməsi və səmərəli istifadəsi isə Qarabağda aqrar sahənin inkişafına töhfə verəcək. Hazırda bərpası nəzərdə tutulan su anbarlarının istifadəyə verilməsi ilə bu məsələ həllini tapacaq.

İşğal dövründə Ermənistan məqsədli şəkildə su ehtiyatlarından təzyiq vasitəsi kimi istifadə edirdi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin strateji kursuna əsasən, bərpa prosesi zamanı sudan məqsədyönlü istifadə üçün infrastruktur imkanları təkmilləşdirilir. Bu, eyni zamanda, keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğun artırılması, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına hesablanıb.

2022-04-21 / 21:48
Facebook