Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşünü xatırlatdı, bu görüş zamanı gələcək əməkdaşlıqla bağlı bir çox məsələlərin müzakirə edildiyini və Azərbaycan-İran dostluq əlaqələrinin bir daha təsdiqləndiyini bildirdi.
Hüseyn Əmir Abdullahian İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev İranın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.
İranın xarici işlər naziri Prezident İlham Əliyevlə İran Prezidenti Seyid İbrahim Rəisinin Aşqabad görüşünə toxunaraq bu görüşü ölkələr arasında əlaqələrdə dönüş nöqtəsi kimi dəyərləndirdi.
Söhbət zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulandı.
Görüşdə ikitərəfli əməkdaşlığımızın gündəliyinin geniş olduğu bildirildi və yaxşı nəticələrin əldə ediləcəyinə ümidvarlıq ifadə olundu.