İran: müsəlman təəssübkeşi, yoxsa erməni havadarı?

 

No description available.

44 günlük Vətən müharibəsi ilə ordumuz ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Parlaq və sürətli qələbəmizlə Azərbaycan ordusu dünya hərb tarixində yeni səhifə açdı. Şanlı zəfərimizlə 30 ildir nəzarətsiz qalan sərhədlərimizdə Azərbaycan bayrağı dalğalandı. Nəticədə Azərbaycan-İran, Azərbaycan-Ermənistan sərhədləri sərhədçilərimizin nəzarətinə götürüldü. Beynəlxalq hüquq və qanunlara əsasən, bu sərhədlərdən keçməklə Azərbaycan ərazisinə daxil olmaq istəyən hər bir şəxs rəsmi Bakı ilə hesablaşmalı, ölkə qanunvericiliyinin tələblərinə riayət etməlidir. Ermənistanla sülh müqaviləsi imzalanana, sərhədlərin delimitasiya və demarkasiyası tam başa çatana qədər Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsindən Ermənistan və İran vətəndaşlarının gediş-gəlişi sadələşdirilib. Lakin Azərbaycanın bu jestini düzgün başa düşməyən İran və Ermənistan tərəfi bəzi sui-istifadə hallarına yol verdi. İrana məxsus yük avtomobillərinin rusiyalı sülhməramlıların postundan keçməklə Xankəndinə giriş-çıxışı intensivləşdi. İyul-avqust aylarında İrandan Qarabağa 35 yük maşını 70 dəfə girib-çıxmışdısa, 10 avqustda İran səfirliyinə xəbərdarlıqdan sonra Qarabağa yük daşıyan maşınların sayı bir ayda 58-ə qalxmışdı.

No description available.

Rəsmi Bakı dəfələrlə Tehrana öz narazılığını diplomatik yollarla çatdırmasına baxmayaraq İranın laqeyd münasibəti daha ciddi tədbirlərin həyata keçirilməsi zərurətini yaratmışdı. İranın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilmiş, ona rəsmi Bakının etiraz notası təqdim olunmuşdu. Sentyabrın 13-də və 16-da isə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcəyi, həmçinin maraq kəsb edən digər məsələlər müzakirə olunub və Azərbaycanın narazılığı hər iki halda növbəti dəfə səfirə çatdırılıb. Hərbçilərimiz Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsini ciddi nəzarətə götürdü, İran yük avtomobillərinin buradan keçidi məhdudlaşdırıldı. Bütün bunlar, xüsusilə də, Azərbaycan-Türkiyə xüsusi təyinatlı dəniz piyadalarının Xəzərdəki təlimi, ilk dəfə olaraq Bakıda Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə “Üç Qardaş-2021” beynəlxalq təliminin keçirilməsi İran üçün bardağı daşıran son damla oldu. İran indiyədək gizləyib saxlamağa çalışdığı Azərbaycan nifrətini açıq şəkildə bəyan etməyə başladı. Heç vaxt Araz boyunda hər hansı təlim keçməyən İran ordusu birdən-birə orada təlimlər keçdi. Şirin quyruğunun tapdalanmaması bəyanatı da açıq şəkildə İranın Ermənistanın arxasında durması demək idi.

