Şanlı ordumuzun Hadrut zəfəri


No description available.

Hadrut qəsəbəsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan yaşayış məntəqəsidir. Yaşayış məntəqəsinin adı XIX əsrdə Ağoğlan kimi qeydə alınıb. SSRİ-nin süqutunadək olan dövrdə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati-ərazi bölgüsü 5 rayondan ibarət olub: Şuşa, Ağdərə, Xocavənd, Hadrut, Əsgəran.

Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il qanununa əsasən, “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli qanunu qüvvədən düşmüş hesab edildi. Bu qanuna əsasən, Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martuni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırıldı. Bundan əlavə Əsgəran və Hadrut rayonları ləğv edildi, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradıldı, ləğv edilən Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verildi. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edildi. Hadrut qəsəbəsi 2 oktyabr 1992-ci ildə Ermənistan tərəfindən işğal edilmişdir.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən azad edilən və işğal altında olan Qarabağın dağlıq hissəsinə daxil olan ilk yaşayış məntəqəsi də məhz Hadrut olmuşdur. Bu isə Azərbaycanın yalnız ətraf rayonları deyil, paralel olaraq Qarabağın dağlıq hissəsinin işğaldan azad etməsinə başladığını göstərirdi. Azərbaycan ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəldi. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Təsadüfi deyil ki, müxtəlif ölkələrin aparıcı elmi mərkəzlərində Azərbaycan Ordusunun həyata keçirdiyi Hadrut əməliyyatının yaxından öyrənilməsinə başlanılıb. Qeyd etmək lazımdır ki, bu əməliyyat təsadüfi planlaşdırılmayıb. Hadrutun işğaldan azad edilməsi ilə Şuşaya gedən yol açılırdı. Hərbi-strateji əhəmiyyəti baxımından Hadrutun azad edilməsi 44 günlük savaşın taleyini müəyyən etdi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Hansı ki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi və onlar hücumu iki istiqamətdən - Laçın dəhlizindən və Qırmızı Bazar istiqamətindən gözləyirdi. Prezident bununla bağlı bildirmişdi ki: "... Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq''.

No description available.

Oktyabrın 7-dən başlayaraq ağır artilleriya döyüşləri başladı, oktyabrın 9-də isə Azərbaycan qoşunları Hadrut qəsəbəsi yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına aldılar. Qəsəbənin ətrafındakı hakim yüksəkliklər düşmənin nəzarətində olduğu halda xüsusi təyinatlılar düşmən müdafiəsinin dərinliklərinə sızaraq Hadruta daxil olmuşdu. Digər qruplar isə Hadruta cənub istiqamətindən gələn yolları (Cəbrayıl və Xocavənd istiqamətindən) nəzarətə götürmüşdü. Əməliyyatın sonrakı gedişində Hadrut ətrafındakı yüksəkliklər də azad edildi və təxminən 2-3 gün davam edən döyüşlərdən sonra qəsəbə tamamilə Azərbaycan ordusunun nəzarətinə keçdi.

Hadrut qəsəbəsinin və 7 kəndin azad edilməsi ilk növbədə Ermənistan ordusunun bu istiqamətdə olan müdafiə zolağının tamamilə darmadağın edilməsi ilə bərabər 2-ci və 3-cü eşalon bölmələrinin döyüş qabiliyyətini itirməsinə gətirib çıxardı. Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin tərkibindəki 1-ci ümumqoşun ordusunun 18-ci motoatıcı diviziyasının qərargahı və bütün ehtiyat bölmələri bu ərazidə yerləşirdi. Bu ərazi də, demək olar ki, bizim cənub istiqamətində əks həmləyə keçən bölmələrimizin qarşısına çıxan ən mühüm strateji bir ərazi idi.

Hadrutun müdafiəsi Ermənistan üçün mühüm əhəmiyyət daşıyırdı. Azərbaycan ordusunun əks hücum əməliyyatı həyata keçirən bölmələrinin qarşısına çıxa biləcək ən çətin və möhkəmləndirilmiş ərazi hərbi baxımdan həmin bu ərazi idi. Ermənilər təsadüfən bu ərazini geri almaq cəhdləri etmədilər. Belə ki, müharibə ərzində 3 dəfə Hadrut qəsəbəsini yenə də işğal altına almaq istədilər. Üç dəfə ora hücum etdilər, hər dəfəsində də məğlub oldular. Onlar Hadrutu hərbi qala kimi qəbul edirdilər. Belə ki, - bura artıq ərazi baxımından ermənilərin qeyd şərtsiz iddia etdiyi Qarabağın dağlıq hissəsinə daxil idi; - Fizuli və Cəbrayıl istiqamətində yerləşən hərbi hissələrin həm idarəetməsi, həm də təchizatı Hadrutdan həyata keçirilirdi; - hələ SSRİ dövründən cənub istiqamətindəki sovet qoşunlarının ehtiyat silah-sursat anbarı burada yerləşdirilmişdi və müharibəyə qədər onlar Ermənistan ordusunun istifadəsində olmuşdur. Nəticədə, ordumuz tərəfindən bu anbarlardan böyük miqdarda silah-sursat ələ keçirildi. Hadrutun işğaldan azad edilməsi erməni işğalçılarının cəbhənin digər istiqmətlərində müqavimətinin zəifləməsinə, ordumuzun daha coşğun istəklə digər ərazilərimizi işğaldan azad etməsinə şərait yaratdı.

No description available.

Azərbaycanın müharibədə qalib gəlməsindən sonra, 15 mart 2021-ci il tarixində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Hadrut qəsəbəsində oldular, müqəddəs Bayrağımızı qaldırdılar. Prezidentin bu səfəri zamanı Füzuli-Hadrut avtomobil yolunun da təməli  qoyuldu. 24 iyun 2021-ci il tarixində isə “Xocavəndin azad olunmasına görə” medalı təsis edildi. Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etmiş 11831 hərbi qulluqçu medalla təltif edildi. 26 iyun 2021-ci il tarixində Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad edilməsi uğrunda başlatdığı "Dəmir yumruq" döyüş əməliyyatlarının adına uyğun olaraq Hadrut qəsəbəsində "Dəmir yumruq" abidəsi ucaldıldı. Zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında yerləşən abidənin üzərində əsgər təsviri və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan pilotsuz uçuş aparatları əks olunub.

No description available.

Bu gün Hadrut da Qarabağın digər bölgələri kimi dirçəlir, canlanır. Təkbaşına öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycanın şanlı  bayrağı bu gün Qarabağda dalğalanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaq: “Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.

                                                                                                     Nailə Məmmədova

2021-10-08 / 19:21
Facebook