Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə görüşü həddindən artıq faydalı adlandırıb

 

Şarl Mişel

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşün əhəmiyyətli olduğunu bildirib.

Ş. Mişel qeyd edib ki, Cənubi Qafqaz regionunda vəziyyətlə bağlı səmimi və açıq dialoq baş tutub: “Avropa İttifaqı bu regionda daha çox sabitlik və rifah üçün müsbət rol oynamaq istəyinə sadiqdir. Biz ehtiyac duyulan humanitar jestləri dəstəkləmək, hər iki tərəf arasında etimad yaradacaq səyləri gücləndirmək istəyirik. Həmçinin, digər aktorlarla birlikdə bütün müsbət səyləri dəstəkləməyə hazırıq. Bildiyiniz kimi, biz hər zaman Minsk Qrupunu və daha artıq təhlükəsizliyə, sabitliyə nail olmaq üçün bütün səyləri dəstəkləmişik. Biz göstərmişik ki, hətta mürəkkəb mövzularda belə birbaşa alətlər səmərəlidir və buna ehtiyac var. Təbii ki, ən çətin məsələlərlə bağlı belə vacib olan birinci şey bir-birimizə qulaq asmaq, harada olduğumuzu başa düşmək, yanaşmalarımız və görüşlərimiz arasında hansı fərqlərin olduğunu görmək, bəzən də müxtəlif arqumentləri açıqlamaqdır. Mən qəti şəkildə inanıram ki, bu görüş həddindən artıq faydalı idi, inanıram ki, qısa və orta müddətli olaraq bu cür birbaşa təmaslar saxlanacaq. Bir daha vurğulamaq istəyirəm ki, Aİ digər tərəfdaşlarla birlikdə öz üzərinə düşən işi görməyə hazırdır. Çünki bizim regionda daha çox sülh sabitlik və rifah üçün aydın görüşümüz, aydın hədəflərimiz var”.

Aİ Şurasının Prezidenti hər iki ölkənin lideri ilə davamlı şəkildə əlaqə saxladığını bildirib: “Telefon əlaqələri ilə yanaşı, Bakıya və İrəvana səfər etmişəm, liderlərlə birbaşa görüşlərim olub. Mən anlayıram və görürəm ki, əlaqələnmə və kommunikasiya prioritetdir. Əlbəttə ki, etimadın səviyyəsi barədə də əmin olmaq vacibdir. Bu görüşdə dəmiryolu xətlərinin çəkilməsi barədə razılıq əldə olundu, çünki kommunikasiya xətlərinin yenidən açılması üçün nəyə ehtiyac olduğu barədə tərəflərin yanaşması aydın idi və bu məsələ ilə bağlı ortaq anlaşma vardı. Biz birlikdə sualları müəyyənləşdirdik ki, yaxın və orta müddətdə birgə şəkildə nəyin üzərində işləyə bilərik, vacib olan nədir? Sirr deyil ki, bəzi məqamlarla, suallarla bağlı çətinliklər mövcuddur, lakin məndə bir əminlik var. Çünki burada qarşılıqlı anlaşma mövcuddur. Bu o demək deyil ki, biz hər şey barədə razılığa gəlmişik, lakin bu o mənanı ifadə edir ki, bir-birini daha yaxşı başa düşmək istiqamətində səylərin göstərilməsi ilə bağlı ortada ortaq siyasi istək var. Əməkdaşlığı gücləndirmək üçün nə etmək lazım olması barədə suala cavab tapmaqla bağlı siyasi istək mövcuddur”.

Ş. Mişelin sözlərinə görə, hər zaman birbaşa danışmaq vacibdir: “İnanıram ki, belə şəxsi görüşlərin əlavə dəyəri böyükdür. Əminəm ki, bu görüşümüzdən sonra gələcəkdə başqa birbaşa görüşlər üçün imkan açılır. Xatırlatmaq istəyirəm ki, bir müddət öncə səylərimiz nəticəsində mümkün insidentlərin qarşısını almaq, gərginlikdən uzaq olmaq və hər hansı çətinliklər meydana çıxarsa, onların idarə olunması üçün iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqə yarandı. Düşünürəm ki, regionda sabitliyi və təhlükəsizliyi maksimallaşdırmaq üçün liderlər arasında bu cür təmaslar vacibdir”.

Aİ Şurasının Prezidenti görüş zamanı Azərbaycan və Ermənistan liderlərini bir müddət yalqız buraxdığını da deyib: “Düşündüm ki, mən bu istiqamətdə dəstək verməli, kömək etməliyəm, çünki birbaşa danışıqlar naminə bu onlar üçün də vacibdir”.

2021-12-15 / 14:16
Facebook