Nazirlər Kabineti əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara birdəfəlik ödəməylə əlaqədar Komissiyanın təklifləri əsasında birdəfəlik ödəmənin verilmə qaydasını hazırlayacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti Komissiyanın təklifləri əsasında birdəfəlik ödəmənin verilməsi qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.
Nazirlər Kabineti 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə ödənişlərin verilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsindən ilkin olaraq 50,0 (əlli) milyon manat vəsait ayrılması üçün tədbirlər görəcək.
Maliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında fərmanda nəzərdə tutulmuş ödənişlərin verilməsi ilə əlaqədar maliyyələşmənin həyata keçirilməsi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmasını təmin etməlidir.