Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğının bariz nümunəsi olan “YAŞAT” Fondu öz fəaliyyətini uğurla davam etdirir.
Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz 16 iyun 2021-ci il tarixində sağalaraq Vətənə geri dönüb. Hazırda 61 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
1 iyun 2021-ci il tarixində “YAŞAT” Fondunun və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə təşkilatçılığı, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə reallaşan “Hədiyyə Karvanı” layihəsi 13 iyun tarixində yekunlaşdı. Bu çərçivədə ölkəmizin müxtəlif şəhər və rayonlarına səfər edildi və həmin rayonlardan olan şəhidlərimizin ailələri ziyarət olunmaqla onların övladlarına şəhidlərimizin övladlarına müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaq hədiyyələr, idman geyim dəstləri, qoruyucu maskalar, jurnallar paylanıldı. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də yaradıcı potensiallarının inkişafına dəstək olmaqdır.
14 iyun 2021-ci il tarixində “Neftçi" Peşəkar Futbol Klubu (PFK), "ASAN Könüllüləri" Təşkilatı və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə şəhid və sosial baxımdan həssas ailələrin övladları üçün nəzərdə tutulmuş "III Neftçili Yay Futbol Düşərgəsi" layihəsi baş tutub.
Şəhid və sosial baxımdan həssas ailələrin 7-12 yaş aralığında olan övladları üçün nəzərdə tutulmuş layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. 16 gün davam edəcək düşərgədə pandemiya qaydaları nəzərə alınaraq iştirakçılar qruplar üzrə bölünəcəklər. İştirakçılarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçiriləcək, peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədiləcək. Neftçi Futbol Klubunun "Türk Hava Yolları" bazasında keçiriləcək düşərgəni uğurla bitirmiş iştirakçılar sertifikat, müxtəlif hədiyyələr və imtiyazlarla təltif ediləcəklər.
“YAŞAT” Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdə (mayın 27-nə kimi olan hesabata əsasən) 36 995 025.16 manat vəsait mədaxil olub. Ölkə ərazisində şəhidin ailə üzvləri, habelə yaralı olmaqla ümumilikdə 14 712 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb, (yashat.gov.az saytında) 7180 şəxsin müraciətinin icra olunması üçün öhdəlik götürülüb.
Fondun fəaliyyət istiqamətləri üzrə bu günə qədər 25 588 977.83 məbləğində vəsait xərclənib. Onlardan: məişət şəraitinin yaxşılaşdırılmasına – 4148 şəhid ailəsi üzvü və yaralı; təhsil haqqı – 38 şəhid ailəsi üzvü və yaralı; istehlak kreditlərinin ödənilməsi – 1053 şəhid ailəsi üzvü və yaralı, tibb xidmətlərin ödənilməsi – 1674 şəhid ailəsi üzvü və yaralı.
“YAŞAT” Fondunun hesabatlılığını təmin etmək üçün Yashat.gov.az saytı fəaliyyət göstərir. Bütün xərclər adlı siyahı şəklində ödənişləri təsdiq edən sənədlər və videolarla birgə saytın hesabat bölməsində göstərilir.
"YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi də davam edir. Ötən həftə ərzində Şəhidlərimiz Fərid Nağıyevin övladı Anayın, Vüsal Hüseynovun övladı Nadirin, Qubat Əliyevin övladı Qubatın zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək. Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.
Qazilərimizin zəruri tibbi, psixoloji və s. istiqamətlərdə yardımlarla təminatı, sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiya olunmaları, normal həyat tərzinə qaytarılmaları istiqamətində məqsədyönlü işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qazilərin sosial dəstəklə təminatı çərçivəsində də işlər aparılır.
Bu gün ölkəmizdə hər kəs torpaqlarımızı işğaldan azad edən, bizə qələbə yaşadan qəhrəmanlarımızın ailələrinə dəstək göstərmək istəyir. Vətən müharibəsi dövründə insanlar ordumuza, əsgərlərimizin ailələrinə yardım etdikləri kimi, məhz “YAŞAT” Fondunun yaradılması sayəsində bundan sonra da şəhid ailələrinə və qazilərə hərtərəfli dəstək göstərə biləcəklər. Bizə qələbə yaşadanları yaşatmaq bizim borcumuzdur!
Nailə Məmmədova