Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğının bariz nümunəsi olan “YAŞAT” Fondu öz fəaliyyətini uğurla davam etdirir.
8 iyun 2021-ci il tarixində 44 günlük Vətən müharibəsində ağır yaralanan daha 6 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz isə 7 iyun 2021-ci il tarixində sağalaraq Vətənə geri dönüb. Hazırda 63 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
1 iyun 2021-ci il tarixində Tovuz “ASAN xidmət” də “Hədiyyə Karvanı” layihəsinin açılış mərasimi keçirilib. Layihə “YAŞAT” Fondunun və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə təşkilatçılığı, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə reallaşdırılır. Layihə çərçivəsində şəhidlərimizin övladlarına müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaq hədiyyələr, idman geyim dəstləri, qoruyucu maskalar, jurnallar paylanılacaq. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də yaradıcı potensiallarının inkişafına dəstək olmaqdır.
Ankara şəhərindən start götürən “Hədiyyə karvanı” layihəsi 13 iyun tarixinədək davam edəcək. Layihə bu günə qədər Tovuz, Ağstafa, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Ağdam, Tərtər, Bərdə, Ağcabadi, Füzuli, İmişli, Kürdəmir, Mingəçevir şəhərində gerçəkləşdirilib, həmin rayonlardan olan şəhidlərimizin ailələri ziyarət olunmaqla onların övladlarına hədiyyələr paylanılıb. Növbəti günlərdə layihənin Şəki və Balakəndə də həyata keçirilməsi nəzərdə tutulur.
Bu həftə işəgötürənlərin şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştirakının təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında yeni kampaniyaya - “Məşğulluq marafonu”na start verilib. Marafonun məqsədi həmin kateqoriyadan olan vətəndaşların məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına nail olunmasıdır.
Marafona qoşulmaq istəyən hər bir işəgötürən bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər. Həmin vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunacaq. İşsiz və işaxataran şəhid ailəsi üzvləri və qazilərə həmin vakansiyalar üzrə göndərişlər veriləcək.
“YAŞAT” Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdə (mayın 27-nə kimi olan hesabata əsasən) 36 995 025.16 manat vəsait mədaxil olub. Ölkə ərazisində şəhidin ailə üzvləri, habelə yaralı olmaqla ümumilikdə 14 674 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb, (yashat.gov.az saytında) 7011 şəxsin müraciətinin icra olunması üçün öhdəlik götürülüb.
Fondun fəaliyyət istiqamətləri üzrə bu günə qədər 24 169 259.93 məbləğində vəsait xərclənib. Onlardan: məişət şəraitinin yaxşılaşdırılmasına – 3910 şəhid ailəsi üzvü və yaralı; təhsil haqqı – 37 şəhid ailəsi üzvü və yaralı; istehlak kreditlərinin ödənilməsi – 1041 şəhid ailəsi üzvü və yaralı, tibb xidmətlərin ödənilməsi – 1529 şəhid ailəsi üzvü və yaralı.
“YAŞAT” Fondunun hesabatlılığını təmin etmək üçün Yashat.gov.az saytı fəaliyyət göstərir. Bütün xərclər adlı siyahı şəklində ödənişləri təsdiq edən sənədlər və videolarla birgə saytın hesabat bölməsində göstərilir.
Qazilərimizin zəruri tibbi, psixoloji və s. istiqamətlərdə yardımlarla təminatı, sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiya olunmaları, normal həyat tərzinə qaytarılmaları istiqamətində məqsədyönlü işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qazilərin sosial dəstəklə təminatı çevik və genişmiqyaslı tədbirlər həyata keçirilir. Postmüharibə dövründə artıq 23 mindən çox şəxsi əhatə edən bu tədbirlər çərçivəsində ən mühüm fəaliyyət istiqamətlərindən biri də şəhid ailəsi üzvləri və qazilərin məşğulluq məsələlərinin həll olunmasıdır. Son aylarda bu kateqoriyalardan olan 6400-dən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 5 minədək şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb.
Bu gün ölkəmizdə hər kəs torpaqlarımızı işğaldan azad edən, bizə qələbə yaşadan qəhrəmanlarımızın ailələrinə dəstək göstərmək istəyir. Vətən müharibəsi dövründə insanlar ordumuza, əsgərlərimizin ailələrinə yardım etdikləri kimi, məhz “YAŞAT” Fondunun yaradılması sayəsində bundan sonra da şəhid ailələrinə və qazilərə hərtərəfli dəstək göstərə biləcəklər. Bizə qələbə yaşadanları yaşatmaq bizim borcumuzdur!
Nailə Məmmədova