Qlobal Bakı Forumu ən aktual müasir çağırışları müzakirə etməyə imkan verən çox mühüm hadisədir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərindən biridir. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Prezidentin 23 dekabr 2011-ci il Sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə fəaliyyətini davam etdirən qeyri-hökumət təşkilatı olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Mərkəz artıq səkkizinci dəfədir ki, Qlobal Bakı Forumunu təşkil edir. Forum qlobal gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə kifayət qədər qısa müddət ərzində dünya platformalarından birinə çevrilib. 2013-cü ildən bugünədək sayca 8 Qlobal Bakı Forumu və 42 Yüksək Səviyyəli Toplantı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. 2020-ci ildə keçirilməsi nəzərdə tutulan VIII Qlobal Bakı Forumu Covid-19 pandemiyası ilə əlaqədar təxirə salınmışdı. Forumun gündəliyi çox genişdir. Adından da göründüyü kimi Forumun əsas müzakirə mövzusu qlobal gündəlikdə duran bir nömrəli məsələ - pandemiya ilə bağlıdır. Bundan əvvəl də Azərbaycan qlobal müstəvidə pandemiya ilə əlaqədar görüşlərin təşəbbüskarı olmuşdur. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq ötən il Azərbaycanın təşəbbüsüylə aprel və may aylarında hər iki təşkilatın COVID-ə həsr olunmuş xüsusi Zirvə görüşü keçirildi. Qoşulmama Hərəkatının Sammitində Prezident BMT-nin Baş Assambleyasının COVID-ə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bu təşəbbüs beynəlxalq birliyin mütləq əksəriyyəti tərəfindən dəstəklənmişdi. Bu xüsusi sessiya keçən ilin 3 və 4 dekabr tarixlərində baş tutdu.
Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda çıxışı zamanı Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım etdiyini, təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin etdiyini xüsusi vurğuladı. Eyni zamanda, dövlətimiz yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi edib. Çıxışında Vətən müharibəsinə də toxunan dövlət başçısı qeyd etdi ki: " Birinci Bakı Qlobal Forumundan başlayaraq hər yeddi Forumda haqqında danışdığım mövzudur – Ermənistan–Azərbaycan münaqişəsi. Bu gün isə demək istəyirəm ki, münaqişə həll edilib. Azərbaycan özü münaqişəni həll etdi". Prezident bildirdi ki, bundan sonra gələcəyə baxmalı, regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin etməliyik. Bunun üçün hər şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki bizim mövqeyimiz tam aydındır - biz sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına hazırıq.
Qeyd edək ki, sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulub.
Latviya Prezidenti Eglis Levits videomüraciətində Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirərək, dünyanın hazırkı vəziyyətinin dəqiq nizam-intizam və qlobal səfərbərlik tələb etdiyini vurğuladı. Böyük Britaniyanın Azərbaycandakı səfiri Filip Barkley Böyük Britaniya Hökuməti və öz adından Qlobal Bakı Forumuna uğurlar arzulayaraq, Böyük Britaniyanın Baş naziri Boris Consonun Foruma ünvanladığı müraciətin mətnini oxudu. Boris Conson Birləşmiş Krallıq ilə Azərbaycanın tərəfdaşlığını, Bakı Forumunun dünya üçün əhəmiyyətini qeyd edərək bildirirdi ki: "Birləşmiş Krallıq Azərbaycanın etibarlı tərəfdaşıdır və bu, belə də qalacaq. Gələcək illərdə tərəfdaşlığımızın davamlı inkişafına ümid edirəm”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından çıxış edən Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım da Forumun əhəmiyyətini vurğulayaraq: Bakı Forumunun mövzusunun “COVID-19-dan sonrakı dünya” olaraq müəyyənləşdirilməsini də vaxtında və tam yerində olan düşüncə olaraq görürəm. Forumun həmsədrlərini və bütün heyətini bu gözəl mövzuda toplantı təşkil etdikləri üçün təbrik edirəm - deyə qeyd etdi. Roma Papası Fransisk tədbir iştirakçılarına xüsusi müraciətində Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə təsadüf edən bu mühüm tədbiri beynəlxalq birlik rəmzi kimi dəyərləndirdi. COVID 19-un Forumun gündəliyinin əsas mövzularından biri olmasının əhəmiyyətini xüsusi vurğulayan Roma Papası tədbir iştirakçılarına uğurlar arzulaydı. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus videobağlantı vasitəsilə çıxış edərək İlham Əliyevə Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımı göstərdiyi və Qoşulmama Hərəkatının sədri kimi peyvəndin digər ölkələrlə bölüşdürülməsi təşəbbüsüylə çıxış etdiyi üçün öz minnətdarlığını bildirdi. Dünyanın hər bir yanından dövlət, hökumət nümayəndələri səviyyəsində olunan bu müraciətlər onu göstərir ki, Bakı Forumu sərhədləri aşaraq beynəlxalq bir tədbir kimi öz yerini tutub.
Panellər formasında təşkil olunan tədbir çərçivəsində “COVID-19-dan sonra yaranan yeni dünya nizamı”, “Yeni dünya iqtisadiyyatı”, “Yeni dövrdə: sülh, təhlükəsizlik və insan hüquqları”, “İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, “Səhiyyə və insanların peyvənd edilməsi”, “Qida və qida təhlükəsizliyinin təşviqi”, “Gənclər danışır, biz dinləyirik”, “Şərq tərəfdaşlığı və onun imkanları” mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq. Azərbaycan qlobal səviyyədə atdığı addımlarla, həmçinin “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumuna ev sahibliyi etməklə bu xəstəliyin öhdəsindən gəlmək üçün beynəlxalq ictimaiyyətin səylərinin daha da birləşdirilməsinin və dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşma nümayiş etdirməsinin zəruriliyini vurğulayır.
Bu gün Qlobal Bakı Forumunun əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən fəaliyyətlərə töhfə verməkdir. Qlobal Bakı Forumu Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Bakının belə forumlara ev sahibliyi etməsi Azərbaycanın həm mədəni, həm iqtisadi, həm də siyasi baxımdan dünyada tanınmasına gətirib çıxarır. Həmçinin bu cür qlobal əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rola dinamika gətirir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlərə dünyanın görkəmli siyasətçiləri dəvət edilir. Bütün bunlar Azərbaycanın rolunu xeyli dərəcədə gücləndirir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ənənəvi olaraq Bakıda təşkil olunan Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif yüksək səviyyəli görüşlərə ev sahibliyi edərək ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilmişdir.
Nailə Tağızadə