Zəngəzur dəhlizi həm tarixi aspektdə, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Burada geosiyasi, siyasi, ideoloji, coğrafi, iqtisadi, sosial-mədəni, hüquqi və təhlükəsizlik məqamları bir-biri ilə çulğaşıb. Məhz bu səbəbdən Zəngəzur dəhlizinin işə salınması adi hadisə deyil – onun arxasında müxtəlif vacib faktorlar dayanır.
Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi son addımlar zamanımızın ən aktual məsələlərindəndir. İstər ölkə ictimaiyyəti, istər region ölkələri, istərsə də dünya bu prosesi maraqla izləyir. Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında torpaq rabitəsinin təmin edilməsi məsələsi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabrda imzaladığı birgə bəyanatda əksini tapmışdır. Bu əlaqə Zəngəzur Dəhlizi tərəfindən təmin edilməlidir. Hazırda Azərbaycan tərəfindən bu dəhlizin açılması istiqamətində ciddi işlər görülür.
Zəngəzur dəhlizinin əhəmiyyətini aşağıdakı bir sıra vacib amillərlə sadalamaq mümkündür:
- Zəngəzur dəhlizinin açılması bölgənin və eləcə də türkdilli ölkələrin iqtisadiyyatına təsir göstərəcək. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşdirən özək rolunu oynayacağını bildirib. Belə ki, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək;
- Dəhliz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətinin artmasına şərait yaradacaqdır. Bununla da bölgədə ticarət artacaq və əhalinin yaşayış səviyyəsində ciddi irəliləyişlər müşahidə olunacaqdır;
- Dəhlizin açılması ilə Azərbaycanın bölgədəki nəqliyyat qovşağına çevriləcəyi bəllidir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Xatırladaq ki, bu gün respublikamız Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, həm birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına mühüm təsir göstərir, həm də maliyyə dəstəyi nümayiş etdirir;
- Naxçıvanın Azərbaycanın əsas ərazisindən bu nəqliyyat dəhlizlərinə çıxmasını təmin edəcəkdir. Xüsusilə, Naxçıvan işgüzar dairələrinin Şərq-Qərb nəqliyyat dəhlizinə çıxışının təmin edilməsi baxımından vacibdir;
- Dəhliz eyni zamanda Azərbaycanın Türkiyə ilə əlaqələrini gücləndirəcək və ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaqdır. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək;
- Çinin müxtəlif KİV orqanları, siyasətçiləri, analitikləri, iş adamları "Bir kəmər, bir yol" layihəsi çərçivəsində həmişə "Orta yol" adlandırdıqları nəqliyyat dəhlizinə ciddi önəm verir və həmin kontekstdə son zamanlar Zəngəzur dəhlizini mütləq vurğulayırlar. Bu dəhliz Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İranla yanaşı, Asiya-Sakit okean regionu ölkələrinə də böyük fayda verə bilər. Təbii ki, burada Çinin qazana biləcəyi daha çoxdur. Çinin Avropa ilə ticarətinin 96 faizinin okean vasitəsilə həyata keçirilməsinə baxmayaraq, 2013-cü ildə "Bir kəmər, bir yol" təşəbbüsündən sonra Cənubi Qafqazın əhəmiyyəti Pekin üçün çox artıb. Buna görədir ki, Çin "Şərq-Qərb" marşrutu kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TITR) layihəsinə investisiya qoymağa başlayıb. Həmin bağlılıqda rəsmi Pekin Avropaya açılan istənilən təhlükəsiz marşruta ciddi dəstək verir. Şübhəsiz ki, Çin-Rusiya-İran-Azərbaycan xəttində mühüm məntəqə olan Zəngəzur dəhlizi də Pekin üçün Türkiyə vasitəsilə Avropa və Körfəz ölkələrinə, Afrikaya yeni imkan deməkdir. Bu marşrut həm ucuz, həm də digərlərinə nisbətən qısadır;
- Zəngəzur dəhlizi hər şeydən əvvəl regional əməkdaşlıq qarşısında illərdir dayanan maneələrin aradan qaldırılmasına xidmət edəcəkdir. Burada məsələnin bir tərəfi Qarabağın Azərbaycana reinteqrasiyası ilə bağlıdırsa, digər aspekti kommunikasiyaların açılmasını əhatə edir.
