Baş nazir Əli Əsədov fevralın 21-də “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamın əsas hədəfləri dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına təzyiqinin azaldılması, əhalinin real gəlirləri və alıcılıq qabiliyyətinin qorunması, daxili istehsalın təşviq edilməsidir.
Nazirlər Kabinetindən verilən məlumata görə, Sərəncamda deyilir ki, inflyasiyanın xərc amillərinin qiymətlərə ötürücülüyünün artdığı, idxal məhsulların bahalaşaraq qiymət artımını sürətləndirdiyi bir şəraitdə ölkədə makroiqtisadi sabitlik qorunmalı, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılmalı, əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır.
2022-ci ildə qiymətlərin yuxarı səviyyədə və qalıcı olmasının qarşısının alınması üçün qiymətartırıcı amillərin sabitləşdirilməsi, həmçinin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.
Həmçinin, Nazirlər Kabinetinin Sərəncamında təchizatçıların stimullaşdırılması haqda tapşırıq verilib. Tapşırıqlara əsasən:
- Minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması;
- Səbətə daxil olan ərzaq məhsullarının yerli istehsalçılarının stimullaşdırılması istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur.
Nazirlər kabinetinin Sərəncamı: əsas ərzaq məhsullarının tədarükü və emalının stimullaşdırılması üçün yeni güzəştli maliyyələşdirmə şərtlərinə dair təkliflər hazırlanacaq
Sərəncamla əsas ərzaq məhsullarının tədarükü və emalının stimullaşdırılması üçün güzəştli maliyyələşdirmə alətləri də daxil olmaqla təkliflər hazırlanmasına dair də tapşırıqlar verilib.
İqtisadiyyat nazirliyinə tapşırılıb ki, minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə (güzəştli kredit, kredit-zəmanət və faiz subsidiyası mexanizmi) və məhsullarına dair təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Eyni zamanda, Sərəncamda əsas ərzaq məhsullarının qiymət artımının bazar iqtisadiyyatına uyğun qaydalarla - ticarət əlavələri hesabına sabitləşdirilməsi ilə bağlı İqtisadiyyat nazirliyinə tapşırıq verilib.
Sərəncamda deyilir ki, əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsinə dair təkliflər on beş gün müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır.
Ölkədəki sağlam rəqabət mühitinə dair hər ay Nazirlər Kabinetinə məruzə olunacaq, daxili bazar qorunacaq, qiymət manipulyasiyasına nəzarət gücləndiriləcək
Bundan başqa, müvafiq qurumlara tapşırılıb ki, ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün aparılan nəzarət tədbirləri barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilsin.
Həmçinin, İqtisadiyyat nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə minimum istehlak səbətinin tərkibində ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunmasına dair lazımi tədbirlər görsün.
“Gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair təkliflər hazırlansın”
Cari il ərzində idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə Gömrük Komitəsi, İqtisadiyyat və Maliyyə nazirliklərinə müvafiq tapşırıqlar verilib.
Tapşırığa əsasən, “idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflər hazırlanması və on beş gün müddətində Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.
Sənəddə hökumətin müvafiq qurumlarına tapşırıq verilib ki, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışının yarmarkalarda daha səmərəli təşkili, özəl tədarük-satış bazalarının və logistik mərkəzlərin inkişaf etdirilməsi üçün tədbirlər görsünlər.
Eyni zamanda, yerli istehsal edilən və idxal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının daşınma-logistika xərclərinin optimallaşdırılması məqsədilə mümkün mexanizmlərin tətbiqi barədə təklifləri hazırlayıb on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etsinlər.
Qısa, orta və uzunmüddətli dövlət qiymətli kağızların buraxılışı nəzərdə tutulur
Maliyyə Nazirliyinə “inflyasiya səviyyəsini nəzərə alaraq qısa, orta və uzunmüddətli dövlət qiymətli kağızların buraxılışı istiqamətində lazımi tədbirlər görülməsi”nə dair tapşırıq verilib.
Eləvə də, zərurət olduğu təqdirdə özünüməşğulluq proqramının və haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur.
Sərəncamda Mərkəzi Banka inflyasiya təzyiqlərinin azaldılması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə öz səlahiyyətləri çərçivəsində lazımi işləri görməsi tövsiyyə olunub.
Strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflər hazırlanacaq
Baş nazir Əli Əsədovun imzaladığı bu Sərəncamla Dövlət Ehtiyatları Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinə qlobal ərzaq bazarındakı vəziyyəti nəzərə almaqla strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflərin hazırlanması tapşırılıb.