44 günlük Vətən müharibəsiylə dünyaya səs salan, ədaləti təkbaşına bərpa edən Azərbaycan bu gün işğaldan azad olunan torpaqlarımızın dirçəlməsi, həmin ərazilərimizdə həyatın yenidən bərpa olunması üçün kompleks tədbirlər həyata keçirir. Qarabağda həyat canlanır, illərdir arzuladığımız “Böyük Qayıdış” reallaşır. Hərbi-siyasi qələbəmiz iqtisadi canlanma ilə əvəz olunub. Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, infrastruktur layihələri deməyə əsas verir ki, insanlarımızın öz yurdlarına köçürülməsi prosesinə tezliklə start veriləcək. Təsadüfi deyildir ki, 44 günlük müharibənin getdiyi bir vaxtda ordumuz düşmən üzərində qəti qələbələr qazanarkən artıq işğaldan azad olunan ərazilərimizdə ilkin layihələrə başlanılmışdı. Ermənistanın məlum kapitulyasiya bəyanatından sonra isə tez bir zamanda əməli işlərə başlanıldı, dövlət bu məqsəd üçün tam səfərbər oldu. Qeyd etmək lazımdır ki, işğaldan azad olunan ərazilərimizdə müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi xüsusi diqqət mərkəzində saxlanılır.
Qarabağda bərpa-quruculuq işləri
Erməni barbarlığı nəticəsində 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız ekoloji terrora məruz qalıb, zəngin yeraltı və yerüstü sərvətləri vəhşicəsinə istismar olunub, regionun meşə örtüyü məqsədli şəkildə məhv edilib, münbit torpaqlar, su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qoyulub. Bu gün dövlətin qarşısında duran əsas məqsəd Qarabağda həyatı bərpa etmək, erməni terroruna məruz qalan ərazilərimizi tez bir zamanda yaşayış üçün münbit bir hala gətirməkdir. 2021-ci ilin dövlət büdcəsində bu məqsədlər üçün 2,2 milyard manat nəzərdə tutulub ki, bu da ÜDM-in 2,9 faizini təşkil edir. Quruculuq-bərpa işlərinə infrastruktur layihələri ilə başlanması təsadüfi deyil. Çünki bu ərazilərdə infrastruktur yaratmadan quruculuq işlərini sürətlə həyata keçirmək mümkün deyil. Bu səbəbdən dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, bölgənin inkişafı üçün ilk növbədə mükəmməl infrastruktur yaradılmalıdır. Hazırda bu istiqamətdə həyata keçirilən layihələr bütün sahələri əhatə edir. Bunlar bölgənin həm iqtisadi, həm sosial inkişafının təmin olunması üçün önəmlidir. Füzuli-Şuşa yolunun, Füzuli hava limanının açılışı baş tutub, Zəngilan, Laçın Hava Limanlarının, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməli qoyulub, Ağalı kəndində ilk “ağıllı kənd” layihəsi tətbiq olunacaq. Həmçinin Laçın rayonunda Güləbird Su Elektrik Stansiyası işə salınıb, “Suqovuşan-1” və “Suqovuşan-2” stansiyaları da artıq işlək vəziyyətdədir, Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən dağıdılmış 30-dan çox su elektrik stansiyasının bərpası prosesi gedir, "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının tikintisi yekunlaşıb, Şuşa şəhəri elektrik enerjisi ilə tam təmin edilib, Ağdam şəhəri elektrik xətti ilə təchiz olunub. 2022-ci ildə isə Ağdam şəhərində genişmiqyaslı tikinti işlərinə start veriləcək.
15 fevral 2021-ci il tarixində “Güləbird” Su Elektrik Stansiyasının istismara verilməsi mərasimdəki çıxışında Prezident bildirdi ki: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik”. Qeyd etmək lazımdır ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və ciddi proqram icra edilməkdədir. Artıq su mənbələrinin bütün xəritələri tərtib edilib və yeni su anbarlarının tikintisi gündəlikdə duran məsələdir.
