Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır. 1992-ci il noyabrın 28-də daha 7 ölkənin - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə İƏT üzvlərinin sayı 10-a çatdı. Təşkilatın genişlənməsini rəsmiləşdirən həmin gün qurumun təqvimində “İƏT günü” kimi qeyd olunur.
İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.
Azərbaycan öz növbəsində hər zaman İƏT-in fəaliyyətinə böyük önəm vermişdir. Təşkilatın uğurlu fəaliyyəti, əlbəttə ki, bütün üzv ölkələrin marağındadır. Çünki üzv dövlətləri həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Dövlətimiz İƏT üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdir. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etmiş, bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri, istiqamətləri öz əksini tapmışdır. Təsadüfi deyildir ki, 2021-ci il 4 mart tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı zamanı dövlətlər İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin nizamnaməsini imzaladılar ki, bu istiqamətdə mövcud məsələ ilə bağlı müvafiq qərar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasi uzaqgörənliyi və təşəbbüsü ilə Bakıda İƏT Tədqiqat Mərkəzinin təsis olunmasına dair İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən qəbul edilib. 28 noyabrda Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında Prezident İlham Əliyev bununla bağlı bildirdi: “İqtisadi Əməkdaşlıq Təşkilatının mart ayında keçirilmiş XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalanmışdır. Mən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürümü bildirirəm. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək. Mən digər üzv dövlətləri bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirəm”.
İƏT-in XV Zirvə Toplantısını əlamətdar edən əsas hadisə, ədalətli qələbəsindən sonra ilk dəfə olaraq dövlət başçılarının bir araya toplanması, Azərbaycanın zəngin hərbi qələbəsini müzakirə etmək və bu qələbə münasibətilə Azərbaycanı təbrik etmək üçün mühitin yaranması idi. Bu addımı atan isə ilk olaraq hər zaman dəstəyini əsirgəməyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. O, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin əhəmiyyətindən danışaraq, bu Qələbənin bölgədə normallaşdırma səylərini gücləndirəcəyini bildirdi. Türkiyə Prezidenti çıxış edərək “Birlikdə gələcəyə” devizi ilə keçirilən Zirvə Toplantısının ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsət olduğunu vurğuladı. Ərdoğan Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək, Zəngəzur dəhlizinin əhəmiyyətini də xüsusi vurğuladı. Qardaş ölkə başçısı bölgədə birbaşa avtomobil yolu bağlantısının qurulacağı anonsunu verdi. Bununla da, Ərdoğan Ermənistanın hər vəchlə inkar etməyə çalışdığı Zəngəzur dəhlizinin reallıq olduğunu bir daha bəyan etdi. Prezident İlham Əliyev də çıxışında bildirdi ki: "Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər".
Sammitdən sonra Prezident İlham Əliyevin İƏT-ə üzv ölkələrin dövlət başçıları ilə təkbətək görüşləri baş tutdu. Prezidentin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə ilk dəfə olaraq görüşü reallaşdı. Aylardır davam edən gərgin İran-Azərbaycan münasibətləri konteksində belə bir görüşün həyata keçməsi xüsusi əhəmiyyət daşıyır. İran Prezidenti Aşqabad Sammitinin Prezident İlham Əliyevlə görüş imkanı yaratdığı üçün yaxşı bir fürsət olduğunu bildirərək, İranın Azərbaycan Respublikası ilə münasibətlərini təkcə qonşuluq münasibətləri kimi deyil, ürəklərin münasibəti, iki ölkənin xalqlarının ürəklərinin bir döyündüyü münasibət kimi səciyyələndirdi. İran Prezidenti Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyinin şəffaf və birmənalı olduğunu vurğuladı. O qeyd etdi ki, İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurların hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır. Görüş zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulandı.
