Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Rusiya və Azərbaycanın gənclər birliklərinin üzvləri, diaspor və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən AMOR-un məsul katibi Ceyhun Hüseynov qonaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, təşkilatın 2021-ci ildəki fəaliyyəti barədə məlumat verib. O, AMOR-un üzvlərinin sayının ilbəil artdığını söyləyib: "Təşkilat rəhbərliyi Azərbaycan gəncliyinin hərtərəfli inkişafına xüsusi diqqət ayırır. AMOR Rusiyada fəaliyyət göstərən digər ictimai birlik və ali təhsil müəssisələri ilə əməkdaşlığını uğurla davam etdirir. Biz birlikdə çox böyük yol keçmişik”.
Daha sonra AMOR-un ən fəal üzvləri gənclər təşkilatının inkişafına verdiyi töhfələrə görə fəxri fərmanlarla mükafatlandırılıblar.
Tədbir Rusiyada fəaliyyət göstərən incəsənət nümayəndələrinin ifasında milli musiqi və rəqslərdən ibarət konsert proqramı ilə davam etdirilib.