Aprelin 12-də İDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş ağacəkmə aksiyasında iştirak edib.
Yenilənmiş həyət Xətai rayonu, Rahib Məmmədov küçəsi ev 24, 26 və Aşıq Ələsgər küçəsi 2 ünvanlarında 1300 nəfər sakinin yaşadığı 3 çoxmərtəbəli yaşayış binasını əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, qaz, su və istilik xəttləri yenidən qurulub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 500-ə yaxın müxtəlif cinsli ağaclar və kollar əkilib, 2500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.
Sözügedən layihə çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.