“YAŞAT” Fondunun həftəlik hesabatı

 

 

 

No description available.

Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğının bariz nümunəsi olan “YAŞAT” Fondu öz fəaliyyətini uğurla davam etdirir. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Hazırda 61 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdə (mayın 27-nə kimi olan hesabata əsasən) 36 995 025.16 manat vəsait mədaxil olub. Ölkə ərazisində şəhidin ailə üzvləri, habelə yaralı olmaqla ümumilikdə 14 798 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb, (yashat.gov.az saytında) 7410 şəxsin müraciətinin icra olunması üçün öhdəlik götürülüb. Fondun fəaliyyət istiqamətləri üzrə bu günə qədər 26 448 045.94 məbləğində vəsait xərclənib. Onlardan: məişət şəraitinin yaxşılaşdırılmasına – 4347 şəhid ailəsi üzvü və yaralı; təhsil haqqı – 38 şəhid ailəsi üzvü və yaralı; istehlak kreditlərinin ödənilməsi – 1077 şəhid ailəsi üzvü və yaralı, tibb xidmətlərin ödənilməsi – 1786 şəhid ailəsi üzvü və yaralı. “YAŞAT” Fondunun hesabatlılığını təmin etmək üçün Yashat.gov.az saytı fəaliyyət göstərir. Bütün xərclər adlı siyahı şəklində ödənişləri təsdiq edən sənədlər və videolarla birgə saytın hesabat bölməsində göstərilir. "YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi də davam edir. Ötən həftə ərzində Vətən müharibəsindən sonra dünyaya gələn 100-cü şəhid övladının, şəhidimiz Vüqar Məmmədovun övladı Vüqarın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. “YAŞAT” Fondunun layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanır. Bu məqsədlə 1000 AZN analara təqdim olunur və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılır. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək. Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər. Qazilərimizin zəruri tibbi, psixoloji və s. istiqamətlərdə yardımlarla təminatı, sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiya olunmaları, normal həyat tərzinə qaytarılmaları istiqamətində məqsədyönlü işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qazilərin sosial dəstəklə təminatı çərçivəsində də işlər aparılır. Vətən müharibəsi qazilərinə psixoloji, mənəvi, hüquqi dəstək verilməsi üzrə görüşlər davam etdirilir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının (AƏAQF) birgə təşkilatçılığı ilə 24.06.2021-ci il tarixdə Vətən müharibəsi qaziləri və iştirakçılarına dəstək məqsədilə Qaradağ rayonunda (Lökbatan, Səngəçal) görüşlər keçirilib. Qeyd edək ki, daha əvvəl Xəzər, Suraxanı, Sabunçu, Xətai, Binəqədi, Yasamal rayonlarında Vətən Müharibəsi qazilərinə psixoloji, mənəvi, hüquqi dəstək verilməsi üzrə görüşlər keçirilib. Görüş zamanı onlara mənəvi dəstək, hüquqi məsləhət, gənclərin paralimpiya hərəkatına cəlb olunmaları, qaziləri maraqlandıran sualların müvafiq qurumlara çatdırılma işində dəstəyin göstərilməsi kimi məsələlər müzakirə edilib. Həmçinin qazilərin Azərbaycanda keçirilməsi nəzərdə tutulan qılıncoynatma üzrə “Zəfər Kuboku”na cəlb edilmələri nəzərdə tutulub. Bu gün ölkəmizdə hər kəs torpaqlarımızı işğaldan azad edən, bizə qələbə yaşadan qəhrəmanlarımızın ailələrinə dəstək göstərmək istəyir. Vətən müharibəsi dövründə insanlar ordumuza, əsgərlərimizin ailələrinə yardım etdikləri kimi, məhz “YAŞAT” Fondunun yaradılması sayəsində bundan sonra da şəhid ailələrinə və qazilərə hərtərəfli dəstək göstərə biləcəklər. Bizə qələbə yaşadanları yaşatmaq bizim borcumuzdur!

2021-06-25 / 15:18
Facebook