Qarabağda həyata keçirilən bərpa və quruculuq layihələri ölkəmizin yaxın illərdəki sosial-iqtisadi inkişafa böyük təkan verəcək. Qarabağda icra olunacaq layihələr sayəsində ölkədəki iqtisadi inkişafın daha da geniş vüsət alması, 2020-ci ildə xeyli azalmış ÜDM-nin bu il 2,1 faiz artacağı, sonrakı dövrdə bu artımın ildə 4 faiz səviyyəsində bərqərar olacağı gözlənilir. Qarabağ sərmayə yatırımı bölgəsi kimi də xüsusi diqqət kəsb edir. Türkiyə, Pakistan, İtaliya, İran, Rusiya, Macarıstan və s. ölkələr ilk gündən Qarabağdakı layihələrdə iştirak etməyə maraqlı olduqlarını bildiriblər. Türkiyə, Pakistan və İtaliya şirkətlərinin artıq bir sıra layihələr üzrə fəaliyyətə başlaması bunun əyani göstəricisidir. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, ilk növbədə, Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququndan faydalanacaqlar.
Zəngəzur dəhlizinin əhəmiyyəti
Azərbaycanın tarixi, iqtisadiyyatı, siyasəti üçün əhəmiyyətli olan digər bir layihə isə məhz Zəngəzur dəhlizidir. Məlum olduğu kimi, əldə olunan 10 noyabr üçtərəfli bəyanatına əsasən Zəngəzur dəhlizinin bərpası əsas prioritetlərdən biridir. Ermənistan nə qədər bu layihənin reallaşmasının əleyhinə çıxsa da Azərbaycanın qətiyyəti nəticəsində artıq bu arzu deyil, reallığa çevrilir. Təsadüfi deyil ki, 2021-ci 26 oktyabr tarixində Prezident İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Qarabağda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyuldu. Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətli yeni bir layihə olduğunu nəzərə alsaq, bu layihə bölgəyə sülh gətirməklə yanaşı, nəqliyyat-kommunikasiya xəttlərini də inkişaf etdirəcək. Noyabrın 26-da reallaşan Soçi görüşündə də bir daha kommunikasiyaların açılması zərurəti vurğulandı, Moskvada üçtərəfli komissiyanın iclasını keçirmək barədə razılığa gəlindi. Mühüm cəhət odur ki, bu marşrut tezliklə region ölkələrinin qarşılıqlı əlaqələrinin genişlənməsınə öz töhfəsini verəcək. Bundan əlavə, həmin dəmir yolu xətti Asiya ilə Avropa arasında yüklərin daşınmasını sürətləndirməklə beynəlxalq əhəmiyyət qazanacaq. Dövlət başçısı 2021-ci il 10 may tarixində Ordubadda olarkən demişdir: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur”.
