Şanlı ordumuzun Zəngilan zəfəri


No description available.

XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılıb. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir.

1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat kilometr, əhalisi 35 mindən çox olub. Ərazisinə bir şəhər, bir qəsəbə, 83 kənd daxildir. İşğal ərəfəsində rayon ərazisində onlarla milli və dini-tarixi abidə olunmuşdur.

1992-ci ilin əvvəlindən Zəngilanın sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali gizləyib saxladıqları ov tüfəngləri ilə torpaqlarımızı qoruyurdular. Ermənilər isə xarici havadarların köməyilə mükəmməl silahlanmışdılar. Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı. 1993-cü il oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəkliklərinin də işğalı ilə Zəngilanın mühasirəsi başa çatmışdı. Həmin ilin 29 oktyabrında Zəngilan düşmən tərəfindən işğal edildi. Doğma yurdunu tərk edən təxminən 34 min əhali İran sərhədinə - Araz çayının kənarına toplaşır. Gursulu Araz çayını isə keçmək mümkün olmurdu. Ümummilli lider Heydər Əliyev İran hökuməti ilə danışıqlar aparır və Araz çayı üzərindəki bənddə suyu bağlayırlar. Yalnız bundan sonra əhali çayı keçib, xilas olur.

Düşmənə ağır zərbə: BMT-nin 27 ilə bacarmadığını Azərbaycan əsgəri etdi –  Boyukmillet.com

Şanlı ordumuzun tarix yazdığı 44 günlük Vətən müharibəsinin 24-cü günündə - 2020-ci il 20 oktyabr tarixində Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunduğunu bildirdi. Zəngilanın işğaldan azad olunması düşməni sarsıtdı, millətimizə isə qələbəyə daha da yaxınlaşdığımızın müjdəsini verdi. Zəngilan zəfərimizlə İranla sərhəd nəzarətə götürülməklə Ermənistana gələ biləcək humanitar-hərbi yüklərin qarşısı alındı. Bununla, Ermənistanın Gürcüstandan başqa əsas olan və ən çox istifadə etdiyi İran çıxışı bağlandı. Ordumuzun Zəngilanda olması düşmənin Qubadlı istiqamətində mühasirəyə salınması və qısa zamanda təmizlənməsinin yolunu açdı. Zəngilanın azad olunması Zəngəzur bölgəsinə də nəzarət imkanı yaratdı. Hətta həmin vaxt erməni ekspertlər Zəngilanın azad olunmasının Qarabağın taleyinin həll olunması hesab etdilər. Çünki işğal olunmuş ərazilərə İrəvandan, eləcə də İrandan gələ biləcək yardımların qarşısını alındı, Ermənistanın blokadası gücləndirildi. Belə ki, Vardenis-Ağdərə, Stok-Kəlbəcər yolu, o cümlədən İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolunun bir hissəsi nəzarətdə saxlanıldı. Bu yollardan gələn hərbi və digər yüklər dərhal məhv edilir, hətta erməni ordusuna gələn qida yüklərinə də imkan verilmirdi. Bütün bunlar onu göstərirdi ki, hərbi əməliyyatların taktikası hər bir incəliyinə qədər hesablanmışdı. Ordumuz əsl tarix yazdı. 24 iyun 2021-ci il tarixində Zəngilan uğrunda gedən döyüşlərdə iştirak etmiş 3435 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.

В Карабахе первыми будут диагностированы месторождения, существовавшие до  1993 года

Zəngilan rayonu iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən müxtəlif ölkələrlə həmsərhəd olan rayon qərbdə dağlıq, şərqdə düzənlik əraziyə malikdir. Zəngilan Bakı-Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşdiyindən mühüm strateji əhəmiyyət daşıyır.      Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağı, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur. Bu yataqlar illərdir erməni işğalçıları tərəfindən istismar edilib. Bizim təbii ehtiyatlarımız sayəsində Ermənistan “keyfiyyətli mineral ehtiyatlar” ixrac edən ölkəyə çevrilmişdir. Belə ki, Ermənistan xarici ticarətini tədqiq edən zaman ixracda dominant mövqe mineral ehtiyatlara aiddir. Arsız düşmən Kəlbəcər və Zəngilan rayonu ərazisində yerləşən mineral ehtiyatları mənimsəyərək erməni mənşəli resurs kimi Avropa ölkələrinə və Rusiya Federasiyasına ixrac edib. İstismar edilən mineral resursların mənşəyini saxtalaşdıraraq, Avropa ölkələrinə satan Ermənistan iqtisadi cinayətkarlıqla məşğul olurdu. Avropa Birliyinin qanunvericilik normalarında mənşə ölkəsinin bilərəkdən səhv ekspertiza edilməsi iqtisadi cinayətkarlıq hesab edilir və bu kimi hallar aşkarlandığı müddətdə ticarət sanksiyaları tətbiq edilir. Bütün bunları bilən Ermənistan malın mənşə özəlliyini saxtalaşdıraraq Ermənistan ərazisi kimi göstərib. Bu yataqların işlənməsində iştirak edən Sterlite Gold Ltd, Sirkap Armenian, Base Metals, Manex and Valex və Armenian Copper Program kimi onlarla şirkətin əksəriyyəti xaricdəki erməni diasporası tərəfindən idarə edilib.

