Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi-mədəni köklərə əsaslanır. Azərbaycan və İsrail xalqları daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirə bilmişlər. Ölkəmiz daim müxtəlif din və millətlərin qarşılıqlı anlaşma şəraitində yaşadığı bir dövlət modelini sərgiləmişdir. Azərbaycan torpağında heç zaman milli-etnik dözümsüzlüyə və ya bəzi postsovet ölkələrində müşahidə olunan antisemitizm təzahürlərinə yer olmamışdır. Bu səbəbdəndir ki, yəhudilərin ən çox uyğunlaşdığı ölkələrdən biri məhz Azərbaycandır. Əsrlər boyudur ki, Azərbaycanda yaşayan yəhudi icması özünü bu xalqın, cəmiyyətin ayrılmaz tərkib hissəsi hesab edir, ölkə həyatının bütün sahələrində fəal iştirak edir. Keçmiş Sovet İttifaqı ərazisində yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yer Quba rayonunda dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədir. Hazırda Bakı şəhərində yəhudilərin üç sinaqoqu mövcuddur. 2003-cü ildə açılmış məbəd Avropada ən böyük sinaqoqlardan biri hesab olunur. Hər iki ölkəni yaxınlaşdıran digər bir mühüm amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 70 mindən artıq yəhudinin yaşamasıdır. Buna görə də İsrail dövlətinin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasını təkcə bu ölkənin zəngin enerji resursları, strateji geosiyasi vəziyyəti, sırf iqtisadi-siyasi amillərlə səciyyələndirmək düzgün deyil. İki ölkə arasında əməkdaşlıq tarixən mövcud olmuş, bu əlaqələrin kökündə insani dəyərlər, milli-dini tolerantlıq, qarşılıqlı anlaşma olmuşdur. Təsadüfi deyildir ki, Birinci Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli milli qəhrəmanımız Albert Aqarunovun adı xüsusi çəkilir. O, ermənilərin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv etmişdir. Jurnalistin “Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?” sualına o belə cavab vermişdir: “Mən bu torpağın övladıyam, burada doğulmuşam, burada yaşayıram, daha heç nə məcbur eləmir”. Bu cavab, əslində, Azərbaycanda yaşayan yəhudilərin torpağımıza, millətimizə bağlılılığının bariz sübutudur. İkinci Qarabağ müharibəsində də ölkəmizdə yaşayan yəhudilər Albert Aqarunovun yolunu gedərək ön cəbhədə düşmənlə döyüşdülər.
2008-ci ildə Los-Anceles şəhərinin ən böyük ispandilli "La Opinion" qəzetinin redaktoru Qabriel Lerner Azərbaycana səfər etdikdən sonra "Los-Angeles Jewish Journal"- da "Azərbaycan yəhudiləri: əsrlərlə bir yerdə yaşamağın nümunəsi" adlı məqalə dərc etdirmişdi. Məqalədə digər ölkələrdən fərqli olaraq yəhudilərin Azərbaycanda yüksək səviyyədə təmsil olunduğu, Azərbaycanı dini tolerantlığa görə dünyanın ən liberal ölkəsi kimi göstərmişdi. 2015-ci ildə Amerikan-yəhudi nəşri olan "The Jewish Press”də müəllifi Mayan Kaffenin olduğu Azərbaycan-İsrail əlaqələrinə həsr olunan məqalə yayımlanmışdı. Məqalədə Azərbaycan və İsrailin təkcə iqtisadi sahədə deyil, strateji baxımdan da müttəfiq olduqlarından bəhs edilirdi. "The Jewish Press”in 2016-cı il 10 oktyabr tarixli digər bir məqaləsində respublikamızda yaşayan 30 min yəhudiyə böyük hörmətin olduğundan, əsrlər boyu Azərbaycan xalqı ilə bu ölkədə yaşayan yəhudilər arasında dərin əlaqələrin mövcudluğundan bəhs olunurdu. Məqalədə xüsusi qeyd olunurdu ki, Azərbaycan indi də, Holokost zamanı da yəhudilərin sığınacağı olub. Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev 2016-cı il 17 fevral tarixində Gəncə “İmamzadə” dini kompleksində əsaslı təmir və bərpa işlərindən sonra təşkil olunan açılış mərasimində çıxışında vurğulamışdı ki, “Biz Fransada sinaqoqa girmək üçün avtomatlıların dəhlizindən keçməli olduq. Onlar isə bizdə olanda ağızları açıq qaldı ki, sinaqoqun qapıları 24 saat taybatay açıqdır”. Bütün bu faktlar Azərbaycan və yəhudi xalqlarının tarixi bağlılığının, qarşılıqlı hörmətinin bariz nümunəsidir.
