“Hesab edirəm ki, biz hökumətlərarası birgə komissiyanın fəaliyyətini də gücləndirməliyik. Komissiyanın yeni toplantısı keçirilməlidir. Çünki komissiyanın üzvləri demək olar on ildir ki, bir araya gəlmirlər”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Moldova Prezidenti Maya Sandu ilə görüşdə deyib.
“Bəzi məlumatlara baxdım və gördüm ki, qarşılıqlı ticarətin səviyyəsi çox kiçikdir. Hesab edirəm bunun artırılması üçün potensial var. Lakin bunun üçün Sizin dediyiniz kimi biznes dairələri bir araya gəlməlidir. Komissiyanın toplantısı olsa onlar, həmçinin potensial investisiya imkanları, biznes mühiti haqqında təqdimatlar edə bilərlər ki, biz də qarşılıqlı ticarətin səviyyəsini artıra bilək. Hesab edirəm ki, biz bir-birimizə təklif edə biləcəyimiz çoxlu malları müəyyən edə bilərik. Enerji əməkdaşlığı məsələsində bilirsiniz ki, biz Avropa təsisatları ilə fəal işləyirik, Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlıq və yeni bazarlara çıxış bizim üçün böyük əhəmiyyət kəsb edir. Buna görə düşünürəm ki, bu məsələ ilə bağlı ümumi zəmini tapacağıq”, - Prezident İlham Əliyev vurğulayıb.