Şəhid ailələrinə və müharibə əlillərinə verilən mənzillərin sayı açıqlandı
“Ötən il üç minədək mənzil məhz şəhid ailələri və müharibə əlillərinə təqdim olundu. Cari ilin birinci rübündə də 200 mənzil bu kateqoriyadan olan insanlara təqdim edildi. İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin təqdim olunması planlaşdırılıb. Bu çərçivədə yaxın dövrlərdə növbəti yaşayış kompleksinin açılışı planlaşdırılır ki, ondan sonra bu proses daha da sürətlənəcəkdir”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyib.
Nazir qeyd edib ki, son üç il ərzində Prezidentin fərman-sərəncamları ilə 6300 mənzil məhz bu kateqoriyadan olan insanlara təqdim olunub:
“Ümumilikdə müstəqillik dövrümüzdə bu rəqəm 12 min 500 mənzildir. Bunun 6300-ü məhz son üç ilin genişləndirilmiş proqramı çərçivəsində icra edilib ki, ilin sonunadək əlavə 1300 mənzilin də təqdim olunması, əlbəttə, bu kateqoriyadan olan insanlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün çox önəmlidir”.