Kəmaləddin Heydərov gecə klubunda baş verən partlayışdan danışdı

 

11 aprel 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati binasında ölkənin kommunal təsərrüfatında, o cümlədən qaz təsərrüfatında mövcud vəziyyət, bununla əlaqədar yarana biləcək fövqəladə hallarla bağlı məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, müşavirədə Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov, FHN-in aidiyyəti strukturlarının rəhbərləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, energetika nazirinin müavini Kamal Abbasov, “Azərişıq” ASC-nin sədr müavini Qədir İsmayılov və “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov iştirak edib.

Tədbirdə çıxış edən nazir Kəmaləddin Heydərov müşavirənin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə keçirildiyini qeyd edib. O, hazırda ölkədə kommunal təsərrüfat, o cümlədən qaz təsərrüfatındakı mövcud vəziyyət barədə geniş məlumat verib. Nazir bu ilin aprel ayının 3-də Bakı şəhərində yerləşən “Location” gecə klubunda baş vermiş partlayış barədə danışaraq, ictimai-iaşə obyektlərinin, o cümlədən binaların zirzəmi və birinci mərtəbələrində yerləşən obyektlərin xüsusilə qaz təsərrüfatlarında aşkar edilən yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması hallarının acı faciələrə yol aça bildiyini, hər an potensial təhlükə mənbəyi olduğunu vurğulayıb. Nazir qeyd edib ki, FHN-in nəzarət qurumlarının sahibkarlıq subyektlərində yoxlama keçirməsi üçün hazırda mövcud olan prosedurdan sui-istifadə edən işbazlar bir sıra hallarda təhlükəsizlik qaydalarına laqeyd yanaşırlar. Belə ki, obyektdə nəzarət tədbiri həyata keçirən Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin inspektoru aşkar etdiyi çatışmazlıqlar, o cümlədən maye qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulma hallarını yerində aradan qaldırıb müvafiq sənədləşmə işlərini bitirərək obyekti tərk etdikdən sonra obyekt sahibi yenidən həmin qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulmanı bərpa edir ki, bu da sonda ağır faciələrə gətirib çıxarır.

O da vurğulanıb ki, xüsusilə qaz balonlarının istismarı, onların obyekt daxilində nəzarət tədbirləri zamanı kənarlaşdırılması və utilizasiyası ilə bağlı konkret mexanizm olmadığından bir sıra hallarda inspektor tərəfindən zəruri tədbirlərin görülməsi qeyri-mümkün olur. Odur ki, maye qaz balonlarının doldurulması, istismarı, balonların texniki təhlükəsizlik qaydalarının tələblərinə nəzarət aidiyyəti qurumlar tərəfindən təmin olunmalıdır. Həmçinin, ictimai-iaşə obyektlərində qeyri-qanuni olaraq qazdan istifadə halları ilə də ciddi mübarizə aparılmalıdır. K.Heydərov istehlakçıların qaz qurğularının, qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin müayinə edilərək yoxlanılması funksiyasının bilavasitə “Azəriqaz” İB-nə aid olduğunu nəzərə alaraq, bu sahədə zəruri tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Nazir vurğulayıb ki, bütün qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ictimai-iaşə sektorunda fövqəladə hadisələrə səbəb ola biləcək hallarla, ilk növbədə yanğın və partlayış təhlükəsi və bu çərçivədə maye qaz balonları və qazdan qeyri-qanuni istifadə halları ilə kəskin mübarizə aparılması barədə ciddi tapşırıqlar verilib.

Tədbirdə Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri, o cümlədən Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov, Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi general-mayor Adil Abdullayev, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentiyinin rəisi Cəbrayıl Xanlarov, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Vüqar Hüseynov çıxış edərək aidiyyəti sahələrdə fövqəladə hadisələrə səbəb ola biləcək hallar, onları doğuran səbəblər barədə ətraflı məlumat veriblər.

Sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, energetika nazirinin müavini Kamal Abbasov, “Azərişıq” ASC-nin sədr müavini Qədir İsmayılov və “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov çıxış edərək səsləndirilən məsələlərlə əlaqədar aidiyyəti üzrə ciddi tədbirlərin görüləcəyini qeyd ediblər.

Müşavirənin yekunu olaraq aidiyyəti qurumların mütəxəssislərindən ibarət birgə komissiyalar tərəfindən paytaxt Bakı şəhərindən başlamaqla ictimai-iaşə obyektlərində gücləndirilmiş yoxlama-nəzarət tədbirlərinin keçirilməsi və aşkar edilmiş pozuntularla bağlı dərhal qanunamüvafiq tədbirlərin görülməsi qərara alınıb.

2022-04-11 / 17:56
Facebook