İranın tükənməz erməni sevgisi

 

Image

İran illərdir Ermənistan üçün nəfəslik rolunu oynayıb, Azərbaycan torpaqlarının işğal altında olduğu dönəmdə işğalçı ölkəni hər şeylə, eləcə də hərbi təyinatlı materiallarla təchiz edib və indi də bu fəaliyyətinə davam edir. Hətta Ermənistanda etiraf da olunub ki, əgər 35 km-lik İran-Ermənistan sərhədi - Mehri qapısı bağlanarsa, Ermənistan boğular. Bu o deməkdir ki, İran Ermənistan üçün vazkeçilməz bir ölkədir. Ermənistanı iqtisadi baxımdan bu 30 ildə ayaqda saxlayan da məhz İran oldu. Hətta İran Və Ermənistan dəfələrlə çəkinmədən Azərbaycan-Türkiyə əlaqələrinin devizi olan "bir millət, iki dövlət" ifadəsini erməni və fars xalqlarına münasibətdə istifadə edərək - "ermənilərlə farslar bir millət, iki dövlətdir"- deyə bəyan etmişlər.

İran şirkətlərinin Qarabağda fəaliyyətinə dair açıq mənbələrdə yetərincə fakt var. Şuşada Yuxarı Gövhərağa məscidinin İran tərəfindən fars abidəsi kimi bərpa edilməsi bu qanunsuz və məkrli əməkdaşlığın sübutlarından biridir. Məscidin bərpası İranın Şərq Tarixi İrsinin Dirçəlişi Fondunun təşəbbüsü ilə həyata keçirilib, daha sonra fondun nümayəndələrinin iştirakı ilə açılışı da edilib. İran tərəfi bu məlumatları təkzib etməyə çalışsa da, Şuşanın azad edilməsindən sonra məscidin İran şirkəti tərəfindən bərpa edildiyinə dair faktlar və sənədlər ortaya çıxdı. İran şirkətləriylə yanaşı, bankları da Qarabağda biznes fəaliyyətini həyata keçirib. Məlumatlara görə, İrana qarşı ABŞ sanksiyalarının tətbiqi zamanı pullar Qarabağa gətirilir, daha sonra bu banklar vasitəsilə İrəvandakı banklara köçürülərək, “yuyulur” və “təmiz maliyyə” olaraq dövriyyəyə buraxılırdı. Hətta Ermənistanda qalmaqala səbəb olan “Azərbaycandan köçürülən 221 milyon dollar” məsələsinin əsli də İran banklarının Qarabağdakı qanunsuz fəaliyyətinin bir hissəsidir. Ermənistan parlamentində təmsil olunan “Parlaq Ermənistan” fraksiyasının deputatı Armen Yeqiyazaryan 2018-ci ildə Azərbaycandan Ermənistana 211 milyon dolların köçürülməsi məsələsi ilə bağlı ölkənin Milli Təhlükəsizlik Xidmətinə rəsmi sorğu göndərib. Milli Təhlükəsizlik Xidmətinin cavabında bunun əsassız olduğunu bildirib. Bu iddia Dünya Bankının 2019-cu ildə açıqladığı hesabata əsasən irəli sürülür. Əslində 221 milyon dollar Qarabağdakı İran banklarından Ermənistana köçürülüb. Beynəlxalq hüquqda Qarabağ Azərbaycanın ərazisi kimi tanındığı üçün Dünya Bankı hesabatında bunu “Azərbaycandan Ermənistana köçürülən maliyyə” olaraq qeyd edir. 221 milyon dollar İrandan Qarabağa gətirilən və banklar vasitəsilə Ermənistan banklarına köçürülərək, “yuyulan” pullardır.

Torpaqlarımızın işğaldan azad edilməsi İranın qanunsuz fəaliyyətinin də əlindən çıxması ilə nəticələndi. Bütün bu faktlara qarşılıq bizim İrana qarşı etiraz etməyimiz gərəkdiyi halda, son zamanlar İran Azərbaycana qarşı şantaj və psixoloji təzyiq xarakterli yol seçib. Qabaqdan gəlmişlik buna deyirlər ... 44 günlük şanlı zəfərimizi İran hələ də qəbullana bilmir. İlk əvvəllər bu qısqanclığı müəyyən rəsmi şəxslərin çıxışlarıyla üstüörtülü şəkildə bəyan etsə də, indi açıq-aşkar şəkildə Azərbaycana qarşı olan kinini bəyan edir. Halbuki özünü müsəlman dövləti adlandıran, şiə dünyasının lideri hesab edən bir dövlət bu mübarizədə başqa yol seçməliydi. Azərbaycan torpaqlarını işğal edərək etnik təmizləmə aparan, 1 milyona qədər insanı torpaqlarından çıxaran, Xocalı, Qaradağlı, Bağanis-Ayrım kimi soyqırımları törədən, dini abidələrimizi təhqir edən, məscidlərimizdə donuz saxlayan Ermənistanla əl-ələ olan İran hansı İslami dövlətdən, İslam dəyərlərindən söz aça bilər?

