Fikrət Məmmədov Ermənistanın ədliyyə nazirini ifşa edib

 

Avropa ədliyyə nazirlərinin konfransı

Ədliyyə naziri Fikrət Məmmədov Venesiyada Avropa ədliyyə nazirlərinin konfransında Ermənistan nazirinin çıxışında ölkəmizə qarşı yersiz verdiyi yalan məlumatları tutarlı faktlarla təkzib edərək qarşı tərəfi tam ifşa edib.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Nazir konfransda həmçinin davamlı inkişafın, sabitliyin və təhlükəsizliyin təmin olunmasını, mütərəqqi hüquqi islahatların aparılmasını qeyd edib, bərpaedici ədalət mühakiməsinin tətbiqi ilə bağlı Azərbaycan təcrübəsi ilə bölüşüb.

Eyni zamanda yeniyetmə məhkumların cəmiyyətə reinteqrasiyası üzrə görülən müxtəlif institusional və praktiki tədbirlər, UNICEF və vətəndaş cəmiyyəti ilə effektiv əməkdaşlıq və birgə layihələr qeyd edilib, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Konfransın yekununda bərpaedici ədalət mühakiməsinin Avropada daha geniş tətbiqini təşviq edən Venesiya Bəyannaməsi qəbul olunub.

Tədbir çərçivəsində keçirilmiş bütün görüşlərdə həmsöhbətlərin diqqəti xüsusilə Vətən müharibəsində Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətlərin acı nəticələrinə, həmçinin azad edilmiş torpaqlarımızda işğal dövründə törətdiyi vəhşiliklərə cəlb olunub.

Tədbirlərdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə iştirak edib.

2021-12-14 / 17:28
Facebook