“YAŞAT” Fondunun həftəlik hesabatı

 

No description available.

Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğının bariz nümunəsi olan “YAŞAT” Fondu öz fəaliyyətini uğurla davam etdirir. 

28 iyun 2021-ci il tarixində 44 günlük Vətən müharibəsində ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb. Hazırda daha 56 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdə (mayın 27-nə kimi olan hesabata əsasən) 36 995 025.16 manat vəsait mədaxil olub. Ölkə ərazisində şəhidin ailə üzvləri, habelə yaralı olmaqla ümumilikdə 14 895 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb, (yashat.gov.az saytında) 7630 şəxsin müraciətinin icra olunması üçün öhdəlik götürülüb.

Fondun fəaliyyət istiqamətləri üzrə bu günə qədər 24 709 603.69 məbləğində vəsait xərclənib. Onlardan: məişət şəraitinin yaxşılaşdırılmasına – 4522 şəhid ailəsi üzvü və yaralı; təhsil haqqı – 39 şəhid ailəsi üzvü və yaralı; istehlak kreditlərinin ödənilməsi – 1100 şəhid ailəsi üzvü və yaralı, tibb xidmətlərin ödənilməsi – 1829 şəhid ailəsi üzvü və yaralı.

“YAŞAT” Fondunun hesabatlılığını təmin etmək üçün Yashat.gov.az saytı fəaliyyət göstərir. Bütün xərclər adlı siyahı şəklində ödənişləri təsdiq edən sənədlər və videolarla birgə saytın hesabat bölməsində göstərilir.

“YAŞAT” Fondunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmalarına dəstəyi davam edir. Dəstək proqramı çərçivəsində əməkdaşlıq yaradılmış özəl təhsil müəssisələrində şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq. Müraciətlər arasında seçim müvafiq təhsil müəssisəsi tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq.

“YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tərəfindən 6, 7 və 8-ci siniflər üzrə Azərbaycan və rus bölmələrinin hər birində 1 nəfər, 9, 10, 11-ci sinif üzrə isə beynəlxalq bölmənin hər birində 1 nəfər olmaqla (müvafiq IGCSE fənn qrupları üzrə) toplam 10 nəfər üçün ödənişsiz təhsil imkanı yaradılır.

14 iyun 2021-ci il tarixində “Neftçi" Peşəkar Futbol Klubu (PFK), "ASAN Könüllüləri" Təşkilatı və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə şəhid və sosial baxımdan həssas ailələrin övladları üçün nəzərdə tutulmuş "III Neftçili Yay Futbol Düşərgəsi" layihəsi 30 iyun tarixində yekunlaşıb. Şəhid və sosial baxımdan həssas ailələrin 7-12 yaş aralığında olan övladları üçün nəzərdə tutulmuş layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. 16 gün davam edən düşərgədə pandemiya qaydaları nəzərə alınaraq iştirakçılar qruplar üzrə bölünüblər. İştirakçılarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçirilib, peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədilib. Neftçi Futbol Klubunun "Türk Hava Yolları" bazasında keçiriləcək düşərgəni uğurla bitirmiş iştirakçılar sertifikat, müxtəlif hədiyyələr və imtiyazlarla təltif ediliblər.

Qazilərimizin zəruri tibbi, psixoloji və s. istiqamətlərdə yardımlarla təminatı, sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiya olunmaları, normal həyat tərzinə qaytarılmaları istiqamətində məqsədyönlü işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qazilərin sosial dəstəklə təminatı çevik və genişmiqyaslı tədbirlər həyata keçirilir. Postmüharibə dövründə artıq 23 mindən çox şəxsi əhatə edən bu tədbirlər çərçivəsində ən mühüm fəaliyyət istiqamətlərindən biri də şəhid ailəsi üzvləri və qazilərin məşğulluq məsələlərinin həll olunmasıdır. Son aylarda bu kateqoriyalardan olan 6400-dən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 5 minədək şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb. Həmçinin işəgötürənlərin şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştirakının təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında - “Məşğulluq marafonu”na start verilib. Marafonun məqsədi həmin kateqoriyadan olan vətəndaşların məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına nail olunmasıdır.

Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial dəstək tədbirləri çərçivəsində 929 müharibə əlilinə 6200-dək reabilitasiya vasitəsi verib. Həmçinin, Vətən müharibəsində yaralanaraq aşağı ətrafları amputasiya olunmuş qazilərimizdən 82 hərbçi yüksək texnologiyalı 83 protezlə təmin olunub. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb. Bu ilin mart ayından əlilliyi olan şəxslərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb. Əlilliyi olan şəxslərə 500-ə yaxın mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsi də müharibə iştirakçılarıdır. Postmüharibə dövründə Nazirliyin reabilitasiya müəssisələrində 1300-dək qazi və şəhid ailəsi üzvü sosial-psixoloji və reabilitasiya xidmətləri ilə əhatə olunub. Onlar klinik və sosial psixoloqlar tərəfindən əyani və online, qrup və fərdi şəkildə psixoloji seanslara cəlb ediliblər. Hazırda da həmin xidmətlərin göstərilməsi prosesi davam edir.

Dövlət başçısının Fərmanı ilə yaxın vaxtlarda vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayacaq. Bununla da şəhid ailələri, müharibədə yaralanmış qazilər, müharibə əlilləri artıq müxtəlif xidmətlərdən ötrü müxtəlif qurumlara deyil, yalnız bir məkana – vahid əlaqələndirmə mərkəzinə müraciət edəcəklər.

Həmin mərkəzlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra hakimiyyəti orqanları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən onlar üçün nəzərdə tutulan xidmətlər artıq bir mərkəzdən və üç formada - birbaşa (yerində), “Çağrı mərkəzi” vasitəsilə və səyyar şəkildə təqdim olunacaq. Bütün bu xidmətlər üzrə fəaliyyətinin əlaqələndirilməsini, habelə müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndiricilik funksiyasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək. Bununla əlaqədar əmək və əhalinin sosial müdafiəsi nazirinin rəhbərliyi ilə həmin dövlət orqanları rəhbərlərinin müavinlərinin təmsil olunduğu Əlaqələndirmə Komissiyası yaradılması da tapşırılıb.

Xidmətlərin vahid məkandan təqdim edilməsi qeyd olunan vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələr üzrə xidmətlərin “bir pəncərə”dən, operativ və vətəndaş məmnunluğuna uyğun göstərilməsinə səbəb olacaq.

Bu gün ölkəmizdə hər kəs torpaqlarımızı işğaldan azad edən, bizə qələbə yaşadan qəhrəmanlarımızın ailələrinə dəstək göstərmək istəyir. Vətən müharibəsi dövründə insanlar ordumuza, əsgərlərimizin ailələrinə yardım etdikləri kimi, məhz “YAŞAT” Fondunun yaradılması sayəsində bundan sonra da şəhid ailələrinə və qazilərə hərtərəfli dəstək göstərə biləcəklər. Bizə qələbə yaşadanları yaşatmaq bizim borcumuzdur!

                                                                                                     Nailə Məmmədova

2021-07-02 / 16:14
Facebook