Biz qonşu dövlətlərlə ərazi bütövlüyünə hörmət, mehriban münasibətlərin bərqərar olmasını istəyirik. Daim İrana da bu prinsipdən yanaşmış, səmimi münasibət bəsləmişik, ancaq İrandan heç vaxt səmimi münasibət görməmişik. İran Azərbaycanla sərhədlərdə əzələ nümayiş etdirməklə onsuz da heç bir şeyə nail ola bilməyəcək. Bu təlimlər Ermənistanla sərhədi niyə əhatə etmir?! İranın Azərbaycan sərhədlərində hərbi təlim keçirməsi belə düşünməyə əsas verir ki, bu qeyri-dost addımdır, burada heç bir xoş niyyətdən söhbət gedə bilməz. Xüsusilə bu təlimlərin Azərbaycan, Türkiyə və Pakistanın sentyabrın 12-də Bakıda keçirdikləri hərbi təlimdən sonra baş verməsi təsadüfi deyil. Sovet İttifaqının dağılmasından sonra İran ilk dəfə olaraq sərhədlərə bu qədər yaxın təlimlər keçirir. 27 sentyabr 2021-ci il tarixində Türkiyənin Anadolu Agentliyinə müsahibəsində Prezident İlham Əliyev bu məsələyə də toxunaraq bildirdi ki, sərhədimizin yaxınlığında belə bir hərbi təlimlərin keçirilməsi çox təəccüb doğuran bir məsələdir: "... 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdır. İlk növbədə, deməliyəm ki, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq, eyni zamanda, bunu bir zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdır. Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan ictimaiyyəti verir. Bu sualları dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlim keçirilmirdi? Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir? Bu suallar legitim suallardır. Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın. Bir daha demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır, təmkinlə aparır. Ümid edirik, bizim legitim addımlarımıza emosional reaksiya, yəqin ki, müvəqqəti xarakter daşıyır".

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə “Mehr” agentliyinə müsahibəsində prezident İlham Əliyevin İranla Azərbaycan sərhəddində keçirilən hərbi təlimlərə verdiyi qiyməti "məyusedici" adlandırdı. İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlərə toxunan S. Xətibzadə İsrailin bölgədəki fəaliyyətinə də eyham vuraraq: "Bu, təhlükəsizlik məsələsidir və (təlimlər) bütün regionun sabitliyi üçün keçirilir. İran, əlbəttə ki, öz sərhədləri yaxınlığında sionist rejimin mövcudluğuna dözməyəcək və öz təhlükəsizliyi üçün lazım olan hər şeyi edəcək" - deyə bildirmişdi.

Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu ittihamlara xüsusi toxunaraq İrana çox sərt mesajlar verdi: "Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq". Dövlətimizin başçısı deyib ki, biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik: “Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

Azərbaycan bütün ölkələrlə münasibətini müstəqil şəkildə həyata keçirir. Bunun üçün hansısa dövlətin göstərişi, yaxud təhdidi nəzərə alınmır. Elə olsaydı ilk növbədə İrana Ermənistanla əməkdaşlığı davam etdirməmək barədə təhdid edən biz olmalıydıq. İrandan fərqli olaraq İsrail isə hər zaman açıq şəkildə Azərbaycana dəstəyini ifadə edib, ərazi bütövlüyümüzü tanıyıb. Hətta Ermənistan İsrailin Azərbaycana dəstəyini azaltmaq üçün İranın təzyiqlərinə məhəl qoymadan səfirlik açmasına baxmayaraq İsrailin Azərbaycanla mövcud olan dərin münasibətində dəyişiklik yarada bilmədi. 44 günlük Vətən müharibəsində də Azərbaycanın haqq səsini duyurmaqda yardımçı olan dövlətlərdən biri də İsrail oldu. İslam təəssübkeşliyindən çıxış edən İran terror dövləti olan Ermənistana gizli şəkildə hərbi yardım edərkən İsrail dövlət və millət səviyyəsində Azərbaycana arxa durdu. Azərbaycanda yaşayan yəhudilər də Birinci Qarabağ savaşında şəhid olan yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovun yolunu gedərək ön cəbhədə düşmənlə döyüşdülər. Bu gün Azərbaycanda bütün etnik azlıqlar, hər bir millətin nümayəndəsi, hətta ermənilər belə sabit və təhlükəsiz şəkildə yaşayırlar. İran isə öz ölkəsində ermənilərin rifahı üçün münbit şərait yaratsa da, əhalisinin yarsından çoxunu təşkil edən azərbaycanlıların taleyi haqda bunları demək mümkün deyil. İranın Konstitusiyasına nəzər saldıqda görərik ki, ölkədə yaşayan bütün etniklər eyni hüquqa malikdirlər. Konstitusiyanın 15-ci və 19-cu maddələrinə əsasən, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. Ermənilərə verilən sərbəstliyin yüzdə biri İranda çoxluq təşkil edən azərbaycanlılara verilmir. Digər millətlətin nümayəndələri də azərbaycanlılarla müqayisədə müəyyən imtiyazlara malikdirlər.

İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zoxuri 4 oktyabr 2021-ci il tarixində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşərək verdiyi açıqlamada Ermənistanı "qardaş və dost ölkə" adlandırıb. İranlı diplomat Tehranın "dost, qardaş Ermənistanla" əlaqələri ən yüksək səviyyədə inkişaf etdirmək üçün səy göstərəcəyini vurğulayıb. İran səfirinin açıq şəkildə bu cür bəyanatı illərdir gizlədilməyə çalışılan tarixi və ənənəvi İran-Ermənistan dostluğunun rəsmi təsdiqi idi.

Bu görüşdən dərhal sonra 5 oktyabr 2021-ci il tarixindən İran Azərbaycanla bağlı yeni bir qadağa tətbiq edib. Belə ki, İran Azərbaycandan Naxçıvan Muxtar Respublikasına hərbi yükdaşımaları həyata keçirən təyyarələr üçün öz hava məkanını qapayıb. Bununla da İran ölkəmizə qarşı aqressiv siyasətini növbəti dəfə biruzə verib. Ancaq nəzərə almaq lazımdır ki, bunun Azərbaycan üçün zərəri yoxdur. Çünki Azərbaycanın öz ərazi subyektinə hərbi yük daşıması üçün alternativ hava məkanları mövcuddur. Daha sonra isə Ermənistan XİN başçısı Ararat Mirzoyanın Tehrana rəsmi səfəri zamanı İranın yük maşınları üçün yeni yolun tikintisi haqqında razılıq əldə olundu. Bu barədə Mirzoyanla görüşdən sonra keçirilən brifinqdə İranın XİN başçısı Əmir Abdullahiyan bildirib. "Biz strateji səviyyədə yaxşı razılaşmalar əldə etdik və bu gün Tehranda iki ölkə arasında münasibətlərin yeni yol xəritəsini tərtib edirik. Biz iki ölkə arasında yük marşrutları üçün tranzit yolunu bərpa edəcəyik, layihə ən qısa zamanda həyata keçiriləcək”, deyə o qeyd edib. Elə həmin gün İranın "Nəqliyyat infrastrukturunun tikintisi və inkişafı” şirkətinin rəhbəri Heyrolla Xademi Yerevana səfər edib. O, İranın tranzitlə gedən yük maşınları üçün alternativ marşrut olacaq Tatev yaşayış məntəqəsindən keçən yolun vəziyyəti ilə tanış olacaq. Ermənistan tərəfin məlumatına görə, söhbət 20 kilometrlik hissənin tikintisindən gedir. İşlərin bir ay ərzində yekunlaşdırılması planlaşdırılır. İran erməni sevgisini artıq hər vəziyyətdə açıq şəkildə göstərir.

İran artıq bütün dünyadan təcrid edilmiş vəziyyətdədir, hər gün bir az da bataqlığa doğru irəliləməkdədir. Azərbaycanla mütəffiqlik regional platformada İrana yeni imkanlar gətirəcəyi halda, bataqlıqda olan Ermənistanla mütəffiqlik İranı daha da dalana dirəyir. Azərbaycanla səmimi münasibət İranın bütün gələcəyini sığortalamış olardı. İrana qarşı beynəlxalq koalisiyanın, onu təcrid vəziyyətinə gətirmiş, sanksiyalarla boğazını üzən beynəlxalq güclərin təzyiqinə məruz qalanda bəlkə də İranı müdafiə edən birinci dövlət Azərbaycan olar. Lakin İran bunun üçün yer qoymur. Azərbaycan daxilində “dindar qrupları” hərəkətə gətirməyə çalışan İran unutmamalıdır ki, çox güvəndiyi, öyündüyü ordusunun yarsından çoxu Azərbaycan türklərindən ibarətdir. 30 milyondan çox soydaşımızın da səbrinin bir həddi var. Təsadüfi deyil ki, Azərbaycan sərhədlərində İranın başlatdığı “Xeybər fatehləri” hərbi təlimlərinə qatılan əsgərlərdən biri “Bozqurd işarəsi” ilə sosial şəbəkələrdə gündəm oldu. Əslində bu, İrana ən mükəmməl şəkildə verilən bir mesajdır. İran reallığı dərk etməli, Azərbaycanın regiondakı gücünü və rolunu qəbul etməli, Azərbaycanla münasibətləri yaxşılaşdırmalıdır. Bizimlə təhdid dilində danışmağın nəticəsinin necə olduğunu 44 günlük savaşla dünyaya göstərdik. İrana isə belə gərginlik heç bir fayda gətirməyəcək. İran bizim tarixi qələbəmizlə razılaşmalı, ərazi bütövlüyümüzü, sərhədlərimizi tanımalı, yeni geosiyasi vəziyyətə uyğunlaşmalıdır.

                                                                                                   Nailə Məmmədova

2021-10-06 / 14:57
Facebook