Görüşdə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra regionda geosiyasi vəziyyətin dəyişdiyi bildirildi, bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi diqqətə çatdırıldı. Eyni zamanda, ölkələrimiz, habelə Azərbaycan, Rusiya və İran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edildi. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələr ətrafında geniş fikir mübadiləsi aparıldı. Sonda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalandı. Sazişin imzalanmasından sonra dövlət başçıları İranın kütləvi informasiya vasitələrinə müsahibə verdilər. Prezident İlham Əliyev bildirdi ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. İranla imzalanan sənədi tarixi sənəd olaraq səciyyələndirən dövlət başçısı qeyd etdi ki, Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var. Qeyd edək ki, türkmən qazının İran üzərindən Azərbaycana nəql edilməsi ilə bağlı əldə edilən razılaşmanın ölçüləri kifayət qədər böyükdür – ildə 1,5-dən 2 milyard kub metrə qədər. Türkmənistan qazından Bakı, Tehran və Aşqabad, həmçinin Türkiyə öz səmərəsini götürəcək.
İran Prezidenti ilə reallaşan bu görüş, təbii ki, Ermənistan tərəfindən birmənalı qarşılanmadı. Xüsusilə, İranın Azərbaycanın ərazi bütövlüyünün bərpasını və işğal olunmuş ərazilərin azad edilməsini alqışlayan bəyannaməni imzalası, üstəlik, digər ölkələrlə yanaşı, İranın da işğaldan azad olunmuş ərazilərimizə sərmayə qoymağa hazırlaşması rəsmi İrəvanı hiddətləndirməyə bilməz. Reallıq budur ki, İran dünyadan təcrid olunmuş vəziyyətdədir. Azərbaycanla mütəffiqlik regional platformada İrana yeni imkanlar gətirəcəyi halda, bataqlıqda olan Ermənistanla mütəffiqlik İranı daha da dalana dirəyir. Azərbaycanla səmimi münasibət İranın bütün gələcəyini sığortalayır. Görünür, İran hakimiyyəti bir qədər gec də olsa bu yanlışını anlaya bildi. Bu gün regionda Azərbaycanın əzmi ilə yeni bir geosiyasi reallıq yaranıb və region dövlətləri bu reallığı nəzərə almalıdırlar.
İƏT-in Aşqabadda keçirilən Zirvə Görüşünü Azərbaycan üçün olduqca uğurlu qiymətləndirmək olar. Zirvə Görüşündə qəbul edilmiş “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə Azərbaycanın maraqlarına cavab verən müddəaları ehtiva edir. “... İşğal olunmuş ərazilərin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə Azərbaycan Respublikası Hökumətini və Xalqını təbrik edərək və bunun mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanaraq, üzv dövlətləri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə və yenidənqurma işlərinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırırıq...”, - sənəddə deyilir. Həmçinin, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilən hesabatlarda “dəhliz” anlayışı “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı sənədlər” kontekstində öz əksini tapıb. Bu, həm də Bakının uğurlu xarici siyasətinin bariz nümunəsidir ki, bunun nəticəsində İƏT regionunda “Zəngəzur dəhlizi” termininin qəbuluna nail olmaq və əsas regional oyunçuların diqqətini bu nəqliyyat arteriyasına cəlb etmək mümkün olub. Bu isə Azərbaycan Prezidentinin təklif etdiyi “3+3” əməkdaşlıq formatına digər İƏT ölkələrinin də qoşula biləcəyi ehtimalını xeyli gücləndirir.
Aşqabad Zirvə Görüşündə daha bir vacib məqam isə Azərbaycan xalqını və hökumətini böyük qələbə münasibətilə təbrik edən 3 İƏT üzvünün həm də KTMT çərçivəsində Ermənistanın “müttəfiqi” olmasıdır. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Qazaxıstan, Qırğızıstan və Tacikistan da ölkəmizi tarixi qələbə münasibətilə təbrik ediblər. Onu da qeyd etmək lazımdır ki, bu dövlətlər münaqişə mövcud olduğu vaxtlarda belə hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyiblər. Ermənistan tərəfindən xüsusilə izlənilən Aşqabad Sammiti İrəvan üçün arzuolunmaz proseslərlə müşayiət olundu. İllərdir yürütdüyü işğalçı, şovinist siyasəti ilə Ermənistan hökumətinin əslində özünü parçaladığını və təklədiyini sübut etdi. Bu zirvə görüşü Azərbaycan diplomatiyasının növbəti uğuru, Ermənistanın isə beynəlxalq miqyasda növbəti biabırçı məğlubiyyətidir.
Nailə Tağızadə