Qələbəni bizə yaşadanları yaşadaq!

 

 

Bir 2 nəfər, ayaqüstə duran insanlar və bunu deyən yazı "QARABAĞ AZORBAYCANDIR T" şəkili ola bilər

Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Məhz bu reallığı nəzərə alaraq, müvafiq vahid platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondu yaradıldı.
“YAŞAT” Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdə (mayın 27-nə kimi) 36 995 025.16 manat vəsait mədaxil olub. Ölkə ərazisində 2 881 şəhidin ailə üzvləri, habelə 3042 yaralı olmaqla ümumilikdə 14 517 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb, (yashat.gov.az saytında) 6441 şəxsin müraciətinin icra olunması üçün öhdəlik götürülüb.
Fondun fəaliyyət istiqamətləri üzrə 22 005 498.92 məbləğində vəsait xərclənib. Onlardan: məişət şəraitinin yaxşılaşdırılmasına – 3391 şəhid ailəsi üzvü və yaralı; təhsil haqqı – 37 şəhid ailəsi üzvü və yaralı; istehlak kreditlərinin ödənilməsi – 972 şəhid ailəsi üzvü və yaralı, tibb xidmətlərin ödənilməsi – 1175 şəhid ailəsi üzvü və yaralı.
Vətən müharibəsindən sonra dünyaya gələn 72 şəhid övladına 1000 manat məbləğində maddi yardım edilib, 37 şəhid övladının adına isə 5.000 manat məbləğində depozit hesabı açılıb.
İndiyədək 89 Vətən müharibəsi qazimiz müayinə, müalicə və reabilitasiya üçün YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib, onlardan 26-sı sağalaraq geri qayıdıb. Bu gün də Türkiyənin Kocaeli, İstanbul və Bursa şəhərlərində qazilərimizin müalicəsi davam etdirilir. "YAŞAT" Fondunun dəstəyilə ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib.
28 fevral, 7 mart 2021-ci il tarixlərində İsraildən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis Azərbaycana gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 156 nəfər şəxs müayinə edilməsi üçün dəvət olunub, müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə müayinə və müalicə edilib.
Martın 10-da Türkiyə Respublikasından dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə ediliblər.
Martın 10-dan 13-nə kimi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib. Səfər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən “Elele” (Əl-ələ), “Eğitim” (Təhsil), “Dayanışma” (Həmrəylik) və “Mehmetçik” (Əsgər) Fondlarında konkret məsələlər ətrafında səmərəli müzakirələr aparılıb, təcrübə mübadiləsi həyata keçirilib. Eyni zamanda, Türkiyə Respublikasında müalicə alan ağır yaralılar ziyarət olunub.
“YAŞAT” Fondunun təşəbbüsü, “Vətən Ulduzları” Fondunun təşkilatçılığı ilə martın 17-si və 18-də 10 şəhid övladı Ankara şəhərində baş tutan “Övladlarımız Tək Ürək” 18 mart şəhidləri Anma və Çanakkale Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunmuş proqramda iştirak ediblər.
Martın 18-dən 21-nə kimi “YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələrinə və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralılara 368 000.00 AZN dəyərində olan 4000 qutu Novruz sovqatı paylanılıb.
Aprelin 16-da dövlət agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq platforması və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.
“YAŞAT” Fondu ilə Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi ilə, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi arasında şəhidlərin övladlarına ödənişsiz, əlilliyi müəyyən edilmiş şəxslərin övladlarına isə 50 faiz güzəştlə təhsil alması məqsədilə niyyət protokolu imzalanıb. Sözügedən təhsil müəssisələrinə şəhid və yaralananların övladlarının qəbul edilməsi üçün imtahanlar davam edir.
“YAŞAT” Fondunun hesabatlılığını təmin etmək üçün Yashat.gov.az saytı fəaliyyət göstərir. Bütün xərclər adlı siyahı şəklində ödənişləri təsdiq edən sənədlər və videolarla birgə saytın hesabat bölməsində göstərilir.
Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğının növbəti təzahürüdür. Sərəncamla 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. O cümlədən bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Onlardan artıq 470-i verilib. Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9670 mənzil və fərdi ev verilib.
Qazilərimizin zəruri tibbi, psixoloji və s. istiqamətlərdə yardımlarla təminatı, sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiya olunmaları, normal həyat tərzinə qaytarılmaları istiqamətində məqsədyönlü işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qazilərin sosial dəstəklə təminatı çərçivəsində də işlər aparılır. Ümumilikdə postmüharibə dövründə icra olunan sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 6 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib. Onlardan 4 666 şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub, 430 nəfərə münasib işlərə göndəriş verilib, 930 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.
25 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu təşkil edildi. Marafonun məqsədi yaralananlara və şəhidlərimizin ailələrinə dəstək məqsədi ilə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır.
Bu gün ölkəmizdə hər kəs torpaqlarımızı işğaldan azad edən, bizə qələbə yaşadan qəhrəmanlarımızın ailələrinə dəstək göstərmək istəyir. Vətən müharibəsi dövründə insanlar ordumuza, əsgərlərimizin ailələrinə yardım etdikləri kimi, məhz “YAŞAT” Fondunun yaradılması sayəsində bundan sonra da şəhid ailələrinə və qazilərə hərtərəfli dəstək göstərə biləcəklər. “YAŞAT” Fondunun yaradılması Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir.
2021-05-27 / 20:37
Facebook