Bütün bu sadalananlar onu göstərir ki, Zəngəzur dəhlizi regional əməkdaşlıq və beynəlxalq layihələrin icrası aspektlərində böyük dövlətlər üçün də əhəmiyyət kəsb edir. Bu marşruta müxtəlif istiqamətlərdə əməkdaşlığın mühüm bəndlərindən biri kimi baxılır. Qeyd etmək lazımdır ki, region dövlətlərinin Zəngəzur dəhlizi də daxil olmaqla, bütün kommunikasiya şəbəkəsindən səmərəli və koordinasiyalı istifadə edilməsinə imkan verən əməkdaşlıq formatı haqqında təklifin də təşəbbüskarı Azərbaycandır. Söhbət artıq ekspertlərin də maraqla müzakirə etdiyi "Altılıq" platformasından gedir. Burada Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistanın əməkdaşlıq və təhlükəsizlik sahələrində ortaq fəaliyyət göstərmək üçün xüsusi platformada birləşməsi nəzərdə tutulub. Yəni, bu ölkələr regiondan kənarda olan qüvvələrlə əməkdaşlıq və təhlükəsizlik məsələlərində razılaşdırılmış formada və bir əməkdaşlıq formatının üzvləri kimi iştirak etməlidirlər. Deməli, Zəngəzur dəhlizi həmin altı dövlət üçün geosiyasi və geoiqtisadi aspektlərdə eyni dərəcədə əhəmiyyət kəsb edir və onun təhlükəsizliyi onların hər birinin vəzifəsidir. Eyni zamanda, gələcəkdə regionun altı dövləti müxtəlif beynəlxalq layihələrdə bir tam kimi iştirak edə bilərlər. Bu isə, birincisi, regional təhlükəsizliyin davamlı təminatı, ikincisi, regional əməkdaşlıqla qlobal əməkdaşlıq arasında sağlam əlaqənin yaradılması deməkdir. Bu prosesin mərkəzində Zəngəzur dəhlizinin dayandığını təsəvvür etmək çətin deyil.
İqtisadi baxımdan bu dəhliz, nominal ÜDM-si 1,1 trilyon ABŞ dollarından çox olan türkdilli ölkələri birləşdirməklə yanaşı, Azərbaycanın strateji əhəmiyyətini də artıracaqdır. Belə ki, Türkiyə 761,4 milyard dollar, Qazaxıstan 181,7 milyard dollar, Özbəkistan 57,9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızstan 8,5 milyard dollar nominal ÜDM-ə malikdir. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Bu isə türk dövlətlərinin güclənməsini, beynəlxalq və regional siyasi proseslərdə iştirakını daha təsirli edəcəkdir. Eyni zamanda türk dövlətləri, eləcə də bölgə ölkələri arasında inteqrasiya proseslərini gücləndirəcəkdir.
Bu gün Ermənistanda bəzi dairələr Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırlar. Ancaq onların fəaliyyətinin nəticəsizliyi ölkə rəhbərimiz tərəfindən dəfələrlə ifadə edilmişdir. Ermənistanın başqa çarəsi yoxdur. Zəngəzur dəhlizi ya könüllü olaraq açılacaq, ya da Ermənistan buna məcbur olacaq. Bölgənin gələcəyi çoxtərəfli əməkdaşlıqla əlaqəlidir və Zəngəzur dəhlizinin açılması bu mənada əsas məqamdır. Ermənistanın hərbi-sənaye kompleksi Azərbaycana rəqib olmaq və müqavimət göstərmək iqtidarında deyil. Münaqişənin yenidən başlaması Ermənistanın dünya xəritəsindən tamamilə yox olması deməkdir. Buna görə də, iqtisadiyyatı Cənubi Qafqazın bütün iqtisadiyyatının 75 faizini təşkil edən çiçəklənən Azərbaycanla əməkdaşlıq etmək Ermənistan üçün faydalıdır. Ermənistan Zəngəzur dəhlizinin üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edər. Əks halda, təcavüzkar siyasətindən əl çəkməsə, bu ölkədə demoqrafik problemlər daha da kəskinləşəcək, işsizlik səviyyəsi daha da artacaq, mühacirət və yoxsulluqla müşayiət olunan oxşar iqtisadi vəziyyət getdikcə ağırlaşacaq, düşmən respublikada xaos və özbaşınalıq daha da dərinləşəcək. Buna görə də Ermənistan inkişaf istəyirsə, revanşizmi unutmalı və Azərbaycanın təklif etdiyi əməkdaşlıq formulunu qəbul etməlidir.
