"Formula 1" yarışları möhtəşəmliyi ilə yadda qaldı - SORĞU

 

 

Son illər ölkəmizin dünyada nüfuzunun daha da artması, beynəlxalq miqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi, o cümlədən paytaxt Bakının 2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, Bakı-2015: I Avropa Oyunları, Formula -1 Bakı Qran Prisi, Bakı-2016: Ümumdünya Şahmat Olimpiadası, Bədii Gimnastika üzrə Avropa Çempionatları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, Peşəkar Boks üzrə Beynəlxalq Turnir və sair kimi yarışlara ev sahibliyi etməsi gənclərin həyatında mühüm rol oynayıb. Bununla yanaşı, beynəlxalq əhəmiyyətli idman tədbirlərinin Odlar Diyarında – Bakı şəhərində keçirilməsi Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına səbəb olub. Ötən gün başa çatan Formula -1 Bakı Qran Prisi haqqında idman ictimaiyyətinin nümayəndələri öz fikirlərini SİA-ya bu cür bildiriblər.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov: "Azərbaycanın qalib ölkə olaraq keçirdiyi ilk beynəlxalq yarış fərqli baxışla yadda qaldı. Azərbaycanın ev sahibliyi etdiyi “Formula1” yarışlarının dünyada çox böyük izləyici kütləsi var. Xarici pilotların sözlərindən Azərbaycanın təşkilatçılığı, eyni zamanda Azərbaycan Qran Prisinin təbiiliyi, adrenalin mövcudluğu, qalibin sürpriz olaraq qalması kimi məqamlar yarışı daha da maraqlı edib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, pandemiya dövrünə təsadüf edən yarışların marağı həm də ikiqat çoxdur. Ona görə ki, dünya ictimaiyyəti beynəlxalq idman yarışları üçün darıxıb.

Azərbaycanın bu cür böyük yarışlara hərtərəfli ev sahibliyi etməsi ölkəmizdə bu sahədə çalışanların və idmansevərlərin növbəti uğurudur: “Bütün bunların həm də Azərbaycan iqtisadiyyatına sözün müsbət mənasında təsirsiz ötüşməyəcəyini xüsusi qeyd etmək istəyirəm”.

BŞH Əməliyyat Şirkətinin İşçi Qüvvəsi üzrə Baş koordinatoru Tural Hümbətov: "Bu il "Formula1" Azərbaycan Qran Prisi möhtəşəm keçdi. Çünki trekdə gözlənilməz bir çox hadisə baş verdi. Öncədən hər kəsin qalib olaraq favorit gördüyü iki pilot var idi ki, bunlar Ferstappen və Həmilton idi. Yarışın sonunda bu pilotların heç biri qaliblər sırasında ilk üçlükdə olmadılar. Bütün bu məqamlar yarışı ümumilikdə çox möhtəşəm və gözlənilməz etdi. Ötən gün Azərbaycan Qran Prisi "Twitter"də də trend olub. Azarkeşlər artıq Azərbaycan Qran Prisinin ilin ən yaxşı yarışı kimi seçiblər. Baxmayaraq ki, qarşıda 15-dən çox yarış var.

Ölkədə 2015-ci il Avropa Oyunlarından bu günə kimi böyük yarışlar keçirilməkdədir. Bu cür dünya səviyyəli yarışlar ölkəmizə kadr potensiallı gənclər qazandırır. 2015-ci il Avropa Oyunlarında fəaliyyət göstərən, yarışları təşkil edən xaricilərin sayı daha çox idi. Bu gün “Formula1” və digər beynəlxalq səviyyəli yarışların keçirilməsini artıq yerli mütəxəssislər təşkil edir. Bu, bizim gənclərin inkişafını təmin edir. Eyni zamanda yarışlar çərçivəsində könüllülər proqramı bura daha gəncin cəlb olunmasını özündə ehtiva edir və gənc yaşda insanlara özlərini daha yaxşı inkişaf etdirmək üçün şərait yaradır. Təsadüfi deyil ki, bizim yarışlarda könüllü olanlar sonradan digər ölkələrdə keçirilən beynəlxalq yarışlarda işçi olmaq şansı qazanıblar. Bütün bunlar həm gənclərin aktivliyinin, inkişafının təmin olunması, həm də onların vaxtlarının daha səmərəli sərf olunması üçün imkan yaradır”.

BŞH Əməliyyat Şirkətində işçi qüvvəsi üzrə menecer Atif Qəmbərov: "Beynəlxalq yarışların ölkəmizdə keçirilməsi son illərin uğuru deyil. Biz 2012-ci ildən bu yana bu işlərlə məşğul oluruq. Gənclərin könüllülüyə, idmana həvəslərinin artırılması, idman sahələrində gənclərin daha çox iştirakı kimi məsələlər onların özünü inkişaf etdirməsində mühüm rol oynayır.

Xüsusilə Avropa Oyunlarında bu öz effektini daha çox göstərməyə başladı. Avropa Oyunları tarixdə ilk dəfə keçirilməsilə yanaşı, həm də Azərbaycanın tarixində ilk böyük idman tədbiri idi. Təqribən 20 min nəfərə yaxın könüllü müxtəlif sahələrdə işlədi və bu könüllüləri yığmaq, hazırlamaq böyük enerji, vaxt, resurs tələb edirdi. Biz bu işin öhdəsindən uğurla gəlməklə, gənclərə könüllülüyün nə demək olduğuni geniş miqyasda öyrətdik və tanıtdıq”.

Bundan sonrakı tədbirlərdə artıq gənclər özləri həvəslə könüllü olmağa çalışırdılar. Bu həmin gəclərin özünü inkişafına da böyük töhfələr verirdi. Könüllülər üçün keçirilən təlimlər, dil kursları onlar üçün böyük təcrübə qazandırırdı. Bu isə gələcəkdə onların potensiallı kadr kimi yetişməsinə öz töhfəsini verir və verəcək”.

2021-06-07 / 16:28
Facebook