10 dekabr 2020-ci il tarixində 44 günlük Vətən müharibəsinin təntənəsi, tarixi zəfərimizin isbatı olan Zəfər paradı keçirildi. Bu günü daha da özəl edən müharibə başlayan gündən qardaş dəstəyini bizdən əskik etməyən Türkiyə Cümhuriyyətinin rəsmilərinin və Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın paradda iştirakı idi. Paraddan sonra diqqət çəkən məqam isə Ərdoğanın səsləndirdiyi bayatının İran tərəfindən ciddi narahatlıqla qarşılanması oldu. Maraqlıdır ki, cənub qonşularımız tarixi və ədalətli qələbimizlə bağlı bizi təbrik etmək yerinə Ərdoğanın bu nitqini müxtəlif şəkildə təhrif etdilər, dövlət səviyyəsində tənqid etdilər, hətta İranın ərazi bütövlüyünə təhdid olaraq dəyərləndirdilər. Halbuki Türkiyə Prezidentinin nitqində İran başda olmaqla, region ölkələri üçün ciddi bir çağırış var idi. Ərdoğan çıxışı zamanı region ölkələrinin əməkdaşlıq platformasının yaradılmasının vacibliyini qeyd etmişdi. Lakin İran belə ciddi çağırışları göz ardı edib, bayatıda özü üçün təhlükə axtardı. Türkiyə də rəsmi şəkildə bunun heç bir çağırış olmadığını bəyan etdi. İran isə müəyyən müddətdən sonra sakitləşərək, tarixi qorxusunu üzə çıxardığı üçün də bir qədər narahat olaraq bu söhbətlərə ara verdi. Son günlər isə İranın Azərbaycan-Türkiyə birliyi qorxusunun yenidən qabardığının şahidi oluruq. Belə ki, Azərbaycan-Türkiyə xüsusi təyinatlı dəniz piyadalarının Xəzərdəki təlimi rəsmi Tehranı qıcıqlandırıb. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bildirib ki, Xəzəryanı ölkələrdən savayı digər ölkələrin Xəzər dənizində hərbi varlığı qanunsuzdur. Diqqətçəkən məqam budur ki, sualtı hücum və sualtı müdafiə məşqləri Xəzər dənizinin Azərbaycan ərazisində keçirilir. Bu bizim suveren hüququmuzdur, İran isə bundan qorxuya düşüb. Reallıq bundan ibarətdir ki, Tehranda narahatlıq doğuran əsas səbəb Azərbaycan-Türkiyə əməkdaşlığının daha da güclənməsidir. Dəniz təlimləri Azərbaycan ordusunun modernləşməsi istiqamətində Türkiyə ilə əməkdaşlığın tərkib hissəsi olmaqla yanaşı, həm də strateji əhəmiyyətə malikdir. Türkiyə və Azərbaycan bununla Xəzərdə də birgə hərəkət etdikləri nümayiş etdirir, həmçinin Türkiyə Xəzərdə də mövcudluğunun mesajını verir. Hansı ki, bu mesaj yaxın tarixdən İrana bəllidir. 2001-ci ilin 24 avqustunda "Türk Şahinləri"nin Xəzər dənizi üzərindəki möhtəşəm göstərisi Azərbaycanın hava sərhədlərini pozan İrana açıq şəkildə cavab olmuşdu. Ötən ay Azərbaycan İrana məxsus avtomobillərin Qarabağ bölgəsinə "qanunsuz" səfərləri ilə bağlı Tehrana öz narazılığını bildirib, XİN-ə dəvət olunan İran səfirinə nota təqdim olunub. Bu yoldan Azərbaycanın icazəsi olmadan İranın yük avtomobillərinin müxtəlif təyinatlı yüklər daşıması və onlara Ermənistanın və Rusiya sərhədçilərinin şərait yaratması narahatedici bir amildir. Dəfələrlə İran nömrə-nişanlı yük maşınlarının Laçın dəhlizi vasitəsilə Qarabağa mənşəyi məlum olmayan yüklər daşıdığı barədə xəbərlər və videokadrlar yayılıb və hər dəfəsində İran məlumatı təkzib edib. Əslində isə bu müsəlman qonşumuzun adına utanc gətirən faktdır. Söhbət Qarabağda dini abidələrimizi darmadağın edən, salamat qalan dini məbədlərimizdə isə donuz saxlayan, uşaq, qadın qatili olan terrorçu dövlətə hərbi yardımdan gedir. Prezident İlham Əliyev Qarabağın işğalı dönəmində dəfələrlə müsəlman dünyasına müraciət edərək, onları məscidləri dağıdan ölkə ilə əməkdaşlıqdan çəkinməyə çağırmışdı. İran dövləti isə mütəmadi şəkildə Ermənistana hər cür dəstək verirdi. Ermənistan İranı daim özü üçün dayaq yeri hesab edib və hətta etiraf da olunub ki, əgər 35 km-lik İran-Ermənistan sərhədi - Mehri qapısı bağlanarsa, Ermənistan boğular. Bu faktın özü sübut edir ki, İran Ermənistan üçün vazkeçilməz bir ölkədir. Ermənistanı iqtisadi baxımdan bu 30 ildə ayaqda saxlayan İran oldu. İşğaldakı torpaqlarımızda evlərin dağıdılması, tikinti materiallarının daşınmasından tutmuş, İran şirkətlərinin burada qanunsuz fəaliyyətinə qədər, hər vəchlə İran erməni işğalının ömrünü uzatmağa çalışdı. 