Zəngilan rayonu coğrafi müxtəlifliyinin bariz nümunəsi turizm potensialına malik olmasıdır. Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar bu zonada yerləşirdi. Avropada ən zəngin çinar meşəsi də burada idi. Yaşı 500-ə, uzunluğu 12 km çatan çinar meşəliyi Bəsitçay qoruğunda saxlanılırdı. Bəsitçay qoruğu Azərbaycanın cənub-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdı. Qoruğun sahəsi 107 hektar idi. Qoruqda yerləşən Şərq çinarı "Qırmızı Kitab"a daxil edilib. Təəssüflər olsun ki, erməni cəlladları tərəfindən ekoloji cəhətdən zəngin olan torpağımızda bir  ağac da olsun qalmamış, meşə ağacları doğranaraq xarici ölkələrə satılmış, yüngül sənaye və digər biznes məqsədləri üçün istismar edilərək iqtisadi cinayətkarlığın qurbanına çevrilmişdir.

2021-ci il 26 aprel tarixində Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Zəngilan Hava Limanı Füzulidən sonra azad edilmiş torpaqlarımızda ikinci hava limanı kimi tikilib istifadəyə veriləcək. Zəngilan Beynəlxalq Hava Limanı ağır yük təyyarələrini də qəbul edə biləcək. Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Təsadüfi deyil ki, hava limanının inşası üçün seçilən növbəti məkan məhz Zəngilan oldu. Mütəxəssislər bildirir ki, Zəngilanda Hava Limanın tikilib istifadəyə verilməsi eyni zamanda Azərbaycan üçün şərqə yeni qapı açacaq. Belə ki, Zəngəzur dəhlizinin açılması Şərqi Zəngəzurdan Qərbi Zəngəzura uzanan bu nəqliyyat arteriyası nəinki region ölkələri arasında əməkdaşlığı, eyni zamanda geniş anlamda iqtisadi fəallığı təmin edəcək. Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti var. 2021-ci il 16 avqust tarixində Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində çıxış edərkən dövlət başçısı bildirib ki "Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq".

No description available.

Qeyd etdiyimiz kimi, Zəngilan hava limanının inşası işğaldan azad edilmiş ərazilərimizdə müasir kommunikasiyaların qurulması sahəsində həyata keçirilən, iqtisadi, strateji baxımdan dəyərli olan yeganə layihə deyil. Füzuli və Laçında da tikilən hava limanları Azərbaycanın tarixi torpaqlarına Böyük Qayıdış üçün vacib sayılan çox mühüm strateji layihələrdir. İqtisadçı ekspertlər də hesab edirlər ki, Füzulidə, Laçında və Zəngilanda aeropotların olması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının regionun aparıcı mərkəzlərinə çevrilməsinə imkan yaradacaq. Qarabağda və Şərqi Zəngəzurda aeroportların inşası bir də ona görə əhəmiyyətli hadisədir ki, bu layihələr  işğaldan azad edilmiş ərazilərimizdə xarici iş adamlarının bu bölgəyə investisiya yatırmasına yeni  imkanlar yaradacaq. Nəticədə işğaldan azad olunmuş torpaqların abadlaşması və sürətlə qurulması prosesi gerçəkləşəcək.

Birinci “Ağıllı kənd” pilot layihəsinin də təməli məhz Zəngilanda  qoyulub. Layihə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri - üzrə aparılacaq. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.

Bu gün Zəngian artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyub. İran ilə sərhəddə yeləşən Zəngilan rayonu strateji coğrafi yerləşməyə sahib olmaqla yanaşı, həmçinin Azərbaycanın xarici iqtisadi əlaqələrinə də töhfə vermə imkanlarına malik olacaq. Zəngilan əlverişli təbiəti və füsunkar mənzərəsi ilə də fərqlənir. Bu daxili, o cümlədən gəlmə turzim üçün yeni imkanlar deməkdir.

Zəngilan da Qarabağın digər bölgələri kimi dirçəlir, canlanır. Təkbaşına öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycanın şanlı  bayrağı bu gün Qarabağda dalğalanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaq: “Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.

                                                                                                      Nailə Məmmədova

2021-10-20 / 11:27
Facebook