Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları mina və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazəsiz daxil olaraq özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyan şəxsləri müəyyən edib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhər sakini F.Məmmədovun idarə etdiyi “Mersedes” markalı yük maşını Böyük Tağlar kəndi ərazisində saxlanılıb.
Avtomobilə baxış keçirilən zaman daha 2 nəfər də aşkar edilib. Araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Q.Məmmədov və T.Süleymanov olduğu müəyyən olunub. Eləcə də avtomobildən dəmir borular, metal tullantıları və s. aşkar edilib.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.Məmmədov və Q.Məmmədov 10 gün müddətinə inzibati qaydada həbs, T.Süleymanov isə cərimə edilib.