Zəngəzur dəhlizinin bərpa olunması hər şeydən əvvəl Naxçıvanla əlaqələrimizin bərpa olunması deməkdir. Belə ki, dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranması baxımından önəmlidir. Bundan başqa həmçinin Türkiyə ilə quru yol əlaqələrinin bərpası da bu dəhlizdən keçir. Bu dəhliz eyni zamanda Azərbaycanla Türkiyə arasında məsafəni 400 kilometr qısaldacaq. Bu isə həm xərclərin azalması, həm də ticarətlə məşğul olanlar arasında rəqabət imkanlarının genişlənməsi anlamına gəlir. Bu layihə həmçinin bölgədə sülh missiyasının davamı olacaq. Bu, təkcə Azərbaycanın yox, ümumən bölgənin inkişafına gətirib çıxaracaq. Dəhliz həm Azərbaycanın iqtisadi inkişafına, eləcə də region dövlətlərinin, xüsusilə özünü iqtisadi blokadaya salan Ermənistanın da iqtisadiyyatına müsbət təsir göstərəcək. Ermənistan da Zəngəzur dəhlizindən faydalanacaq, özü özünü saldığı izolyasiyadan çıxacaq. Regional əməkdaşlığa qoşulmaqla Ermənistan iqtisadiyyatını dirçəltmək üçün böyük imkanlar əldə edəcək. Bunun üçün ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Qarabağın turizm potensialı
Qarabağ turizm baxımından Cənubi Qafqazın mərkəzi hesab edilir və aparılan yorulmaz fəaliyyət onu deməyə əsas verir ki, ölkəmizə səyahət edəcək turistlərin əsas axını da bu regiona yönələcək. Təəssüf ki, 30 ilə yaxın işgal nəticəsində bu ərazilərdə bütün sərvətlərimiz istismar olunub, talanıb. Düşmən hər şeyi özününküləşdirərək iyrənc əməllərindən geri qalmamışdır. Burada olan mədəniyyət ocaqları, muzeylər, tarixi abidələr də məhv edilmiş, dağıdılmış və qədim tarixə malik olan qiymətli əşyalar ölkəmizdən çıxarılmışdır. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Qarabağın müxtəlif bölgələrində qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. Düşmən evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparıb. Tarixi-mədəni abidələrimiz talan edilmiş, bütün infrastruktur məhv edilmiş, qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri vəhşicəsinə uçurulmuş, ziyarətgahlar darmadağın edilmişdir. Bu vəhşilik, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır. Bütün bu dağıntılara, maddi və mənəvi ziyana rəğmən dövlətimiz bir tərəfdən də barbarlığa məruz qalan dini, tarixi, mədəni abidələrimizin bərpası ilə məşğuldur. Qarabağın mədəniyyət beşiyi hesab edilən Şuşada başlayan mədəni quruculuq işləri digər bölgələrimizdə də davam etdiriləcək. Qısa bir müddət ərzində Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı, Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olundu. Bütün bu mədəni fəaliyyətin bərpasında Heydər Əliyev Fondunun rolu danılmazdır. Qısa bir müddət ərzində Şuşada "Qarabağ" və “Xarıbülbül” otelləri istifadəyə verildi. Qarabağda 3 hava limanının tikilməsi də təsadüfi deyildir. Füzuli Hava Limanı artıq fəaliyyətə başlamışdır, Zəngilan və Laçın Hava Limanlarının da yaxın vaxtlarda fəaliyyətə başlaması istisna olunmur. Bu isə Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən, Kəlbəcərin füsunkar təbiəti, ekoturizm imkanları, İstisu kurortuna üz tutan istər yerli, istərsə də xarici turistlərin bu hava limanlarından istifadə etməklə səyahətlərini daha rahat və asan gerçəkləşdirmələrinə imkan yaradacaqdır. Həmçinin Xudafərin vasitəsilə İrandan, Naxçıvan üzərindən isə Türkiyədən turistlərin gəlməsi mümkün olacaq.
Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin çox növləri - ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar vardır. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası və konsepsiyası hazırlanmışdır. Kəlbəcərdə ənənəvi turizmdən əlavə, qış və sağlamlıq turizminin inkişafı mümkündür. Mədəniyyət beşiyi hesab olunan Şuşada əsasən festivalların keçirilməsi, Ağdamda "dark" - yəni işğalın nəticələrinin çılpaq şəkildə göstərilməsi və işgüzar turizm nəzərdə tutulub. Xocavənd rayonu da xüsusi turizm potensialına malikdir. Tuğ və Hadrutun şərab marşrutuna salınması daha uyğundur. Məşhur Azıx mağarası, Tağlar mağarası da bu ərazidə yerləşir. Suqovuşanla bağlı da müəyyən planlar mövcuddur.