44 günlük müharibə dönəmində İran özünün vasitəçilik missiyasını təklif etməsinə, bölgəyə nümayəndə heyəti göndərməsinə baxmayaraq Araz çayı boyunca hərbi qüvvələrini də cəmləmişdi. Görünən budur ki, İranın vasitəçilik niyyətinin arxasında başqa məqsədlər dayanırmış. Azərbaycan dövləti Zəngəzur dəhlizinin açılması ilə bölgə dövlətlərinin, o cümlədən İranın bu əməkdaşlıqdan faydalanacağını bəyan edib. Ancaq İran bu xoşməramlı bəyanatın qarşılığında fərqli mövqe sərgiləməkdədir. Hətta İran parlamentinin üzvlərindən biri bu layihənin əleyhinə çıxış etməklə ermənilərin yanında mövqe tutmuşdu. Bunun ardınca İran hərbçilərinin İrəvanda peyda olunması ilə bağlı mətbuata sızan xəbərlər də Azərbaycana qarşı gizli şəkildə mütəffiqliyin fəaliyyətindən xəbər verirdi. Hətta İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu ilin yanvarında erməni həmkarı Ara Ayvazyanla görüşü zamanı “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”, - deyə bildirmişdi. Münasibətlərdəki fərq göz önündə, 30 ilə yaxın ərazisi işğalda qalan müsəlman Azərbaycanın ərazisi nədənsə İran üçün “qırmızı xətt” olmamışdı. Ermənistan sərhədləri dəyişdirib Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğalda saxlayanda cənubdan buna etiraz yox idi. Dünya erməniləri Cənubi Azərbaycan şəhərlərində rahatlıqla qurultay keçirə bildiyi, İranda bu gün erməni məktəbləri fəaliyyətini davam etdirdiyi, ermənilər dini azlıq kimi güzəştli hüquqlara malik olduğu halda, oxşar məsələləri orada yaşayan Azərbaycan türkləri haqqında söyləmək mümkün deyil. İranda nə Azərbaycan dilli məktəb fəaliyyət göstərir, nə də ki soydaşlarımız rahat şəkildə bir tədbir həyata keçirə bilir. Bu gün İranı narahat edən əsas amil Azərbaycanın Vətən müharibəsində qələbə qazanmasından sonra Ermənistanla yeni sərhəd zolağının yaranmasıdır. Gorus-Qafan yolu İran-Ermənistan quru yoludur, bu yolun 21 kilometri Azərbaycanın ərazisindən keçir. Tehran isə bunu həzm edə bilmir. Bu gün Azərbaycan polisi Gorus-Qafan yolunda post qurub. Gorus-Qafan yolunda İrana məxsus maşınlarından qanunvericiliyimizə uyğun şəkildə yol vergisi və digər gömrük ödənişləri alınır, yoxlamalar aparılır. İran açıq şəkildə etiraf etməsə də, narahatlığının önündə duran əsas səbəblərdən birinin bu olduğunu görmək elə də çətin deyil. Bütün bu faktlara qarşılıq isə İran susmaqda davam edir, ancaq öz suveren quru və dəniz sərhədlərimizdə həyata keçirdiyimiz təlimlərə dərhal reaksiya verə bilir. Görünən budur ki, İran hələ çox belə narahatçılıq keçirəcək, çünki sonsuz belə təlimlərin şahidi olacaq. İran Azərbaycana qarşı ənənəvi aqressiv siyasətini davam etdirməklə ciddi strateji yanlışlığa yol verir. Azərbaycan İran üçün strateji yol, yeni inkişaf xətti deməkdir, Ermənistan isə İran üçün dalandır, çıxılmazdır. Azərbaycan bu gün yüksək hərbi texnologiyaya və NATO-nun ikinci ən qüdrətli ordusuna malik Türkiyəni və nüvə dövləti Pakistanı yanına alıb. Bu baxımdan, Azərbaycanla əməkdaşlıq region üçün ancaq sülh, sabitlik və təhlükəsizlik vəd edir.
Nailə Məmmədova