Belə hadisələr fonunda xarici dairələrin təsiri altında olan bəzi şəxslər Azərbaycanın cənub regionunda – İranla sərhəd ərazilərdə yaşayan talışların guya hüquqlarının pozulması barədə beynəlxalq ictimai rəydə yanlış təsəvvür formalaşdırmağa başlayıblar. Ümumilikdə cənub regionunda əhalinin sayı 1 milyonu keçmədiyi halda, iddia olunub ki, guya Azərbaycanın Lerik, Lənkəran, Masallı, Yardımlı və Astara yaşayış məntəqələrində 1 milyon 500 minə yaxın talış var, onların yazmaq və oxumaq, öz dillərində danışmaq hüquqları pozulur. Son vaxtlar baş verən hadisələrə nəzər saldıqda talışlarla bağlı süni narahatlığın haradan və nədən qaynaqlandığı aydın olur. Azərbaycan illərdir ki, multikulturalizm məkanı olaraq özünü təsdiqləyib. Müxtəlif dini və milli azlıqlar ölkəmizdə rahat və firavan şəkildə yaşayırlar. 44 günlük Vətən müharibəsində də həmin azlıqların nümayəndələri sonadək böyüyüb boya-başa çatdıqları Vətən üçün mübarizə apardılar, bəziləri Şəhid, bəziləri qazi oldular. Hətta Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahli qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində erməni əsilli vətəndaş Karina Qriqoryan xəsarət almışdı. Təkcə bu fakt özü belə Azərbaycanda tolerantlığın, sabitliyin nə dərəcədə bərqərar olduğunun göstəricisidir. Talışlar da Vətən müharibəsində son damla qanlarına qədər mübarizə apardılar, torpaqlarımızı düşmən tapdağından azad etdilər. Məhz bu birliyimiz, ümumi vətən sevgimiz nəticəsində biz düşmənə qalib gəldik. Ancaq İranda isə vəziyyət tamam başqadır. Ölkə əhalisinin tam yarısını təşkil edən 40 milyona yaxın azərbaycanlının hüquqları tapdanır. Qarabağdakı ermənilər üçün "status" tələb edən İran soydaşlarımızın ana dilindən istifadə haqqını belə tanımır. Dünya erməniləri Cənubi Azərbaycan şəhərlərində rahatlıqla qurultay keçirə bildiyi, İranda bu gün erməni məktəbləri fəaliyyətini davam etdirdiyi, ermənilər dini azlıq kimi güzəştli hüquqlara malik olduğu halda, oxşar məsələləri orada yaşayan Azərbaycan türkləri haqqında söyləmək mümkün deyil. İranda nə Azərbaycan dilli məktəb fəaliyyət göstərir, nə də ki soydaşlarımız rahat şəkildə bir tədbir həyata keçirə bilir. Müsəlman-şiə təəssübkeşi olduğunu iddia edən İran məscidlərdə donuz saxlayan, 30 min şiə-müsəlman azərbaycanlını qətlə yetirən, bir milyon şiə-müsəlman azərbaycanlını yurdundan didərgin salan Ermənistanı bəsləməkdən əl çəkmir. İran rəsmilərinin erməni sevgisi əslində bu rejimin tam mahiyyətini ifşa edən faktdır. İran üçün heç bir din, islam, müsəlman, şiə təəssübkeşliyi, beynəlxalq və hüquqi dəyər anlayışı yoxdur, onun üçün yalnız millətçi-aqressiv siyasət və riya üzərində qurulmuş hədəflər var. 44 günlük Vətən müharibəsində İran simasını tam göstərdi: Rusiyadan Ermənistana uçan təyyarələrdəki yük rəsmən elan edilmədiyi və şübhəli olduğu üçün Gürcüstan hava məkanını bu tip laynerlərə bağladı, həmin zaman Rusiyadan qanunsuz silah-sursatlar İran üzərindən Ermənistana daşınırdı. Əlavə olaraq isə İrandan Ermənistana daşınan onlarla zirehli və hərbi maşınların videosu həmin vaxt internet resurslarında yayıldı.

Görünən odur ki, aqressiv siyasəti, əzələ nümayişi ilə İran Azərbaycan kimi geosiyasi gücü itirə bilər. Azərbaycanla mütəffiqlik regional platformada İrana yeni imkanlar gətirəcəyi halda, bataqlıqda olan Ermənistanla mütəffiqlik İranı daha da dalana dirəyir. Azərbaycanla səmimi münasibət İranın bütün gələcəyini sığortalamış olardı. Biz öz ərazi bütövlüyümüzü beynəlxalq hüquq normaları çərçivəsində təmin edirik, sərhədlərimizdə nəzarəti gücləndiririk. Bu bizim tam suveren haqqımızdır. İstər İran, istərsə də qeyri-dövlət maşınları bizdən icazəsiz bizim torpaqlarımıza daxil ola bilməz. İran 30 ilə yaxındır bizim torpaqlarımızda qanunsuz fəaliyyətini o qədər genişləndirib ki, indi bu həqiqəti dərk etmək istəmir. Regionda sabitliyin, təhlükəsizliyin təminatı isə məhz bu həqiqətin dərki ilə mümkündür.

                                                                                                   Nailə Məmmədova

2021-09-23 / 17:10
Facebook