Bu gün yəhudi icmaları Azərbaycan Respublikasının ən fəal dini icmalarından sayılır. Respublikada Azərbaycan–İsrail Dostluğu Mərkəzi, “Soxnut” yəhudi agentliyi, “Coynt” və “Vaad-L-Xatzola” adlı yəhudi ənənəsinin qorunması və mühafizəsi ilə məşğul olan komitələr, dini məktəblər – iyeşivalar, yəhudi icmalarının mədəniyyət mərkəzləri, “Yeva” adlı qadın cəmiyyəti və digər qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Bundan başqa, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ivrit dili tədris edilir.
Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilən, Bakıda yaşayan yəhudi uşaqları üçün nəzərdə tutulan “Xabad-Or-Avner”dir. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayevin iştirakı ilə Təhsil Mərkəzinin açılışı olmuşdur. Həmçinin Cənubi Qafqazda ilk olacaq yəhudi muzeyinin yaradılması da Azərbaycanda planlaşdırılır.
İsrailin Azərbaycanla sıx, yaxın və tarixi əlaqələri İsrailin Ermənistanla olan əlaqələri ilə müqayisəolunmaz həddədir. İsrail Azərbaycanda ilk səfirlik açan dövlətlər siyahısındadır, Ermənistanda isə İsrail səfiri akkreditə olunmamışdır. Təkcə bu fakt İsrailin Azərbaycana olan münasibətinin dəyərləndirilməsinə imkan verir. Azərbaycan Prezidentinin sərəncamı ilə İsrail vətəndaşlarına viza ölkəmizin hava limanlarında verilir. Azərbaycan çox az ölkələrə belə şərait yaradıb ki, İsrail də həmin ölkələrdən biridir. İki ölkə arasında təkcə təhlükəsizlik sahəsində deyil, həm də enerji, kənd təsərrüfatı, telekommunikasiya, kibertexnologiyalar, tikinti, suvarma, tibb və turizm sahələrində əlaqələr genişlənib və inkişaf edib. Son 10 ildə İsrail Azərbaycanın dünyada beşinci ən böyük ticarət tərəfdaşına çevrilib. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollara yaxındır. Hazırda İsrailin neftə olan tələbatının təxminən 50 faizini Azərbaycan təmin edir. Həmçinin Azərbaycan İsrailin hərbi müdafiə texnologiyalarına ciddi maraq göstərir və təhlükəsizliyini təmin etmək üçün onları alır. 2014-cü il 30 oktyabrda “Haaretz” qəzetində “İsrail Azərbaycana silah satmamalıdır” adlı məqaləyə cavab olaraq yazılan İsrail tarixçisi Yair Auronun müəllifi olduğu “Ermənistan yox, Azərbaycan İsrailin əsl müttəfiqidir” adlı yazıda qeyd olunurdu ki, hazırda İsrailin neft istehlakının 40 faizi Azərbaycan vasitəsilə təmin olunur və həmçinin bu ölkə İsrailin sənaye məhsullarının alıcısıdır... Azərbaycan və İsrail münasibətləri inkişaf etdiyi halda, Ermənistanın daxili və diaspor nəşrlərində yəhudilər pislənilir, tənqid olunur. Bu ölkədə təhlükəli millətçilik günü-gündən inkişaf edir və o, rasizmin sərhədindədir. Faktiki olaraq bu gün Ermənistan mono-etnik ölkəyə çevrilib. 1970 və 1980-ci illərdə ASALA terrorçu təşkilatının üzvləri Livanda, Bekaa vadisində 1972-ci ildə Münxen Olimpiya Oyunları zamanı İsrail nümayəndə heyətinə hücum təşkil edən “Black September” (“Qara Sentyabr”) qrupu ilə birlikdə təlim keçib. Yazıda Azərbaycanda bütün xalqların, etnik azlıqların eyni hüquqları olduğu qeyd olunur, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, Azərbaycan torpaqlarının beynəlxalq hüququn prinsipləri əsasında geri qaytarılması vurğulanırdı.
