Azərbaycanın növbəti diplomatik zəfəri: Brüssel görüşü

 

No description available.

2021-ci il 14 dekabr tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirildi. Görüş bu formatda təşkil olunmuş əvvəlki görüşlər kimi Azərbaycanın haqlı mövqeyinin bir daha açıq şəkildə bəyan olunması, siyasi qətiyyətinin nümayişi üçün imkan oldu.  Görüşün nəticəsi olaraq Avropa İttifaqı rəhbərinin səsləndirdiyi bəyanatı İrəvanın kapitulyasiyasının Qərb tərəfindən qəbulu kimi dəyərləndirmək olar. Bəyanatda açıq şəkildə Rusiyada imzalanmış 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatları sadalanır, həmin sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanır. Bəyanatı xüsusiləşdirən məqamlardan biri ondan ibarətdir ki, ermənilərin daim iddia etdiyi status məsələsi nəinki qaldırılmayıb, hətta ölkələr arasında münasibətlərin tənzimlənməsində ATƏT-in Minsk qrupunun fəaliyyətindən söhbət belə açılmır.  Şarl Mişelin bəyanatında ilk dəfə olaraq itkin düşmüş şəxslər məsələsinə toxunulub və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, olduqca vacib bir məsələdir, çünki birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil. Avropa İttifaqının bəyanatında kommunikasiyaların açılması məsələsinə də toxunulmuşdur. Avropa İttifaqı hər iki ölkəni hərtərəfli sülh müqaviləsi imzalamağa çağırmaqla qalmır, son abzasda “Cənubi Qafqazda, xüsusən, Ermənistanla Azərbaycan arasında ölkələrin suverenliyinə hörmətlə yanaşmaq şərtilə” kommunikasiya infrastrukturlarının bərpasının əhəmiyyəti vurğulanır. Şarl Mişel regionda komunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib, hətta Aİ-nin iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyini bildirib. Burada digər bir önəmli məqam isə dəmir yolunun bərpasının açıq şəkildə qeyd olunmasıdır. Bu məqam əslində Brüsselin Zəngəzur dəhlizi layihəsinin tərəfdarı olduğunu göstərir. Digər mühüm bir amil isə dəhlizlərdə  gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunacağıdır. Bununla bağlı Brüseldə çıxışında prezident İlham Əliyev bildirdi ki: "Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır". Qeyd edək ki, Zəngəzur dəhlizi türk dünyasını Avropaya bağladığı üçün, digər tərəfdən “Bir kəmər, bir yol” meqalayihəsinin də mərkəz sektorudur. Bununla yanaşı sözügedən xətt “türk sektoru” da adlandırılır. Əgər bu məsələ ilə əlaqədar problemlərin həllinə nail olunsa, Avropa Birliyi tədarük yollarının çoxşaxəliliyi və enerji təhlükəsizliyi məsələsində mühüm addım atmış olacaq.

Bəyanatın diqqət çəkən müddəalarından biri də Avropa İttifaqı rəhbərinin Ermənistan ilə Azərbaycana “münaqişə irsinin aradan qaldırılması” tövsiyəsidir. Əslində bu tövsiyə Azərbaycanın humanist mövqeyinin əksidir. Prezident İlham Əliyev dəfələrlə  Ermənistan cəmiyyətinə düşmənçilikdən əl çəkmələri ilə bağlı müraciətlər ünvanlanmış, regionda sülh və sabitliyin yaranması üçün əməkdaşlıq təklif etmişdir. Görüşdə həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib. Aİ-nin sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda iştirakı da mümkündür.

Ümumilikdə, görüşü Azərbaycan diplomatiyasının növbəti bir qələbəsi olaraq dəyərləndirmək mümkündür. Dövlətimizin haqlı mövqeyi bir daha təsdiqləndi, Azərbaycan öz şərtlərini bird aha diqtə edə bildi. Bu görüş göstərdi ki, Avropa İttifaqı da regionda sabitliyin yaranmasında maraqlıdır. Cənubi Qafqaz yaxın gələcəkdə Şərqlə Qərb arasında mühüm ticarət xəttinin əsas uzalaşma nöqtəsinə çevriləcək. Bu baxımdan Aİ regionda təhlükəsizliyin, dinc yaşayış mühitinin formalaşmasında maraqlıdır və məsələnin tezliklə həll olunması istiqamətində çalışmağa hazırdır.

                                                                                              Nailə Tağızadə

2021-12-20 / 10:51
Facebook