İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra yaranmış regional kommunikasiya əlaqələrinin açılması imkanları Cənubi Qafqaz üçün yeni iqtisadi imkanlar yaradacaq.
Bu barədə Dünya Bankından bildirilib.
Qeyd olunub ki, Cənubi Qafqaz Asiya ilə Avropa arasında tarixi ticarət yollarının kəsişmə nöqtəsində yerləşir. Son bir neçə onillikdə Cənubi Qafqazdan keçən marşrut digər alternativ tranzit marşrutları qədər sərfəli olmayıb, lakin Orta Dəhliz adlandırılan layihəyə diqqətin artması ilə Cənubi Qafqazda nəqliyyat şəbəkələrinin inkişafı daha aktual və cəlbedici olur.
"İkinci Qarabağ müharibəsinin başa çatması ilə yeni nəqliyyat və regional iqtisadi əlaqələrin bərpa olunması imkanları xeyli genişlənib. Bunun, nəqliyyat və logistikanın səmərəliliyinin əhəmiyyətli dərəcədə artmasına, avtomobil nəqliyyatına alternativ olaraq dəmir yolu nəqliyyatının daha geniş yayılmasına, yük və sərnişin daşımalarının artırılması və istixana qazı emissiyalarının qarşısının alınması ilə yanaşı, həm də yüklərin idarə edilməsi və logistika kimi nəqliyyatla əlaqəli sektorlarda Cənubi Qafqaz üçün yeni iqtisadi imkanların yaranacağına səbəb olacağı gözlənilir", - bankdan bildirilib.
Vurğulanıb ki, Orta Dəhliz regional dövlətlərin və digər maraqlı tərəflərin səyləri nəticəsində əhəmiyyəti artan dinamik marşrut olmaqda davam edir.
"Multimodal nəqliyyat marşrutuna Mərkəzi Asiya və Cənubi Qafqazı Avropa və Çinlə birləşdirən limanlar, dəmir yolları və avtomobil yolları daxildir. Dəhlizin inkişafını təşviq etmək üçün onun xidmət göstərdiyi ölkələr 2017-ci ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutları Assosiasiyasını yaradıblar, infrastrukturun təkmilləşdirilməsi isə bu ticarət dəhlizinin iqtisadi səmərəliliyini artıraraq, əlaqəni yaxşılaşdırmağa və malların daşınmasını sadələşdirməyə davam edir", - bankdan əlavə ediblər.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (və ya Orta Dəhliz) Cənub-Şərqi Asiya və Çindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə keçir.