Moldova ukraynalı qaçqınlar üçün göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib.

 

Bu barədə Moldovanın Azərbaycandakı müvəqqəti işlər vəkili Nikolay Kojuhar bildirib.
“Bu gün bizim üçün əlamətdar gündür. Dost ölkə olan Azərbaycan bu çətin dövrdə Moldovaya kömək edir. Bir çox Ukrayna vətəndaşı Moldova ərazisindən istifadə etməklə digər ölkələrə keçsələr də, hazırda 100 minədək ukraynalı müvəqqəti olaraq Moldova ərazisində məskunlaşıb. Bu isə ölkə əhalisinin, təqribən, 4 %-ni təşkil edir, - müvəqqəti işlər vəkili əlavə edib.
O, yardıma görə Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib.
Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Ukraynadakı müharibə nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı qaçqınlara təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi və ilkin ehtiyacların qarşılanması üçün növbəti humanitar yardım partiyası göndərib.
2022-04-15 / 12:27
Facebook