DGK Səfər Mehdiyevin müsahibəsilə bağlı səsləndirilən iddialara cavab verdi
Bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə səsləndirilən bəzi fikirlər sosial şəbəkə istifadəçiləri tərəfindən kontekstdən çıxarılmaqda, yanlış şərhlərlə fərqi məcralara yönləndirilməkdədir. Bu müsahibədən bir hissəni xüsusi qabardan bəzi saytlar və “sosial şəbəkə qəhramanları” reytinq xatirinə Milli Məclisin bütün deputatlarını hədəf alır, hətta bəziləri daha irəli gedərək ölkənin ali qanunverici orqanının ünvanına əsassız şər və böhtan xarakterli fikirlər səsləndirirək manipulyasiya edirlər.
Bu barədə DGK-dən verilən məlumatda deyilir.
Bildirilir ki, açıqlamada Nazirlər Kabinetinin 305 saylı qərarına ötən ilin avqust ayında edilən dəyişikliklərin iqtisadi əsasları izah olunur, bu qərarın faydalarından, dəyişikliklərə qarşı bir neçə millət vəkilinin haqsız tənqidlərdən bəhs edilir və artıq bu günün real mənzərəsində keçmişdə qalan bu kimi məsələlərin həll olunduğu vurğulanır.
"Onu da qeyd edək ki, aradan keçən müddət ərzində cəmiyyətin bütün təbəqələri dəyişikliklərin zəruriliyi, faydaları barədə ətraflı məlumatlandırılıb və sui-istifadə halları aradan qaldırılaraq elektron ticarətin qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi təmin edilib. Dövlət Gömrük Komitəsi daima Milli Məclisin deputatlarının gömrük orqanlarının fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə hörmətlə yanaşır, verilən təklifləri dəyərləndirir, haqlı iradları qəbul edir", - deyə qeyd edilir.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin mediaya müsahibəsində bəzi deputatları fırıldaqçı adlandırması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. S.Mehdiyev ona zəng edərək məsələyə aydınlıq gətirib. Zəng zamanı Səfər Mehdiyev bildirib ki, müsahibədə əslində deputatlar deyil, bəzi məmurları nəzərdə tutulub.