“Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. Təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında 7 kənd, ümumiyyətlə, 197 kənd dağıdılmış, sakinlərin bir qismi qətlə yetirilmiş, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşmüş, əmlakları talan olunmuş, evləri isə yerlə yeksan edilmişdir.
1918-ci ilin mart soyqırımları isə öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Bəzi mənbələrdə Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayı 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.
Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Nəriman Nərimanov Şamaxı qırğını haqqında belə yazırdı: “T.Əmirovun və S.Lalayevin əvvəllər Bakıda olan silahlı dəstələri yaşına və cinsinə məhəl qoymadan bütün azərbaycanlıları öldürdülər. Onlar hələ dünyada görünməmiş bir cinayət törətdilər, uşaqları süngü və qılıncdan keçirir, adamları məscidə toplayıb kerosin töküb yandırırdılar. Mənim üçün aydın oldu ki, Bakıda sovet hakimiyyəti daşnaklardan asılıdır. Bu da aydındır ki, erməni bandaları tərəfindən azərbaycanlı əhaliyə edilən bu qədər zülmdən sonra Azərbaycan proletariatının sovet hakimiyyətindən üz döndərməyə, öz burjuaziyasının hamiliyi altına keçərək, ondan və Türkiyədən kömək gözləməyə haqqı var idi”.
Həmin dəhşətli günlərin şahidi olmuş alman A.Y.Kluqe qeyd edirdi ki, ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.
M.Ə.Rəsulzadə A.Y.Kluqeyə istinadla yazırdı: “Kluqenin, digər əcnəbilərin o günlərin xatirəsi olmaq üzrə almış olduqları və bu gün əllərdə mövcud olan fotolar çox faciəli mənzərələri əks etdirir. Bir yığın qızlı-erkəkli cocuq ölüləri üzərində qocaman çoban köpəkləri bu məsum yavruları gəmirir... Çılpaq bir qadın yerə sərilmiş, ölmüş... bu ölü vücudun qurumuş məməsini canlı bir yavru əmməkdədir...”.
Bakıda təkcə bir həftə ərzində 12 mindən çox insan, əksəriyyətini dinc sakinlər təşkil edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilmişdi. Bolşevik-daşnak dəstələri hətta azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə vermirdi. Onlar cəsədləri yanan binalara atır, quyulara, dənizə tökürdülər. Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan vermədi. Lakin İranın Bakıdakı konsulu Məhəmməd Səid-ol Vesarə Marağeyinin yazdığına görə, təkcə onun yaratdığı xüsusi komissiya tərəfindən Bakının küçə və həyətlərindən 5000-dən çox müsəlmanın meyiti toplanmış və dəfn olunmuşdu. Menşeviklərin “Naş qolos” qəzeti həmin günləri belə təsvir edirdi: “Hər tərəf meyitlərlə doludur – yanıb kül olmuş, doğranmış, eybəcər hala salınmış meyitlər…”.
Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918-ci il 8 dekabr tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırımına məruz qaldığı göstərilir. Bu da, təbii ki, son rəqəmlər deyil.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını - ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürmüşdülər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov ABŞ Prezidenti V.Vilsona 1919-cu il 28 may tarixli müraciətində ona digər sənədlərlə yanaşı, Fövqəladə İstintaq Komissiyasının materiallarını da təqdim etmişdi. Bundan sonra obyektiv informasiya toplamaq üçün Cənubi Qafqaza ABŞ nümayəndə heyətinin göndərilməsi məqsədəuyğun sayılmışdı. Həmin ilin yayında Bakıya göndərilən general Harbord hadisələr barədə obyektiv məlumat toplamaq üçün müxtəlif şəxslərlə görüşmüşdü. Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən rus və erməni təşkilatları Fövqəladə İstintaq Komissiyasının normal işinə maneələr törədir, təzyiq kampaniyaları təşkil edirdilər. Lakin bütün çətinliklərə baxmayaraq, komissiya qısa müddətdə çox böyük işlər görə bildi. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.
Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən məzarlıqda 2007-ci ilin aprel ayının 8-dən 11-dək ilkin tədqiqat işləri aparılmış, məzarlığın 1918-ci ildə erməni quldur dəstələrinin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımla bağlı olduğu müəyyən edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası bu məsələyə daha dolğun aydınlıq gətirilməsi üçün məzarlıqda daha geniş şəkildə tədqiqat işləri aparılmasını məsləhət bilmişdir. 2007-ci ilin iyul ayından etibarən Qəhrəman Ağayevin başçılığı altında Azərbaycan Milli Elimlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun 7 nəfərdən ibarət elmi heyəti tərəfindən kütləvi məzarlıqda tədqiqat işlərinə başlanmış, 2008-ci ilin sentyabr ayında isə tədqiqat işləri başa çatdırılmışdır. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial Kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş və 2013- cü il sentyabrın 18-də açılmışdır.
Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bu soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməyib. 30 il bundan əvvəl bütün dünyanın gözü qarşısında baş vermis Xocalı faciəsini görməzdən gələn dünya birliyindən hansı ədaləti gözləmək olar?! Bu gün heç bir real fakta söykənməyən, absurd “erməni soyqırımı” şişirdilib danışılsa da, dünya dövlətləri tərəfindən tanınması istiqamətində işlər həyata keçirilsə də, konkret faktlarla, təhqiqat və istintaq sənədləri ilə sübuta yetirilən 1918-ci il azərbaycanlıların soyqırımı, 1992-ci il Xocalı soyqırımı dünya dövlətlərinin ikili siyasəti nəticəsində layiqli siyasi və hüquqi qiymətini indiyə qədər almamışdır. Bu gün çoxmilyonlu Azərbaycan millətinin qarşısında duran əsas vəzifələrdən biri - məhz harada yaşamasından asılı olmayaraq, ermənilərin törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaqdır.
Nailə Tağızadə