Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi göstərişlərdən irəli gələn məsələlərin həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Elm, təhsil və mədəniyyət və Şəhərsalma məsələləri üzrə işçi qruplarından ibarət heyət 10 dekabr 2021-ci il tarixində Xocavənd rayonun Hadrut qəsəbəsinə, Tuğ və Çinarlı kəndlərində yerləşən mədəni, tarixi və dini abidələrə və Azıx mağarasına baxış keçirmək məqsədi ilə bölgəyə səfər ediblər.
İşçi qrupların üzvləri səfər çərçivəsində ilk olaraq Çinarlı kəndində yerləşən Alban məbədinə, daha sonra Hadrut qəsəbəsinin tarixi mərkəzində yerləşən XII əsrə aid alban kilsəsinə baxış keçirib.
Daha sonra heyət Tuğ kəndinə səfər etmişdir. Tuğun panoramasını və tarixi memarlıq landşaftını təyin edən kəndin çoxsaylı ənənəvi Qarabağ dağətəyi eyvanlı yaşayış evlərinin, yerli əhəmiyyətli memarlıq abidəsi olan Dizaq Məlik Sarayının qalıqlarına və Alban kilsələrinə baxış keçirilib.
Orta əsrlərin sonlarında Tuğ ətraf ərazilərin ən iri və vacib yaşayış məntəqələrindən biri olub. Burada müdafiə tikililərinin qalıqları, iri tağlı hovuzlu bulaqlar, XVIII əsrə aid tarixi körpülər var. Tuğ kəndində yerləşən tarixi memarlıq abidələrindən ikisi ölkə, üçü isə yerli əhəmiyyətli abidə kimi dövlət mühafizəsinə götürülüb.
Tuğ kəndinin tarixi məkanlarına ətraflı baxış keçirildikdən sonra hər iki qrupun üzvlərinin iştirakı ilə səyyar iclas keçirilib. İclasda Dövlət Turizm Agentliyi tərəfindən təqdim olunmuş “Hadrut turizm inkişaf konsepsiyası” və “Tuğ turizm inkişaf konsepsiyası”, bu ərazilərdə turizm və rekreasiya zonasının yaradılması və mədəni irsin qorunması ilə bağlı konservasiya və restavrasiya layihələrinin icra edilməsi barədə ətraflı müzakirələr aparılıb.
Səfər dünya əhəmiyyətinə malik Azıx mağarasına Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrup tərəfindən cəlb olun mütəxəssislərin də iştirakı ilə baxışla bitmişdir.