Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənəd imzalanacaq

 

Kreml Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri barədə məlumat yayıb.
Kremlin saytında yerləşdirilən məlumata görə, fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqlar olacaq.
Danışıqlarda siyasi, iqtisadi-ticari və humanitar sahələrdə ikitərəfli münasibətlərin sonrakı inkişafı üçün bütün kompleks məsələlərin müzakirəsi nəzərdə tutulur.
Bundan başqa, görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ üzrə 9 noyabr (10 noyabr) 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının reallaşmasının gedişi, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası tədbirləri müzakirə oluncaq. Danışıqların yekunu olaraq, Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında Bəyannamənin imzalanması nəzərdə tutulur.
APA-nın əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin Rusiyaya səfəri yenilik deyil, uzun müddətdir hazırlanır.
2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinə oxşar sənədin Azərbaycanla Rusiya arasında da imzalanmasına hazırlıq gedirdi. Bununla bağlı işə 2021-ci ilin əvvəlindən başlanılıb.
Prezident İlham Əliyev 2021-ci ilin sonunda Yeni illə bağlı xalqa müraciətində də Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi.
Odur ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sənədinin imzalanması yeni gündəmə çıxan məsələ deyil.

2022-02-21 / 16:54
Facebook