Tarixdə Bərgüşad mahalı kimi tanınan Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Qarabağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Ancaq Qarabağ xanı Pənahəli xanın uzaqgörən, müdrik siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz hissəsi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir. Azərbaycan xalqının tarixi faciəsi kimi yaşanan 1921–ci ildə daşnak–bolşevik ittifaqının nəticəsi olaraq, imperiya mahalı iki yerə böldü. Qubadlı, Laçın və Zəngilan Azərbaycanın inzibati ərazisində qaldı.
Qubadlı rayonu 1930-cu ildə təşkil olunub. Rayon Azərbaycanın cənub-qərbində, Qarabağ silsiləsinin cənub-qərb ətəklərində yerləşir. Ən uca nöqtəsi dəniz səviyyəsindən 2003 metr yüksəklikdəki Topağac zirvəsidir. Ərazisindən Bərgüşad və Həkəri çayları axır. Şimalda Laçın, qərbdə Ermənistan Respublikası (120 km), şimal-şərqdə Xocavənd rayonu (42 km), şərqdə Cəbrayıl, cənubda və cənub-qərbdə isə, Zəngilan rayonu ilə həmsərhəddir. Rayonun səthi, əsasən, dağlıqdır. Bölgədə əsasən, qəhvəyi dağ – meşə torpaqları yayılıb. Meşələrində fıstıq, palıd, vələs, göyrüş bitirdi. Meşənin sahəsi 13.2 min hektar idi. Faunası və florası çox zəngin idi.
1993-cü il avqust ayının 31-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən 802 km² sahəsi, 30,3 min nəfər əhalisi, 1 şəhər və 93 kənddən ibarət olan qədim Qubadlı rayonunu bütünlüklə işğal etdilər.
İşğaldan əvvəl Qubadlı rayonunda 21 orta, 26 səkkizillik, 15 ibtidai məktəb, 300 yerlik 4 xəstəxana və 33 səhiyyə müəssisəsi, 111 mədəni maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub, 6 avtoklub, 23 kino qurğusu, eləcə də, 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti, 21 rabitə müəssisəsi fəaliyyət göstərirdi.
Qubadlı şəhəri ərazisində aşkar olunmuş “Xırman yeri” adlı yaşayış yeri, Əliquluuşağı kəndində aşkar olunmuş “Qalaça”, “Koroğlu qalası”, Muradxanlı kəndi ərazisində “Mal təpə” abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir. Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar b.e.ə. I yüzillikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir. Bunların sırasında Əliquluuşağı kəndi ərsizində “Mağara” məbədi (IV əsr), “Qalalı” qalası, qədim “Göy qala” (V əsr), Gayr dərəsində “Mağara” məbədi (IV əsr), Zor və Balahəsənli kəndindəki sığınacaqlar (IV əsr), Muradxanlı kəndində yeraltı keçidlə “Qalalı” qalası (V əsr), Laləzar körpüsü (1867-ci il), Mahmudlu kəndi ərazisində “Qara qaya” sığınacağı, Xocamusaxlı kəndində “Qalaçid” qalası (XIV əsr), Dondarlı kəndində Hacıbədəl körpüsü (XVIIIəsr), eləcə də Əyin, Dondarlı, Dəmirçilər, Yusifbəyli, Seytas, Qarağaclı, Mahrızlı, Xocamsaxlı kəndlərindəki qədim Daş sandıq, Daş qoyun fiquru, Cavanşir türbəsi, eləcə də bir sıra qədim məscidlər, türbələr, sığınacaqlar, körpülər, bulaqlar və digər tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vandalizminə məruz qalmış, dağıdılmış və məhv edilmişdir. Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan etmişlər.
Şanlı ordumuzun tarix yazdığı 44 günlük Vətən müharibəsinin 29-cu günündə - 2020-ci il 25 oktyabr tarixində Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Qubadlının işğaldan azad olunduğunu bildirdi. Qubadlının işğaldan azad olunması düşməni sarsıtdı, millətimizə isə qələbəyə daha da yaxınlaşdığımızın müjdəsini verdi. Qubadlı zəfərimizlə böyük strateji üstünlük əldə olundu. Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirdi. Qubadlı Laçın dəhlizinə gedən rayondur. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb. Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Çünki Laçın rayonuna gedən yol Ermənistanın dövlət sərhədinin yanı ilə keçir və Ermənistan daim o tərəfdən atəş açırdı. Ona görə də hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir. Beləliklə, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird kəndi, Səfiyan kəndi, Türklər kəndi azad edilib və eyni zamanda, strateji yüksəkliklər ələ keçiriləndən sonra bu, bizə imkan verdi ki, Laçın dəhlizi artıq atəş altına düşsün. Həmçinin Qubadlı rayonu Ermənistanla Azərbaycan arasında rəsmi dövlət sərhədində yerləşən ərazidir. Qubadlının işğaldan azad olması ilə biz Ermənistanla aramızdakı rəsmi dövlət sərhədini də bərpa etmiş olduq. Artıq Qubadlı ilə Ermənistan-Azərbaycan sərhədlərinin bərpası başlanıldı. Bütün bunlar onu göstərirdi ki, hərbi əməliyyatların taktikası hər bir incəliyinə qədər hesablanmışdı. Qubadlı uğuru onu göstərirdi ki, düşmənin atəş gücü, ondan sonra bütövlükdə ordunun əsgərlə təchizatı çox minimal səviyyədə idi. Ordumuz əsl tarix yazdı. 24 iyun 2021-ci il tarixində Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etmiş 5867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın müharibədə qalib gəlməsindən az bir müddət sonra - 2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Qubadlı rayonunda oldular, Qubadlı şəhərində müqəddəs Bayrağımızı qaldırdılar. Dövlət başçısı çıxışında bildirdi ki: "Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, bizim növbəti istiqamətimiz Qubadlı rayonu idi və şəhərdə ermənilər güclü istehkam qurmuşdular. İndi şəhərdən əsər-əlamət qalmayıb, bütün binalar dağıdılıb, sökülüb və yol boyunca Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılıb. Ancaq burada, şəhərin girəcəyində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkam qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirilib. Bu, özlüyündə hərbi cinayətdir. Bu cinayətə və bütün digər cinayətlərə görə Ermənistan dövləti cavab verəcəkdir".
Bu gün Qubadlı artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyub. Ermənistan ilə sərhəddə yeləşən Qubadlı rayonu strateji coğrafi yerləşməyə sahib olmaqla yanaşı, həmçinin Azərbaycanın xarici iqtisadi əlaqələrinə də töhfə vermə imkanlarına malik olacaq. Qubadlı əlverişli təbiəti və füsunkar mənzərəsi ilə də fərqlənir. Bu daxili, o cümlədən gəlmə turzim üçün yeni imkanlar deməkdir.
Qubadlı da Qarabağın digər bölgələri kimi dirçəlir, canlanır. Təkbaşına öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycanın şanlı bayrağı bu gün Qarabağda dalğalanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaq: “Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.
Nailə Məmmədova