Azərbaycan Turizm Bürosunun üzərində tamamlama işləri apardığı, yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək yeni “Qafqaz Albaniyası turizm marşrutu” da Qarabağın tarixini saxtalaşdıran erməni yalanlarının ifşası baxımından mühüm rol oynayacaq. Marşrut Qafqaz Albaniyasını araşdıran alimlərin məsləhət və tövsiyələri əsasında hazırlanır. Alban mədəniyyəti marşrutu Azərbaycanın 3 əsas dəhlizini - Bakı-Şəki-Zaqatala, Gəncə-Qazax və Qarabağı əhatə edir. Alban mədəniyyətinin izləri Qarabağda daha çoxdur. Burada Qafqaz Albaniyası ilə bağlı zəngin irs var. Bura məbədlər, kilsələr, həmçinin adət-ənənələr və s. daxildir. Qeyd edək ki, qədim Alban mədəniyyətinin izi ilə yaranacaq turizm marşrutu ölkəmizin, həmçinin Qarabağın zəngin və tarixi turizm potensialının tanıdılması istiqamətində xüsusi əhəmiyyət kəsb edəcək.
Qarabağın mövcud turizm potensialının tanıdılması üçün zəruri turizm infrastrukturunun yaradılması istiqamətində gərgin işlər davam edir. Xüsusi vurğulamaq lazımdır ki, turizmin iqtisadi tərəfi ilə yanaşı, tanıtım tərəfi də vardır. Turistlər həm Qarabağımızda dincələcək, təbiətin gözəlliyindən, mədəni-tarixi abidələrimizdən, yaradılmış əlverişli mühitdən zövq alacaq, həm də Ağdam, Cəbrayıl, Füzuli kimi ərazilərimizdə işğalın nəticələrini göstərmək üçün eksponat kimi nümayiş olunacaq bəzi tikililərlə də tanış olmaqla Qarabağın erməni barbarları tərəfindən hansı vəziyyətə salındığının, indi isə əsl sahibləri tərəfindən hansı vəziyyətə gətirildiyinin əyani şahidi olacaqlar. Ümumilikdə, Qarabağda turizmin inkişafı ilə bağlı planlar genişdir. Yaxın 4 ildə daxili və xarici turistləri nəzərə alaraq, Qarabağın 1 milyon insanı qəbul edəcəyi gözlənilir.
Qarabağ Dirçəliş Fondu
Prezident İlham Əliyevin müvafiq fərmanı ilə 2021-ci ilin əvvəlində yaradılmış Qarabağ Dirçəliş Fondu azad olunan ərazilərin bərpa prosesində könüllülük və bərabərhüquqluluq prinsipi əsasında iştirak etmək istəyən bütün vətəndaşlar üçün nəzərdə tutulmuş vahid platformadır. Fond xalqımızın Qarabağın bərpasında birlik və iştirakının təminatçısıdır. Qarabağ Dirçəliş Fondunun dinamik fəaliyyət qurması, bu fəaliyyət çərçivəsində, ölkə daxilindən və xaricindən gələcək qlobal və irimiqyaslı layihələr bu prosesdə böyük bir resurs qaynağı olacaqdır. Fondun yaradılması bir daha göstərir ki, Azərbaycan dövlətinin məqsədi təkcə ərazilərimizin erməni işğalından azad edilməsi deyil, eyni zamanda, azad olunmuş torpaqlarımızı hərtərəfli bərpa olunması, Qarabağ bölgəsinin tez bir zamanda inkişaf edərək ölkənin sosial-iqtisadi sisteminə daxil edilməsidir.
Sonda qeyd etmək lazımdır ki, bu gün Qarabağda kompleks tədbirlər planı icra olunur. Məqsəd azad olunmuş torpaqlarımızın tezliklə bərpa edilməsi, insanların doğma yurdlarına qayıtması və bu torpaqlarda həyatın canlanmasıdır. Gecə-gündüz dayanmadan həyata keçirilən fəaliyyət də deməyə imkan verir ki, yaxın vaxtlarda biz bu proseslərin reallaşmasına şahid olacağıq.
Nailə Tağızadə