Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı qazi adından sui-istifadəni pisləyib

 

Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfrans keçirilib.
Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib ki, qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə dövlətin göstərdiyi diqqətin Azərbaycan modeli formalaşdırılıb: "Vətən müharibəsində olduğu kimi, bu gün də cəmiyyətin bütün kateqoriyalarının, o cümlədən qazilərin dövlət və onun Prezidenti ətrafında birləşməsi zəruridir. Bəzən dövlətin gördüyü işlərə kölgə salmağa çalışırlar. Şəhid ailələri, qazilərə evlər, maşınlar verilir, müalicə məsələləri həll edilir, Prezident və I Vitse-prezident qazilərlə görüşür. Bu qələbəni qazananların çoxu orden və medalla təltif edilib. Dövlət orqanları bütün şəhid ailələrinə, qazilərə eyni diqqətlə yanaşır. Ancaq son vaxtlar cəmiyyətdə müşahidə edilən bəzi mənfi təzahürlər bizi narahat edir. Bəzi hallarda müxtəlif şəxslər qazi adından sui-istifadə etməyə cəhd edir ki, bu da yolverilməzdir. Vətən müharibəsində iştirak etməyən bəzi şəxslərin özünü qazi kimi təqdim edərək müxtəlif iddialarla çıxış etməsi, dövlətin qazilərə olan diqqət və qayğısına kölgə salmağa çalışmasına ictimaiyyət də fəal reaksiya verməli, bu cür şəxslərin qanunsuz əməlləri ifşa olunmalıdır. Hər bir veteranın xüsusi statusu var, məvacib, ev-maşın verilir. Amma biri gedir həkimi döyür, biri gedib restoranda yemək yeyir, ödəniş eləmir ki, qaziyəm. Heç bir veteranın məvacibi kəsilə bilməz. Biz gəncləri orduya, vətənpərvərliyə hazırlamalıyıq ki, Azərbaycan günü-gündən daha da güclənsin. Heç bir xarici təzyiq Azərbaycana təsir göstərə bilməsin. Bəzi təxribatçı qüvvələr qaziləri özlərinə cəlb etmək istəyir, onların adından və nüfuzundan istifadə etməklə çirkin, qeyri-sağlam məqsədlərini reallaşdırmağa çalışırlar. Bəzi qüvvələrin qazilərdən, onların cəmiyyətdəki nüfuzundan dövlətə qarşı istifadə cəhdi yolverilməzdir. Qaziləri bu kimi hallarla bağlı diqqətli olmağa, hər zaman olduğu kimi, bundan sonra da dövlətin və onun Prezidentinin ətrafında birləşməyə səsləyirik".
Ehtiyatda olan kiçik çavuş Elçin Əhmədov bildirib ki, son dövrlərdə bəzi şəxslər qazi adından istifadə edib təxribat törətməyə çalışırlar: "Bizim hamımız Vətən müharibəsində Zəfər qazanmağımızla fəxr edirik. Bəzən hansısa dövlət qurumunda müəyyən problemlə üzləşirsən. Amma bunu şişirdib bu cür yaymaq bizə yaraşmır. Kiminsə ətrafında da belə adamlar varsa, bundan yayındırmaq lazımdır".
Polkovnik-leytenant Şahin Məmmədov bildirib ki, o da Vətən müharibəsində iştirak edib: “Hər bir texnikanı, silahı, düşmənə tuşlayıb məhv edən insan faktorudur. Eyni zamanda, döyüşlər vaxtı xalqın birliyi orduya çox dəstək olub, hər kəs dəmir yumruq ətrafında birləşib. Müharibədən sonra da xalqın dəstəyini hiss etmişik. Prezident və Birinci Vitse-prezidentin dəstəyi ilə şəhid ailələri, qazilərin evlə, maşınla təmin olunması, müalicə edilməsi, hətta ölkə xaricində dövlət hesabına müalicə olunması göstərir ki, bu işlər nəzarətdə saxlanılır. Buna baxmayaraq, müharibədə iştirak edən bəzi şəxslər qazi adından öz mənafeyi üçün istifadə edir. Fikrimcə, bu, yolverilməzdir. Müharibədə iştirak edən şəxs Vətən qarşısında borcunu yerinə yetirib. Amma sonra bu addan sui-istifadə ilə elədiyi əziyyəti də yerə vurmuş olur".
2022-01-14 / 19:13
Facebook