"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Ölkə ərazisinin 3,5 faizini, Qarabağ ərazisinin isə təqribən 22,2 faizini Kəlbəcər rayonu təşkil edir. Sahəsi 3054 km² olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardı. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Mərkəzi Kəlbəcər şəhəridir. 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır.
Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Burada ilk məskən salan albanların izləri onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə kimi, ermənilər bu yerləri işğal altına alana qədər, qalmaqda idi. Rayonun "Qaragöl" və "Zalxa gölləri" sahillərində, "Ayıçınqıllı" və "Pəriçınqıllı" dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşlu bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olub. Çünki o cür nəhəng qaya parçalarını sonrakı nəsil çətin ki, yerindən tərpədə bilsin. Həmin yaşayış yerlərində o dövrə aid, yəni b.e.ə. III minilliyə dair gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və s. də tapılıb. Burada aşkar edilmiş qaya təsvirləri ilə Tunc dövründə yaşayan yerli tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaranır.
Azərbaycanın cənnət məkanı olan Kəlbəcər rayonunun ərazisini başdan-başa gülüstan adlandırmaq olar. Otuz mindən artıq bulağı olan Kəlbəcər rayonu sanki bir təbiət muzeyidir. Rayon ərazisində 4 mindən artıq bitki növü bitir ki, bunlardan da 200-ü dərman bitkisidir. Kəlbəcər rayonunda Alagöllər, Qaragöl, Zalxa və digər göllər mövcuddur. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılıb. Ərazidə yüksək keçən soyuq və dağ tundura iqlimi üstünlük təşkil edir. Rayonun iqlimi aşağı hissələrdə mülayim, 200 metrdən yüksəklikdə isə soyuq dağ iqlimidir. Yayı sərin, qışı nisbətən soyuq olur. Yağıntıların çox hissəsi ilin soyuq vaxtında və yazın əvvəlində düşür. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır. Ölkəmizin ən böyük çaylarından biri olan Tərtərçayın yuxarı axarı və qolları (Levçay, Tutqunçay), Bazarçay, Zəylik, Keşdək, Xaçınçay, Qaraağac çayı məhz Kəlbəcər rayonu ərzisindən başlanır. Böyük və Kiçik Alagöllər, Zalxagöl və Sərsəng su anbarı rayon ərazisindədir. Qafqaz geologiyasının atası hesab edilən V. Avix Kəlbəcər haqqında demişdir ki: “Kim Tərtərçay dərəsi boyunca seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər”.
Kəlbəcərdə dünya şöhrəti qazanmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə - balneoloji təsirə malik mineral su yataqları (ümumi istismar ehtiyatları 3093 m³/gün) yerləşir. Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri də rayonu dünyaya tanıdan və neçə milyon insanı sağaldaraq həyata qaytaran dirilik suyu – İstisudur.
İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarındadır. Göyçə gölündən 300 verstlik yolda yerləşir. Dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. Oradan dəmiryol stansiyasına (Ağstafaya) 112 verstlik maşın yoludur. Yevlax-Bərdə dəmir yolu ilə isə İstisuya Tərtər-Ağdərədən keçən yol 200 km-dir. Kəlbəcər-İstisu arası isə Tərtər çayı boyunca uzanan maşın yolu ilə 25 km-dir. 1940-cı ildə 2 sahədə (Kəlbəcər-Ağdərə, Kəlbəcər-İstisu) İstisu-Tərtər yolu çəkilmişdi.
İstisu mineral bulaqları 1138-cu ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlmişdir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəlikləri müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.
Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqay yazırdı ki: “. . . Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir”.
Dövrünün görkəmli kimyaçı alimi E. E. Karstenski Kəlbəcər ərazisindəki mineral suları yoxladıqdan sonra İstisunun müalicəvi əhəmiyyətini daha yüksək (hətta- Karlovı-Varıdan da yüksək) qiymətləndirmiş və bunun təkcə bu əraziyə, Azərbaycana, SSRİ-yə deyil, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdir. İstisuyun istiliyi 58,8°C qədərdir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxırdı. Sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən istifadə edirdi.
Rayonun İstisu qəsəbəsində keçmiş SSRİ-də Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi. İstisu mineral suyu rayon büdcəsinə ən çox gəlir gətirən təbii sərvətlərdən biri idi.
Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur. Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən strateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi. Kəlbəcərin işğalı zamanı rayonun 54 mindən artıq əhalisi məcburi köçkün düşmüş, 321 nəfər əsir düşmüş və ya girov götürülmüş, 511 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika və s. talan edilmiş və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 58 min (1993) nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınmışdı.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı. BMT qətnamələrini ordumuz öz rəşadəti hesabına reallığa çevirdi. Kəlbəcər rayonunun işğaldan azad olunması 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Bu bəyanata əsasən 2020-ci il 25 noyabr tarixində Kəlbəcər işğaldan azad edildi. Bu, Azərbaycanın böyük qələbəsidir. Azərbaycan heç bir hərbi əməliyyat keçirmədən, qan tökmədən Kəlbəcər rayonunu işğaldan azad etdi. Əgər Kəlbəcər müharibə yolu ilə işğaldan azad edilsəydi itkilərimiz qat-qat çox olacaqdı. Dövlətimizin apardığı uğurlu siyasət nəticəsində ermənilər məğlub edilərək işğal etdikləri ərazilərimizdən çıxarıldılar. 10 noyabr bəyanatına əsasən Kəlbəcərin 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir. Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi sona qədər bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır. Nəhayət, 25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır. Kəlbəcər rayonunun işgaldan azad olunduğu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu münasibətlə kəlbəcərliləri təbrik edən Prezident İlham Əliyev dedi : - “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu”.
İşgal altında qalmış bütün ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də bütün sərvətlərimiz istismar olunub, talanıb. Düşmən hər şeyi özününküləşdirərək iyrənc əməllərindən geri qalmamışdır. Burada olan mədəniyyət ocaqları, muzeylər, tarixi abidələr məhv edilmiş, dağıdılmış, saxtalaşdırılmış və qədim tarixə malik olan qiymətli əşyalar ölkəmizdən çıxarılmışdır. Kəlbəcər-Laçın bölgəsi tarixi-mədəni abidələrlə zəngindir. Dünya əhəmiyyətli memarlıq abidələrinə Kəlbəcər rayonunda Gəncəbasar monastırı (XIII əsr), Tərtər çayının sahilində Xudavəng monastırı (XIII-XVII əsrlər) aid edilir. Kəlbəcərin Çıldıran, Qarnakar, Qocaqot kəndlərində alban məbədləri, ilk və orta tunc dövrünə aid yaşayış yerləri ölkə əhəmiyyətli tarixi- mədəni abidələr siyahısına aiddir. Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Tarixən oğurluqla məşğul olan erməni milləti öz “tarixçiləri”nin əlləri ilə qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə edib və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqoryan kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq. Şəki şəhərində, Qəbələ rayonunda da bu kilsələr mövcuddur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində qədim Udi Qafqaz Albaniyası kilsəsi yenidən bərpa olunmuşdur. Dövlət bu kilsələri mədəni sərvətimiz kimi qoruyur. Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünyanın gözü qarşısındadır, 44 günlük Vətən müharibəsində də bir daha dünya bu həmrəyliyin şahidi oldu. Alban kilsələri ilə bağlı narahatlıq keçirən, müxtəlif şayələr yayan bəzi Qərb dairələri yaxşı olar ki, bizim işğal dövründə Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzulidə dağılmış, təhqir olunmuş, donuz saxlanılmış məscidlərimizlə bağlı da bir fikir bildirsinlər.
2021-ci il 16 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Kəlbəcərdə oldular. Dövlətimizin başçısı Kəlbəcər şəhərində Azərbaycanın üçrəngli bayrağını qaldırdı. Prezident çıxışı zamanı bildirdi ki: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum əməliyyatının tərkib hissəsi idi. Biz əks-hücum əməliyyatını bir neçə istiqamətdə aparırdıq və hər istiqamət önəmli idi. Çünki biz artıq bəzi istiqamətlər üzrə müdafiə xəttini yararaq işğalda olan torpaqları azad edirdik, bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq. Bəzi istiqamətlər üzrə, sadəcə olaraq, hərbi manevrlər apararaq erməni silahlı birləşmələrinin başqa yerə göndərilməsinin qabağını alırdıq. Beləliklə, Kəlbəcərin bir hissəsi, kiçik olan hissə döyüş meydanında azad edildi. Ancaq əksər hissəsi, böyük hissə Ermənistan kapitulyasiya aktına imza atandan sonra azad edildi”.
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Kəlbəcər bu gün özünün yeni dövrünə qədəm qoyub. Şanlı ordumuzun düşmən üzərində qazandığı tarixi zəfər nəticəsində azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də həyat yenidən başlayır. Kəlbəcərə ilk səfəri zamanı dövlət başçısının Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlini qoyması, tamamilə yenidən qurulan Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası ilə tanış olması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etməsi, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyması bir daha Kəlbəcərin cənnət guşəyə çevriləcəyindən xəbər verir və regional layihələrin həyata keçirilməsində dövlətimizin iradəsini nümayiş etdirir. Kəlbəcərin bərpası insanların buraya qayıdışı, sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar açacaq.
İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı çərçivəsində infrastrukturların yenidən qurulmasına dair layihələrin icrasına başlanıb. Kəlbəcərin bərpa sənədlərinə əsasən, rayonun yalnız 58 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və 56 kənd yenidən qurulacaq. Bu isə o deməkdir ki, rayonun 68 kiçik kəndi digər iri yaşayış məntəqələrinə birləşdiriləcək. Bərpa proqramında iri yaşayış məntəqələrinə birləşdiriləcək kəndlərin siyahısı da əksini tapıb. Beləliklə, hazırda əhalisinin sayı 75 min 714 nəfər təşkil edən Kəlbəcər rayonun bütün sakinləri 1 şəhər, 1 qəsəbə və 56 kənddə yerləşdiriləcək. Bərpa planına əsasən, Kəlbəcərdə yaşayış məntəqələrinin yenidən qurulması 4 mərhələdə həyata keçiriləcək. Birinci növbədə bərpa olunacaq ərazilərə 13 yaşayış məntəqəsi daxildir: Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, Zar, Keşdək, Qılınclı, Qamışlı, Hacıkənd, İlyaslar, Lev, Zallar, Başlıbel, Ağcakənd və Zülfüqarlı kəndləri aiddir.
İkinci növbədə bərpası nəzərdə tutulan yaşayış məntəqələri üzrə yenidənqurma tədbirləri 3 fazaya bölünür. Birinci fazada 39, ikinci fazada 5 kəndin bərpası nəzərdə tutulur.
Ağdaban kəndi və keçmiş Ağdərə rayonunun Kəlbəcərin inzibati ərazisinə daxil edilmiş 23 yaşayış məntəqəsinin bərpası və yenidən qurulması isə üçüncü fazada icra olunacaq.
İri yaşayış məntəqələrinə birləşdiriləcək kəndlərin siyahısı da diqqət çəkən məqamlardandır. Belə ki, birinci növbədə bərpa olunacaq 13 yaşayış məntəqəsindən 9-u kiçik kəndlərin birləşdirilməsi hesabına bir az da böyüyəcək. Məsələn, qonşu Boyaqlı kəndi Kəlbəcər şəhərinə, Bəzirxana Zar kəndinə, Quzeyçirkin və Alçalı Qılınclıya, Qaragüney Zülfüqarlı kəndinə birləşdiriləcək.
Dörd yaşayış məntəqəsi - İstisu qəsəbəsi, Başlıbel, Keşdək və İlyaslar kəndləri isə müstəqil şəkildə əvvəlki yerində bərpa olunacaq. Bərpa planında İstisu qəsəbəsində 425, Başlıbeldə 559, Keşdəkdə 543, İlyaslarda 600 ailənin yerləşdirilməsi üçün yaşayış sahələrinin tikilməsi nəzərdə tutulur.
İkinci növbədə bərpa olunacaq yaşayış məntəqələri arasında birləşdiriləcək kəndlərin sayı daha çoxdur. Bu mərhələdə yenidən qurulacaq Dalqılınclıya 5 (Dərəqışlaq, Barmaqbinə, Otqışlaq, Alolar və Kaha), Tirkeşəvəndə 5 (Qalaboyun, Qaraxançallı, Zərqulu, Qazıxanlı və Alıbəyli), Abdullauşağına 4 (Mozqaraçanlı, Fətallar, Moz və Ağyataq), Xallanlıya 3 (Alırzalar, Şahkərəm və Çovdar) kənd birləşdiriləcək.
Bərpa proqramında Kəlbəcərin qonşu Laçın rayonu və respublikanın digər bölgələri ilə əlaqəsini təmin etmək üçün bir neçə iri yol layihəsi layihəsi nəzərpdə tutulur. Buraya ümumi uzunluğu 80,7 km olan Toğanalı-Kəlbəcər-İstisu yolu, Kəlbəcəri Laçınla birləşdirən 72,3 km-lik magistralı, 51 kilometrlik İstisu-Minkənd yolunun, Murovdağın altından Kəlbəcərə 11,6 kilometrlik, Kəlbəcər-Laçın yolu üzərində inşasına başlanmış 3,4 kilometrlik tunellər aiddir.
Qarabağın digər bölgələri kimi Kəlbəcər də dirçəlir, canlanır. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Kəlbəcərdə indi dövlət bayrağımız qürurla dalğalanır. Rayon ərazisi həm mədəni, həm də iqtisadi sahədə yenə öz sözünü deyəcək və xalqımıza yeni töhfələr verəcəkdir. Bütün bunlar isə yaxın gələcəkdə Qarabağı təkcə bölgənin deyil, dünyanın turizm istiqamətlərindən birinə çevirəcəyinə şübhə yaratmır. Təkbaşına öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycanın qalib ordusu bu gün Qarabağda dayanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaq: “Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.
Nailə Tağızadə