“YAŞAT” Fondunun hesabatı
Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğının bariz nümunəsi olan “YAŞAT” Fondu öz fəaliyyətini uğurla davam etdirir.
31 may 2021-ci il tarixində 44 günlük Vətən müharibəsində ağır yaralanan daha 7 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazimiz isə 3 iyun 2021-ci il tarixində sağalaraq Vətənə geri dönüb. Hazırda 62 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
1 iyun 2021-ci il tarixində Tovuz “ASAN xidmət” də “Hədiyyə Karvanı” layihəsinin açılış mərasimi keçirilib. Layihə “YAŞAT” Fondunun və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə təşkilatçılığı, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə reallaşdırılır. Layihə çərçivəsində şəhidlərimizin övladlarına müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaq hədiyyələr, idman geyim dəstləri, qoruyucu maskalar, jurnallar paylanılacaq. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də yaradıcı potensiallarının inkişafına dəstək olmaqdır.
Ankara şəhərindən start götürən “Hədiyyə karvanı” layihəsi 13 iyun tarixinədək davam edəcək. Bu çərçivədə ölkəmizin müxtəlif şəhər və rayonlarına səfər ediləcək və həmin rayonlardan olan şəhidlərimizin ailələri ziyarət olunmaqla onların övladlarına hədiyyələr paylanılacaq.
“YAŞAT” Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdə (mayın 27-nə kimi olan hesabata əsasən) 36 995 025.16 manat vəsait mədaxil olub. Ölkə ərazisində şəhidin ailə üzvləri, habelə yaralı olmaqla ümumilikdə 14 607 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb, (yashat.gov.az saytında) 6769 şəxsin müraciətinin icra olunması üçün öhdəlik götürülüb.
Fondun fəaliyyət istiqamətləri üzrə bu günə qədər 23 540 553.41 məbləğində vəsait xərclənib. Onlardan: məişət şəraitinin yaxşılaşdırılmasına – 3771 şəhid ailəsi üzvü və yaralı; təhsil haqqı – 37 şəhid ailəsi üzvü və yaralı; istehlak kreditlərinin ödənilməsi – 1004 şəhid ailəsi üzvü və yaralı, tibb xidmətlərin ödənilməsi – 1319 şəhid ailəsi üzvü və yaralı.
“YAŞAT” Fondunun hesabatlılığını təmin etmək üçün Yashat.gov.az saytı fəaliyyət göstərir. Bütün xərclər adlı siyahı şəklində ödənişləri təsdiq edən sənədlər və videolarla birgə saytın hesabat bölməsində göstərilir.
"YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi də davam edir. Ötən həftə ərzində şəhidlərimiz Rusif Kazımovun övladı Nuranyusifin, Xəqani Fətiyevin övladı Xəqaninin, Elvin Məmmədovun övladı Zəhraxanımın, İbrahim Rüstəmlinin övladı İbrahimin, Əlisahib Ələkbərovun övladı Əlisahibin zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qazilərimizin zəruri tibbi, psixoloji və s. istiqamətlərdə yardımlarla təminatı, sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiya olunmaları, normal həyat tərzinə qaytarılmaları istiqamətində məqsədyönlü işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qazilərin sosial dəstəklə təminatı çərçivəsində də işlər aparılır.
Bu gün ölkəmizdə hər kəs torpaqlarımızı işğaldan azad edən, bizə qələbə yaşadan qəhrəmanlarımızın ailələrinə dəstək göstərmək istəyir. Vətən müharibəsi dövründə insanlar ordumuza, əsgərlərimizin ailələrinə yardım etdikləri kimi, məhz “YAŞAT” Fondunun yaradılması sayəsində bundan sonra da şəhid ailələrinə və qazilərə hərtərəfli dəstək göstərə biləcəklər. Bizə qələbə yaşadanları yaşatmaq bizim borcumuzdur!
Nailə Məmmədova