Ukraynadakı vəziyyət fonunda Avropa liderləri bir-birinin ardınca Prezident İlham Əliyevə müraciət edir.
Bu barədə Fransanın CAUSEUR nəşrində dərc olunmuş “Ukraynada müharibə: Avropada Bakıdan kömək istəyir” adlı məqalədə deyilir.
Müəllif Ukraynadakı münaqişəni “geosiyasi zəlzələ” adlandırır.
“Bizim geosiyasi tektonik plitəmizdə bu cür sərt təkanın əsas cizgiləri bloklarda yeni məntiqin peyda olması, həyati maraqların oxşarlığının aşkar edilməsi və köhnə rəqabətlərin unudulmasıdır. Bunun bariz nümunəsi kimi Vaşinqtonla Karakas arasında sürətləndirilmiş danışıqları göstərmək olar”, - məqalədə deyilir.
Qeyd olunur ki, daha bir sürətlə dəyişən region Cənubi Qafqazdır.
“Heç kim üçün sirr deyil ki, son illərdə Fransa ilə Azərbaycan arasında çox isti münasibətlər olmayıb. Emmanuel Makronun beşillik prezidentlik dövrünün başlanğıcından bəri, hələ ikinci Qarabağ müharibəsindən əvvəl Fransa ATƏT Minsk qrupunun həmsədrliyinə baxmayaraq, İrəvana dəstəyini və rəğbətini getdikcə daha az gizlədirdi. Makronun 2018-ci ilin oktyabrında İrəvana səfərindən sonra Bakının rəsmi səfər dəvətləri cavabsız qalırdı. 2020-ci ilin payızında müharibə vaxtı Parisin sərgilədiyi mövqe fransızların yanaşmasını azərbaycanlılara açıq-aşkar göstərdi”, - müəllif qeyd edir.
Məqalədə vurğulanır ki, sonra isə Rusiya Ukraynaya müdaxilə etdi.
“Və biz birdən xatırlayırıq ki, Azərbaycan çox nadir geostrateji aktivə malikdir: onun təkcə qazı deyil, həm də birbaşa ixrac üçün özünün qaz kəmərləri var! Bu üstünlük böyük diqqətə layiqdir. 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilərkən öz üzərinə dağılmış, Ermənistanla müharibədə məğlub olmuş və ərazisinin 20 faizini itirmiş ölkənin rəhbərliyini götürdü. O, hərbi əməliyyatların dayandırılmasına nail oldu və bütün diqqəti Azərbaycanın iqtisadi inkişafına, o cümlədən neft sənayesinin bərpasına və Rusiyanı keçməklə karbohidrogen ixracından vəsaitlər əldə etməyə yönəltdi”, - məqalədə deyilir.
“Bəzi məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyevin telefonu dayanmadan zəng çalır. Şarl Mişel, Mario Dragi, NATO baş katibi və Emmanuel Makron tez-tez zəng edir”, - müəllif əlavə edir.
Məqalədə vurğulanır ki, Avropa, xüsusilə də Fransa, Azərbaycandan “post-sovet məkanının zəif halqası olan” Moldovaya kömək etməyi xahiş edib.
“Bakı Kişinyova gələn qış Rusiya qazından imtina etmək üçün lazım olanı vəd edib. Bu, çətin əməliyyatdır və hazırda Rusiyadan Bolqarıstana gedən qaz axınının istiqamətinin dəyişməsini və dəyərli karbohidrogenlərin cənubdan şimala nəqli imkanlarının yaradılmasını tələb edir. 2021-ci ilin yanvarından Azərbaycan artıq Türkiyə, İtaliya, Yunanıstan və Albaniyaya 19,5 milyard kubmetr qaz tədarük edib və bu həcmi yaxın aylarda 7-8 faiz (1,5 milyon kubmetr) artırmaq niyyətindədir”, - müəllif yazır.