Soçi görüşündə Qarabağ müzakirəsi

 

No description available.

29 sentyabr 2021-ci il tarixində Soçidə dünyanın diqqət mərkəzində olan bir görüş - Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşü baş tutdu. İki ölkə liderinin təxminən 3 saatlıq təkbətək qapalı danışıqlarının mahiyyəti və nəticələri barədə mətbuata açıqlamalar olmasa da bir sıra ehtimallar səsləndirilir. Prezidentlərin verdikləri nikbin bəyanatlar isə onların növbəti dəfə ortaq məxrəcə gəldiklərindən xəbər verir. Bu görüşməni Putin "çox yararlı və önəmli", Ərdoğan isə "məhsuldar" olaraq qiymətləndirdi. Qapalı görüşdən əvvəl Putinin səsləndirdiyi fikirlər artıq müəyyən razılaşmaların əldə olunacağının siqnalı idi. Rusiya prezidenti - "Moskva və Ankara qarşılıqlı faydalılıq əsasında kompromislər tapmağı öyrəniblər. Danışıqlar bəzən elə də asan getmir, amma sonda müsbət nəticələr əldə olunur. Beynəlxalq xətt üzrə biz yetərincə uğurlu əməkdaşlıq aparırıq. Mən həm Suriyanı, həm bizim əlaqələri, həm də Liviya üzrə mövqelərimizin uzlaşdırılmasını nəzərdə tuturam. Azərbaycanla Ermənistan sərhədində atəşkəsə nəzarət üzrə rus-türk mərkəzi fəal şəkildə işləyir. İki ölkənin əməkdaşlığı sabitliyə təminat verir,- deyə qeyd edib. Bu dövlətlər arasında əldə olunan ikitərəfli razılaşmalar regional məsələlərin həllinə də təsir edən amildir. Gizli danışıqlardan məlum olan bəzi dəqiq detallar var ki, bu da Ərdoğanla Putinin həm İdlib, həm Qarabağ məsələsindən danışmasıdır. Belə ki, danışıqlar nəticəsində: - İdlibdə tam anlaşma əldə olunmasa da, birgə hərəkət etməklə bağlı razılıq əldə edilib; - Suriyada terrora qarşı birgə mübarizə haqda qərar verilib. Ərdoğanın açıqlamalarından məlum olur ki, Ankara PYD/YPG məsələsində Vaşinqtondan fərqli olaraq, Moskva ilə anlaşmaq perspektivlərinə ümid edir; - Qarabağ məsələsi müzakirə olunub. Azərbaycan üçün bu görüşü önəmli edən faktor 44 günlük tarixi qələbəmizdən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıq, Türkiyə və Rusiyanın mövcud vəziyyətdə regionda rolu, bölgədə bir-birinin iştirakına yanaşmaları, kommunikasiyaların açılması məsələsində Ankara-Moskva münasibətlərinin səviyyəsidir. Bu baxımdan, Putinin rus-türk mərkəzinin rolu barədə dedikləri Moskvanın bölgədə Türkiyənin hərbi iştirakını müsbət hal kimi qiymətləndirdiyindən xəbər verir. Putin Ağdamda fəaliyyət göstərən rus-türk monitorinq mərkəzinin sabitliyin ciddi qarantı olduğunu vurğulayıb. 10 noyabr bəyanatında nəzərdə tutulan, regional əməkdaşlığı təşviq edən Zəngəzur dəhlizi də görüşdə müzakirə olunan məsələlərdən biri olub. Təsadüfi deyil ki, Soçidən qayıdarkən jurnalistlərə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli bir fürsət olacaq. O, həmçinin qeyd edib ki, bu dəhlizdə həyata keçiriləcək avtomobil və dəmir yolu xətləri bütün bölgə ölkələri üçün ticari və iqtisadi imkanlar yaradacaq. "Azərbaycan bu dəhliz üçün geniş həcmli işlər görür. Təbii ki, Ermənistan tərəfi də öhdəliklərini yerinə yetirməlidir", - deyə Türkiyə lideri vurğulayıb. Son vaxtlar Ermənistanın Zəngəzur dəhlizinin açılması ətrafında apardığı oyunları neytrallaşdırmağın yolu bu məsələnin həllini öhdəliyə götürən üzvlər arasında əlaqələrin daha da gücləndirilməsidir. Qarabağla bağlı danışıqlarda aydın görünən odur ki, hər iki tərəf öz təklifi, öz yanaşması ilə çıxış etmişdir. Belə ki, Kremlin sözçüsü Peskov bildirir ki, Putin Qarabağ münaqişəsi tərəflərinin sərhədin delimitasiyası və kommunikasiya xətlərinin açılması üzrə güzəştli həll variantı axtarmalı olduğunu deyib. Bu isə onu deməyə əsas verir ki, Rusiya gündəlikdə Qarabağ məsələsindən daha çox, Azərbayan-Ermənistan münasibətləri, sərhədin delimitasiyası və kommunikasiyanın bərpası prioritetləri üzərində dayanır. Azərbaycan bununla bağlı mövqeyini açıqlayıb və sərhədlərin müəyyənləşməsinin bizim tələblərimizə uyğun şəkildə icra olunması üzərində dayanır. Sərhədlərin delimitasiyasının öncə həll edilməsi Qarabağda bizim mövqeyimizi daha da gücləndirəcək. Ərdoğan isə görüşlə bağlı bildirir ki, Suriya, Qarabağ, Liviya və Əfqanıstandakı prosesləri dəyərləndirdik, eyni zamanda, Azərbaycan məsələsini müzakirə etdik. Türkiyə Azərbaycan məsələsinə öz məsələsi qədər həssas və dərin yanaşır. Azərbaycanın Qarabağla bağlı mövqeyini müdafiə edən və müzakirəyə çıxaran tərəf də Türkiyədir. Bu, Soçi görüşünün Qarabağ müzakirəsinin detalları ilə bağlı mövcud olan faktlardır. Qarabağla bağlı daha hansı müzakirələrin həyata keçirildiyini çox güman ki, yaxın vaxtlarda atılan addımlarla görəcəyik.

                                                                                                        Nailə Məmmədova
 
2021-10-01 / 14:27
Facebook