İsrailin Ermənistanla əməkdaşlıq etməməsi yalnız geosiyasi problemlərlə bağlı deyil. Bu gün İsrail ilə dostluq münasibətləri qurmağa cəhd edən Ermənistanda anti-semitik düşüncə tərzi hakimdir. Belə ki, Ermənistanda millətçilik və antisemitizm dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Ermənilərin "168 Saat” qəzetində dərc olunan Emil Danielyanın antisemitzmlə bağlı məqaləsində yazılır ki, "Erməni antisemitizmin kökləri 1960-cı və 1970-ci illərə gedib çıxır”. Ermənistanda yəhudilərə qarşı "mədəni zorakılıq” tətbiq olunur, lakin bu yalnız xalq tərəfindən deyil, erməni siyasətçiləri, media nümayəndələri və KİV-lər tərəfindən dəstəklənir. Belə ki, antisemit məzmunda kitablar nəşr edilir, televiziya verlişləri yayımlanır. 2004-cü il 17 sentyabr tarixində yəhudi yeni ilinin son günü, kimliyi bəlli olmayan erməni vətəndaşları İrəvan şəhərinin mərkəzindəki ictimai parkda Holokost qurbanlarının memorial abidəsi üzərinə 666 saylı "şeytan" rəqəmini yazmışdılar. Daha sonra 2005-ci ilin 26 yanvarında antiseministlər tərəfindən həmin abidə üzərində qara boya ilə böyük faşist simvolu çəkilmişdi. Yazı dərhal park işçiləri tərəfindən təmizlənsə də bu hadisəni gizlətmək mümkün olmamışdı. Ermənistan baş verən hadisələri ört-basdır etməyə çalışsa da, ölkədə mövcud olan anti-semitizm özünü fərqli formalarda göstərir. Ermənistanda dərc olunan "Yerevanq" qəzetində yayımlanan bir anti-semitik məqalədə qeyd olunurdu: "Yəhudi azlığına malik olan hər bir ölkənin sabitliyində böyük təhlükə yaranır”.
Ermənistanı narahat edən vacib amillərdən biri də yəhudi lobbisinin rəğbətinin Azərbaycan tərəfə olması ilə bağlıdır. Bu isə təbii ki, Ermənistan üçün arzuolunan deyil. Azərbaycan rəhbərliyi İsrailə Azərbaycandan gedən yəhudiləri təsadüfən "Azərbaycan diasporu” adlandırmır. Bunun obyektiv səbəbləri mövcuddur. Çünki Azərbaycanla bağlı hər şey onlar üçün doğmadır. Məlum "907-ci düzəliş”in dondurulmasında Amerikanın yəhudi lobbisi də mühüm rol oynamışdır. Belə ki, 1998-ci ilin 16-21 noyabrında Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmalarının rəhbərləri ABŞ-da səfərdə olaraq Azərbaycan reallıqlarını, “907-ci düzəliş”in səhv qərar olduğunu Amerika ictimaiyyyətinə çatdırmış, həmçinin Amerikada nüfuzlu mövqeyə malik yerli yəhudi milli təşkilatlarının Azərbaycanın maraqlarını müdafiə etmələrinə nail olmuşdur. Bu istiqamətdə daha fəal mövqe tutmaq da hər iki ölkənin qarşılıqlı səylərindən asılıdır. Ermənistanı narahat edən digər bir mühüm amil məhz Azərbaycanla İsrailin hərbi-texniki sahədə əməkdaşlığıdır. İsrail Azərbaycanın ən iri silah təchizatçısıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ildə Azərbaycanın İsrail dövlətindən 4 milyard 850 milyon dollarıq müdafiə avadanlığı aldığını vurğulamışdı. İsraildən alındığı güman edilən sonuncu nəsil dronlar aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində istifadə olundu, düşməndə qorxu və həyəcan yaratdı. Azərbaycan İsrail vasitəsilə bu texnologiyanı inkişaf etdirmək istəyir. İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edir. Həmçinin, İsrail ilk dəfə olaraq, öz qazını Avropaya Azərbaycana məxsus kəmər vasitəsilə nəql etməkdə maraqlıdır. İsrail öz qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. İsrailin TANAP layihəsindən istifadə etməsi iki dövlət arasındakı enerji əməkdaşlığını yüksək səviyyəyə qaldıracaq. Həmçinin enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənəcək. Bu da, əlbəttə ki, əzəli düşmənlərimiz üçün heç də ürəkaçan deyil.
