Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən samboçularımıza DƏSTƏK - "Bu, ədalətsizlikdir və..."

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan millisi Kiprin Limassol şəhərində keçirilən sambo üzrə Avropa çempionatından uzaqlaşdırılıb.

Azərbaycan Sambo Federasiyasından Redaktor.az-a verilən məlumata görə, finalda rusiyalı idmançı ilə qarşılaşan Emil Həsənovun (71 kq) 2:0 hesabı ilə qalib gəlməsinə baxmayaraq, görüşün sonuna 30 saniyə qalmış hakimin səhv qərarı ucbatından uduzub.

"Bundan sonra milli komandamızın məşqçiləri məsələyə müdaxilə ediblər.  Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov özü şəxsən Avropa Sambo Federasiyasının prezidenti ilə birlikdə manitorda təkrara baxıb. Məlum olub ki, həqiqətən də hakim idmançımızla bağlı səhv qərar verib. Bundan sonra bizə təklif etdilər ki, Emil Həsənova kənarda ikinci qızıl medal veriləcək, lakin fəxri kürsüyə rusiyalı idmançı çıxacaq, Rusiyanın dövlət himni səsləndiriləcək. Biz bununla razılşamadıq və bildirdik ki, haqqımız olan qızıl medalı fəxri kürsüdə, 28 May Respublika Günündə dövlət himnimizin səsləndirilməsi, bayrağımızın qaldırılması şərti ilə istəyirik. Razılaşmadıqları üçün samboçularımız yarışlara çıxmaqdan imtina etdilər. Bu səbəbdən də təşkilatçılar Azərbaycan komandasının yarışdan uzaqlaşdırılması barədə qərar çıxarıb", - deyə Azərbaycan Sambo Federasiyasından bildirilib.

"Azərbaycanın idman siyasətinə cavabdeh olan dövlət qurumları Sambo Federasiyasının və idmançılarımızın yanındadır, ortaq hərəkət edirik"

Bu fikirləri isə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib. O qeyd edib ki, baş verənlər samboçularımıza, yığmanın kapitanı və məşqçilərinə, ümumlikdə Azərbaycan Sambo Federasiyasına qarşı ədalətsizlikdir:

"Lakin idman yarışlarında hakim səhvləri olur. Əsas odur ki, biz idmançılarımızın yanındayıq, Sambo Federasiyasına dəstəyimizi əsirgəmirik. Bu baxımdan Avropa Sambo Federasiyasına Azərbaycanın rəsmi etirazı və mövqeyi çatdırılıb. Onlara bildirdik ki, hər hansı diskualifikasiya mümükün deyil. Çünki ortada buna əsas verən heç bir hadisə yoxdur. Bəlli normalar və etik qaydalar var. İdmançımız bunların heç birini pozmayıb. Sadəcə olaraq döşəkdən çıxmayıb ki, bu da qəbul olunmuş etiraz formasıdır.

Azərbaycan sambo ailəsinin üzvüdür, bu idman növünün inkişafında maraqlı olan ölkədir. Birinci Avropa Oyunlarında məhz Azərbaycanın dəstəyi ilə sambo idman növü yarışmaya daxil edilmişdi. Bundan sonra sambo yeni mərhələyə qədəm qoydu. Diskvalifikasiyaya gəlincə, kapitana qarşı ədalətsizliyə haqqlı olaraq digər idmançılarımız da öz etirazını bildirib.

Bu uşaqlar pandemiya dövründə 1 ildən çoxdur məşq edirlər, sözügedən yarışa hazırlaşırlar. Belə ədalətsizlik etmək doğru deyil".

2021-05-29 / 21:42
Facebook