Dövlət başçısı Zəngəzur dəhlizinin əhəmiyyətinə xüsusi ilə böyük önəm verməkdədir. Çıxışlarının birində Prezident İlham Əliyev bildirib ki, bu dəhliz Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini möhkəmləndirməsinə imkan verəcəkdir. Ölkə başçısı Asiya-Sakit okean bölgəsindəki tərəfdaş ölkələri də bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət etmişdir. Şərqi Zəngəzurda yerləşən Zəngilanın qədim torpağımız olan Qərbi Zəngəzurla, daha sonra Ordubaddan Naxçıvan və Türkiyə ilə əlaqəsi növbəti tarixi nailiyyətimiz olacaqdır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında fəal iştirak edir, birbaşa inkişafına maliyyə dəstəyi verir, bu nəqliyyat dəhlizlərinin regional hissəsinin gücləndirilməsində aktiv rol oynayır.
Regional və qlobal miqyasda Zəngəzur dəhlizinin işə düşməsi ciddi geosiyasi və geoiqtisadi yeniliklərə təkan verəcək. Bunlarla yanaşı, Zəngəzur dəhlizi Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq statusunu daha da artıracaq. Bu gün beynəlxalq layihələr üçün Azərbaycan ərazisi sözün əsl mənasında regionun nəqliyyat qovşaqlarının habı rolunu oynayır. Zəngəzur dəhlizi bu baxımdan Azərbaycanı bir neçə istiqamətdə region, Asiya və Avropa ilə birləşdirən strateji məkan statusunu ala bilər. Təcrübə göstərir ki, faktiki olaraq, dünyanın böyük gücləri Zəngəzur dəhlizinin bu funksiyasını artıq qəbul edib ona dəstək ifadə edirlər. ABŞ və Rusiya prezidentlərinin son görüşündə Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması zərurəti bir daha vurğulanıb. Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı Zəngəzur dəhlizinin regional əməkdaşlıq baxımından əhəmiyyətini xüsusi vurğulayaraq reallaşmasının zəruri olduğunu bir daha qeyd etdi. Türkiyə və Azərbaycan rəhbərliyi də bu məsələni daim gündəmdə saxlayır. Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanan müttəfiqlik haqqında birgə Şuşa Bəyannaməsində də Zəngəzur dəhlizi müddəa kimi nəzərdə tutulub. İki qardaş ölkə Zəngəzur dəhlizini reallaşdırmaqda qərarlıdır. Təsadüfi deyil ki, 26 oktyabrda Rəcəb Tayyib Ərdoğanın tarixi Qarabağ səfərində Zəngəzur dəhlizinin təməli iki dövlət lideri tərəfindən qoyuldu. Belə ki, 2021-ci il 26 oktyabr tarixində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyuldu. Bununla da regional əməkdaşlıqda yeni bir mərhələnin əsası qoyulmuş oldu. Türkiyə Prezidenti Qarabağda həyata keçirilən bu layihələrin ayırıcı deyil, birləşdirici olduğunu, İran, Gürcüstan və Ermənistan da daxil olmaqla, Azərbaycanın bütün qonşularının bundan istifadə edə biləcəyini vurğuladı. Ərdoğan bildirdi ki: "Biz bölgədə davamlı sülhün və hərtərəfli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik. Bölgənin tranzit, logistik mərkəz kimi mövqeyi möhkəmlənəcək". Prezident İlham Əliyev isə vurğuladı ki: "Burada olarkən Zəngəzur dəhlizindən danışmaya bilmərik. Zəngilan Şərqi Zəngəzurda yerləşir. Buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin reallaşdırılması üçün praktiki addımlar atırlar və əminəm ki, bu addımlar yaxın gələcəkdə öz nəticələrini verəcək.
Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq, regionda davamlı sülhün və sabitliyin təmin edilməsində önəmli rol oynayacaq. Dəhlizin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq. Ən vacib nüanslarından biri ondan ibarətdir ki, Zəngəzur dəhlizi nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, həmçinin Xəzər və Aralıq dənizindən başlayaraq Cənub Şərqi Asiya və Mərkəzi Asiya olmaqla Avropa arasındakı nəqliyyat-logistika xətti olmaqla davam edəcək. Ən əsas amil isə bu dəhlizi reallaşdırmaqla Azərbaycan tarixi ədaləti bərpa edəcək. Dövlət başçısının da vurğuladığı kimi, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir... Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Nailə Məmmədova