İkinci Qarabağ müharibəsi ərəfəsində İsrail Azərbaycanı açıq şəkildə dəstəklədi və İsraildə yaşayan 70 mindən çox Azərbaycan yəhudiləri Qarabağı dəstəkləmək üçün mütəmadi olaraq mitinqlər keçirtdi. İsrailin hərbi texnikasının Azərbaycan ordusu tərəfindən səmərəli istifadəsi, S-300-lər də daxil olmaqla Ermənistanın strateji və hərbi mərkəzlərinə zərbə vurması Ermənistan və İsrail əlaqələrinə mənfi təsir göstərdi. Məhz bu səbəbdən də Ermənistan İsraildəki səfirini geri çağırdı. Ancaq bütün bunlar İsrailin Azərbaycanı dəstəkləməsinə mane olmadı. Ermənistan höküməti dəfələrlə İsrailin Azərbaycanla uzun illərdir davam edən hərbi-texniki əməkdaşlığından və müharibə şəraitində Bakıya silah ixracının dayandırılmasından imtina etməsi tələbi ilə çıxış etsə də İrəvanın bu gülünc tələbi cavabsız qaldı. 12 oktyabr 2020-ci ildə İsrail Yüksək Ədalət Məhkəməsi Azərbaycana silah satışının qadağan edilməsi barədə vəsatəti rədd etdi və İsrailin keçmiş prezidenti və parlamentin sabiq spikeri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dalia İtzik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəstək məktubu göndərdi. İsrail hökuməti Azərbaycana siyasi və humanitar dəstəyini əsirgəmədi.
Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişafına qısqanclıqla yanaşanlardan biri də cənub qonşumuz İrandır. Xüsusilə də, son günlər İran Azərbaycana qarşı aqressiyasının arxasında da məhz bu amilin dayandığını açıq şəkildə bəyan edir. İran artıq dəfələrlə öz sərhədləri yaxınlığında sionist rejimin mövcudluğuna dözməyəcəyi ilə bağlı təhdid dolu bəyanatlarını səsləndirib. Maraqlıdır ki, Prezidentin onların bu iftirasına qarşı əsaslı cavabından sonra da İran yenə də bu sərsəm iddianı saxlamaqda davam edir. Dövlət başçısı oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu ittihamlara xüsusi toxunaraq İrana çox sərt mesajlar verdi: "... Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.
