Prezident: “Qeyri-neft ixracımız 40 faizdən çox artıb”
“Bütün bu iqtisadi rəqəmlər sadəcə olaraq statistik rəqəmlər deyil. Adi vətəndaş üçün bəlkə də bu rəqəmlər o qədər böyük əhəmiyyət kəsb etmir. Ancaq hər bir vətəndaş öz həyatında bu rəqəmlərin və bu nailiyyətlərin nəticələrini təbii olaraq hiss edir”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Azərbaycan Prezidenti vurğulayıb ki, bir də ixracla bağlı planlar həyata keçirilir.
“Qeyri-neft ixracımız 40%-dən çox artıb. Bu, imkan verir ki, biz valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəmizə gətirək və nəzərə almalıyıq ki, ölkədə əhali artır. Deməli tələbat artır, daxili istehlak artır. Belə olan halda qeyri-neft ixracını artırmaq doğrudan da böyük nailiyyət sayıla bilər. Bütün bu rəqəmlər, yəni keçən ilin rəqəmləri deyil. Bu rəqəmlərin təməlində uzun müddətli iqtisadi strategiyamız dayanır. Keçən il bu strategiyanın biz çox gözəl nəticələrini görmüşük. Bu ilə gəldikdə isə, bu ilin büdcəsi, bu da keçən ildə əldə edilmiş nailiyyətlərin hesabınadır, tarixdə ən böyük büdcə olacaq. Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Müharibədən təzə çıxmış ölkə üçün bu nailiyyətlər doğrudan da onu göstərir ki, iqtisadi sahədə çox gözəl mənzərə vardır. Bu il həm investisiya layihələri icra ediləcək, azad edilmiş torpaqlarda, ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək. Bu islahatların nəticələrini biz görürük. Təkcə vergi orqanları keçən il proqnozdan əlavə təxminən 1,4 milyard manat vəsait yığa bilmişdilər. Sahibkarlar artıq yeni, şəffaf münasibətlər qaydalarına öyrəşiblər və bunu alqışlayırlar. Ümumiyyətlə ölkəmizdə gedən saflaşma və şəffaflıq siyasətimiz bütün sahələrdə özünü göstərir. Və təbii ki, iqtisadi sahə istisna deyil”.