Tarixən Azərbaycanın quzeyi ilə güneyini birləşdirən Xudafərin körpüsü unikal abidədir. Xudafərin körpüsü qədimlik və türkün tarixi hünərlərinə şahidlik rəmzidir. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bizə məlumdur. Onlardan birincisi "Baş Xudafərin körpüsü" adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Azərbaycanın memarlıq sənətində bu əzəmətli abidələr haqqında dünyanın bir çox alimləri qiymətli fikirlər söyləsələr də, körpülərin nə vaxt inşa edilməsi haqqında tarixdə yekdil fikrə rast gəlinmir. Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldənizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. Bəzi mənbələrdə isə ikinci körpünün (e.ə.558-529) ağacdan müvəqqəti qurğu kimi inşa edilməsi, Elxanilər dövləti zamanında (13-cü əsr) isə daş və kərpiclə üzlənməsi haqqında mülahizələr yürüdülür. İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını "Xuda-Afərin" kimi yazır ki, bu da farsca "Allah tərəfindən yaradılmış", "Allaha Mərhəba" mənalarını verir. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Bəziləri isə iddia edir ki, həmin şəxs körpünü tikdirməyib, yalnız təmir etdirib. Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə də fərziyyələr irəli sürənlər var. Ancaq bu körpüləri inşa etdirən şəxsin adı barədə tarixi mənbələrdə heç bir dəqiq yazılı məlumat yoxdur. Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara "Xudafərin" adı verilib. Hələlik Xudafərin körpüləri sirlərini açmayıb. Tarixçilərin bəziləri isə bu körpülərin 1027-ci ildə Azərbaycan ərazisində, paytaxtı Gəncə olan Şəddadilər dövlətinin başçısı Fəzl Bin Məhəmmədin sifarişi ilə Araz çayı üzərində Şimali və Cənubi Azərbaycanı birləşdirmək məqsədi ilə tikildiyini söyləyir. Körpü Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı dağıdılıb, sonra yenidən bərpa edilib. Körpü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb. Belə ki, Xudafərin körpüsünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub. Bu körpülər, həmçinin tarixən Azərbaycanın quzeyi ilə güneyinin əlaqəsini möhkəmləndirən yeganə vasitə olub, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub. Ümumiyyətlə, Xudafərin Azərbaycan inşaatçılarının müstəsna mühəndislik qabiliyyətinin ən gözəl nümunələrindən sayılır.
1993-cü ildə Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri də erməni vandallarının dağıntılarına məruz qaldı. 27 il erməni tapdağı altında olan Xudafərin ötən il rəşadətli Azərbaycan ordusu tərəfindən 18 oktyabrda - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günündə azadlığa qovuşdu, Xudafərin körpülərinin üzərində 27 ildən sonra yenidən Azərbaycan Respublikasının üçgəngli bayrağı ucaldıldı. Həmin gün xalqımız bir gündə iki bayramın sevincini yaşadı. Prezident İlham Əliyev 2021-ci il 17 oktyabr tarixində Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə şanlı ordumuzun Xudafərin zəfərinə də toxunaraq bildirdi: "... Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünə çıxdı və Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı. Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur. Biz Azərbaycan xalqına məxsus olan bu möhtəşəm memarlıq əsəri ilə haqlı olaraq fəxr edirik".
Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüsü həm də simvolik abidə hesab olunur. Xudafərin körpüsü, eyni zamanda iqtisadi, siyasi və mədəni əhəmiyyətinə görə Azərbaycan tarixində mühüm iz buraxıb. Sovetlər dönəmində Xudafərin körpüsü üzərində sərhəd xidmətinin yerləşməsi, eləcə də körpünün yaxınlığında su elektrik stansiyasının tikilməsi onun müstəsna strateji əhəmiyyət daşıdığını göstərir. Hələ, 2016-cı ilin fevralında Tehranda imzalanmış və həmin ilin iyununda Milli Məclisdə ratifikasiya olunmuş Xudafərin körpüsü üzərində hidroqovşaqların inşasına dair Saziş Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisini nəzərdə tuturdu. O zaman bəzi siyasi qüvvələr iddia edirdilər ki, saziş nəticəsində Araz çayı üzərində inşa olunan körpülər işğalçı Ermənistanla İran arasında kommunikasiyanı gücləndirəcək. Bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyənlər o zaman bunu az qala “İran-Ermənistan əməkdaşlığı”na şərait yaradılması kimi qələmə verir, hakimiyyətə qarşı ittihamlar irəli sürürdülər. Əslində, imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan beynəlxalq sənəd idi.
Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasi xadim olduğunu bir daha göstərdi. 2016-cı ildə imzalanan saziş işğalçı Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı. Məsələyə bu günün reallığından, yəni, həmin ərazilərin işğaldan azad olunması prizmasından baxdıqda, aydın görmək olur ki, bu addımla həm də qarşıdan gələn dövrdə həmin bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək mühüm bir layihə həyata keçirilib. Xudafərin körpüsü üzərində məlum layihələrin icra edilməsi işğaldan azad olunmuş ərazilərimizin bərpasında, sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Azərbaycan bu layihələrdən istifadə etməklə iqtisadi potensialını gücləndirəcək. Bu elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycan işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemləri həll olunacaq, bölgənin qısa müddətdə bərpasına və inkişafına şərait yaranacaq. Bu, həm də Azərbaycan enerjisinin ixracı baxımından yeni imkanlar deməkdir.
Bu gün Cəbrayıl rayonu kimi, ümumilikdə bütün Qarabağ kimi Xudafərin qəsəbəsi də yenidən dirçəlir. Düşmənin bir dənə də olsun, salamat bina qoymadığı ərazilərin böyük baş planı hazırlanır. Təkbaşına öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycanın şanlı bayrağı bu gün Qarabağda dalğalanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaq: “Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.
Nailə Məmmədova