İranın Ermənistana maliyyə dəstəyi 20 il ərzində 2 milyard dolları ötüb. Siyasi dəstək bir yana, İran Ermənistana hərbi yardım edib. Bu isbatını tapmış dəqiq fakktdır. Hətta indi də hərbi yardımın davam etməsi ilə bağlı inandırıcı fikirlər səsləndirilir. İranla Ermənistan arasında hərbi mövzuda rəsmi danışıqlar da aparılır. Hələ 2009-cu ilin iyulunda Tehran-İrəvan sərnişin təyyarəsinin qəzası vacib sirrin üstünü açdı. Qəza nəticəsində içində general da olan 10 İran hərbçisinin həyatına son qoyuldu. Məlum oldu ki, Almaniyada təhsil almış yüksək səviyyəli İran hərbçiləri Ermənistanda, o cümlədən işğal olunmuş ərazilərdə (Kəlbəcərdə) Hava Hücumundan Müdafiə sistemi qururlarmış. Həmin hərbçilərin ailə üzvlərinin məlumatına görə, bu, onların Ermənistana 3-cü ezamiyyəti imiş. Müsəlman həmrəyliyindən ağız dolusu danışan İran nədənsə öz qonşuluğundakı Qarabağ münaqişəsi ilə bağlı nə müsəlman həmrəyliyi, nə də şiə təəssübkeşliyinə sadiq qalmadı. Bir dəfə olsun haqq səsimizi müdafiə etmədi, işğalın sonlandırılması üçün hansısa bir fəaliyyətə cəhd etmədi. Maraqlıdır ki, İranın Səudiyyə Ərəbistanı, Misir, Pakistan və digər müsəlman dövlətlərlə də problemi var. İsraillə əlaqəmizin kəsilməsinə niyyət edən İran daha sonra bu dövlətlərlə də əlaqələrimizin kəsilməsini gündəliyə gətirəcək. Azərbaycan bütün ölkələrlə münasibətini müstəqil şəkildə həyata keçirir. Bunun üçün hansısa dövlətin göstərişi, yaxud təhdidi nəzərə alınmır. Elə olsaydı ilk növbədə İrana Ermənistanla əməkdaşlığı davam etdirməmək barədə təhdid edən biz olmalıydıq. İrandan fərqli olaraq İsrail isə hər zaman açıq şəkildə Azərbaycana dəstəyini ifadə edib, ərazi bütövlüyümüzü tanıyıb. Hətta Ermənistan İsrailin Azərbaycana dəstəyini azaltmaq üçün İranın təzyiqlərinə məhəl qoymadan səfirlik açmasına baxmayaraq İsrailin Azərbaycanla mövcud olan dərin münasibətində dəyişiklik yarada bilmədi.
Təbii ki, İranın son bir ilə yaxındır açıq şəkildə özünü göstərən Azərbaycan qorxusunu yalnız İsraillə bağlamaq gülüncdür. İran bu qorxusunu ört-basdır etmək və kütləyə toxunaraq xitab etmək üçün İsrail amilini əlində bayraq kimi saxlayır. Əslində isə İranı narahat edən amillər daha ciddidir. İran regionda Azərbaycan kimi geostrateji gücün mövcudluğu ilə barışa bilmir. Xüsusilə, ordumuz bütün dünyaya hərb tarixi keçdikdən sonra Azərbaycanın artan gücü İranı ciddi şəkildə narahat edir. İranda yaşayan 30 milyondan çox soydaşımızın bu tarixi zəfərimizdən sonra ruhlanması İranın gələcək taleyi ilə bağlı bəzi məsələləri sual altına alır. İran bütün bu narahatıqlarını biruzə versə də, açıq şəkildə bəyan edə bilmir və yalnız İsrail faktorunu ortaya ata bilir.
İşğal altında olan torpaqlarımız azad edildikdən sonra İsrail şirkətləri erməni vandalları tərəfindən dağıdılmış infrastrukturun bərpası üçün yardım təklif edirlər. İsrail şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya qoymaqda maraqlıdırlar. Bu da onu deməyə əsas verir ki, İsrail ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlıq gələcəkdə də geniş müstəvidə davam edəcəkdir və yenə Ermənistan, İran reallığa uymayan iddialar səsləndirməklə məşğul olacaqlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan-İrsail əməkdaşlığı, tərəfdaşlığı heç bir üçüncü dövlətə qarşı yönəlməyib, dövlətlərarası sabitliyə, tərəqqiyə xidmət edir.
Azərbaycan tolerantlığın və qarşılıqlı hörmətin ən parlaq nümunəsidir. Ölkəmizdə yəhudilərə illər boyu göstərilən gözəl münasibət və qarşılıqlı hörmət yəhudilərin Azərbaycana rəğbətini və heyranlığını daha da gücləndirir, dövlətlər səviyyəsində əlaqələrin daha da möhkəmlənməsinə təsir edir. Çünki xalq – xalqın iradəsi, rifahı dövlətin əsas atributudur. Azərbaycanda yaşayan yəhudilərin razılığı, rahatlığı iki dövlət arasında münasibətlərin inkişafına təkan verir. Bu tarixi əlaqələr həmçinin İsrail və müsəlman ölkələri arasında uğurlu əməkdaşlığın nümunəsidir.
Nailə Məmmədova