Müdrik lider, qətiyyətli Ali Baş Komandan

 

No description available.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli lider Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirərək, ölkəmizdə milli dövlət quruculuğu prosesinin uğurlu inkişafı, demokratik dövlət idarəçiliyi modelinin yaradılması, vətəndaş cəmiyyətinin bərqərar olunması, respublikanın iqtisadi inkişafının təmin olunması istiqamətində tarixi nailiyyətlərə yol açır. 2003-cü ilin Prezident seçkiləri ərəfəsində Ümummilli Liderimizin xalqa müraciətində əksini tapmış bu fikirlər cənab İlham Əliyevin siyasi və dövlət xadimi olaraq nə qədər yüksək keyfiyyətlərə malik olduğunu göstərir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı naminə misilsiz fəaliyyətində Prezident İlham Əliyev varislik, novatorluq və dinamizm prinsiplərinə sadiqlik nümayiş etdirir. Bütün bunlar əslində İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoyduğunu təsdiqləyir. Bu missiyanını fəlsəfəsi “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək fəaliyyətə başlayan cənab ilham Əliyevin 2003-cü ildə söylədiyi “ Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı. Ötən dövrün yekunlarınının təhlilinə əsasən xalqa layiqli xidmət prinsipinin Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasətin ana xəttinə çevrildiyinin əmiliklə söyləmək olar. Dövlət başçısı respublikada sürətli sosial-iqtisadi inkişaf və tərəqqiyə, siyasi sabitliyə, vətəndaş sülhünə ciddi təminat yaratmış strateji siyasi kursu uğurla davam etdirərək hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmiş, verdiyi bütün vədləri gerçəkləşdirmişdir. Öz fəaliyyəti ilə ümummilli liderə layiq şəxsiyyət olduğunu sübuta yetirən prezident müasir dövrün tələb etdiyi siyasi lider imicini formalaşdırmışdır. Bu artıq təqzib olunmaz bir fakta çevrilmiş və Prezidentin məqsədəuyğun fəaliyyəti də bunu bir daha doğruldur.

Hakimiyyətə gəldiyi ilk gündən İlham Əliyevin yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. İlham Əliyev alternativsiz bir lider olaraq cəmiyyətdə qəbul olundu. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı. Son 18 ilin ümumi yekunlarına nəzər salsaq iqtisadi, siyasi, sosial sferada çox böyük irəliləyişlərə nail olduğumuzu görərik. Ötən 18 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, yoxsulluq 49 faizdən təxminən 5 faizə enib, 2 milyondan çox yeni iş yerləri yaradılıb, əməkhaqları, pensiyalar dəfələrlə artırılıb. Əhalinin sosial rifah halının gücləndirilməsi məqsədilə sonuncu verilən sərəncamlar da mühüm əhəmiyyət kəsb edir.

“İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki,onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır, həm də təbii ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl,müasir ölkəyə çevirəcəkdir” deyən dövlət başcısının müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətində dayanıqlı və sabit inkişaf edən iqtisadi sistemin formalaşdırılması məqsədi durur. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasıni nəzərdə tutur. Neft tükənən, bərpa olunmayan təbii sərvətdir. Prezident İlham Əliyev bu əvəzsiz təbii sərvətin ixracından qazanılan böyük vəsaitlərin, ilk növbədə, insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailliyətlərinin tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini zəruri sayır. Dövlət başçısı haqlı olaraq bildirir ki, neft Azərbaycan üçün məqsəd deyil, davamlı iqtisadi tərəqqini təmin etmək üçün vasitədir.

İlham Əliyevin məqsədyönlü siyasi xəttinin uğurlu nəticəsi olaraq bu gün Azərbaycan lider bir ölkə kimi çıxış edir.  Ölkəmiz dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanı energetika və nəqliyyat mərkəzinə çevirib. Azərbaycanın 2012-ci ildə dünyanın ən mötəbər beynəlxalq təşkilatının - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2019-cu ildə isə dünyanın ikinci ən çoxsaylı beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına rəhbərlik etməsi gənc dövlətin beynəlxalq iştirakçılıq sahəsində yüksək fəallığının təkzibedilməz sübutudur. Elə təkcə bu iki fakt İlham Əliyevin xarici siyasət strategiyasının nə dərəcədə praqmatik, perspektiv və uzaqgörən olduğunu isbat edir.

Digər önəmli fakt Azərbaycanın bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer almasıdır. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peykləri orbitdə uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, illərdir bu istiqamətdə çalışıb, heç bir irəriləyişə nail olmayan dövlətlər var. Azərbaycan isə qısa müstəqillik tarixinə bu əhəmiyyətli hadisəni də sığışdırıb.

İlham Əliyev müasir Azərbaycan tarixinə öz adını qalib bir sərkərdə, qətiyyətli Ali Baş Komandan olaraq yazdırdı. 44 günlük Vətən müharibəsinə dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər bir həmvətənimiz Prezident İlham Əliyevin ətrafında birləşərək tək yumruğa çevrildi, milli həmrəylik nümayiş etdirdi. Dövlət başçısının Vətən müharibəsi zamanı təkbaşına apardığı siyasi-ideoloji mübarizə ordumuzu qələbəyə daha da ruhlandırdı. Ali Baş Komandan şiddətli döyüşlərin getdiyi ən çətin günlərdə nüfuzlu dünya informasiya agentliklərinə verdiyi dərin məzmunlu müsahibələrlə beynəlxalq ictimai rəydə də müharibəni qazandı. Dünya ölkələri Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin timsalında yüksək hazırlığa, geniş dünyagörüşünə malik olan bir liderlə qarşılaşdı. Hərtərəfli hazırlıq səviyyəsi, yüksək intellektual qabiliyyəti, dönməz iradəsi və qətiyyəti ilə İlham Əliyev bütün təzyiqlərə cəsarətlə sinə gərdi, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev Vətən müharibəsində qazandığı böyük zəfərlə çoxəsrlik Azərbaycan tarixinə müasir dövrün müzəffər Ali Baş Komandanı olaraq daxil oldu.

“Qarabağ Azərbaycandır və nida işarəsi” - söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. 30 ildən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr - Anım Günü ilə əlaqədar xalqa müraciətində də bir daha vurğuladı ki, "Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!"

44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında  güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu.

İlham Əliyev respublikada sürətli sosial-iqtisadi inkişaf və tərəqqiyə, siyasi sabitliyə, vətəndaş sülhünə ciddi təminat yaratmış strateji siyasi kursu uğurla davam etdirərək hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirdi, verdiyi bütün vədləri gerçəkləşdirdi. Öz fəaliyyəti ilə ümummilli liderə layiq şəxsiyyət olduğunu sübuta yetirən dövlət başçısı müasir dövrün tələb etdiyi siyasi lider imicini formalaşdırdı. Bu artıq təkzib olunmaz bir fakta çevrilib, Prezidentin məqsədyönlü və uğurlu fəaliyyəti isə bunu bir daha doğruldur.

                                                                                                        Nailə Tağızadə

2022-02-01 / 19:53
Facebook